Liturgiya oxunuşları: 15 MAY. Pasxanın IV həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ Həv 13,13-25
Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular. Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin». Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü. Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.
Təfsir
Əbədi həqiqətlər bəzən tarixi faktlarla sıx bağlıdır. Bu, Haqq-Taalanı Öz xalqı üçün etdiyi işlərdən heç vaxt ayırmayan İsrail üçün xüsusilə doğru idi. İsraildə ateizm yox idi, çünki İbrahimdən tutmuş padşahlara və peyğəmbərlərə qədər hamı Allahın onlar üçün nə etdiyini bilirdi. Həvari Paul bu ənənəyə sadiq qalır və həmimanlılarına onların çox yaxşı bildiklərini deyir. Ancaq sonda bir zərbə vurur: padşah Davudun nəslindən biri Vəftizçi Yəhya tərəfindən İsrailin çoxdan gözlədiyi Xilaskar kimi tanınmışdır. İndi seçim edilməlidir: Məsihə aparan müqəddəs tarixə etibar etmək və ya vəhyi rədd etmək, həqiqətdən uzaqlaşmaq və Vəftizçi Yəhyanın peyğəmbərliyini yalan hesab etmək. Bu üsul bizim üçün də işləkdir: biz Allahla şəxsi münasibətdən danışa bilərik, lakin biz həm də Allahın etdiyi böyük işlər haqqında faktlar əsasında danışmaqla xristian şəhadəti verə bilərik. Kilsədə minlərlə müqəddəs şahid var.
İNCİL Yəhya 13, 16-20
Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. 17 Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız. Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: Mən Oyam. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
Təfsir
İsa həvariləri başqalarının ayaqlarını yumağa çağırır. Bu jest özünü hamının xidmətçisi hesab etmək, başqaları üçün yaşamaq, iman şəhadətini etibarlı etmək üçün yerə əyilmək deməkdir. İsa dünyaya qəhrəmanları və ya fövqəltəbii insanları deyil, vaxtlarını İsa haqqında danışmaq, ürəkləri ümidlə işıqlandırmaq, səmaya gedən yolu göstərmək, şər ruhları qovmaq istəyən, qəlbləri məhəbbətlə dolu olan xidmətçiləri göndərir. Bu təvazökar xidmətçilər pul və vəsait olmadan səyahətə çıxdılar və qısa müddətdə bütün dünyanı “fəth etdilər”. Heç bir pastoral planlar, sülh yürüşləri, simpoziumlar və ya teoloji kurslar yox idi, lakin dünya mərhəmətlə dolu olan kişiləri, qadınları, uşaqları və qocaları gördü. Onlar özlərini başqalarının ixtiyarına verirdilər, başqalarına xidmət edirdilər, sevirdilər, Allaha həmdlər oxuyurdular, Rəbbin Dirilməsinə şəhadət vermək üçün canlarından belə keçirdilər. İsa onların böyük sevgisi idi, başqa heç nə eşitmək istəmirdilər. Ancaq Rəbbin onlara dediyini xatırlayırdılar: «Mən sizə qul deyil, dost deyirəm». Onlar özlərini Məsihin dostu kimi hiss edirdilər və bu, onların sevinci idi; başqa heç nə istəmirdilər.