Axtar

2019.06.05 Beata Vergine Madre della Chiesa

Liturgiya oxunuşları: 9 İYUN. Müqəddəs Məryəm, Kilsənin Anası

“Ali-Mələk Cəbrayıl Nazaretdə Məryəmə Müjdəni çatdıranda o dua edirdi. Onun bütün yaradılışı sevindirəcək qısa və ölçüyəgəlməz “Budur, mən Rəbbin quluyam” sözlərindən öncə, xilas tarixində bir çox digər “Budur, mən Rəbbin quluyam” sözləri, güvən dolu itaətkarlıq, bir çox insanın Allahın iradəsinə tabe olmaq niyyəti var idi. Məryəm kimi açıq ürəklə dua etməkdən daha yaxşı bir yol yoxdur: "Ya Rəbb, qoy istədiyin zaman, istədiyin kimi olsun" (Papa Fransisk, Ümumi Audiensiya 18.11.2020).

BİRİNCİ OXUNUŞ Həv 1,12-14

Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir. Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda. İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər.

Təfsir

Məryəmin erkən Kilsədəki rolu əsas idi və Müqəddəs Bakirə bu rolu hər zaman oynayacaqdır. Həvarilər qorxu içində və çaşqın idilər, onlar Müqəddəs Ruhu gözləyirdilər,  sonra nə olacağını bilmirdilər. Məhz bu anda Məsihin Çarmıxdan dediyi “Ana, bu sənin oğlundur” sözlərini eşitmiş İsanın Anası onların yanında oldu. Oğullar analarının hüzuruna ehtiyac duyurdular və o, onların yanına tələsdi. Məryəm onlara mühazirə oxumadı və ya məzəmmət etmir: o, sadəcə dua edir, Müqəddəs Ruhu çağırır və varlığı ilə hamını sakitləşdirir. Deyə bilərik ki, əslində o, Məsihin öldüyünü, hamı tərəfindən tərk edildiyini və dözülməz əzablara məruz qaldığını görüb imanda qalan yeganə insan idi. Belə güclü iman hamımız üçün dayaq oldu, çünki Müqəddəs Məryəm Anamızdır, bizə yol göstərən ulduzumuzdur, etibarlı sığınacağımızdır.

İNCİL Yəhya 19,25-34

İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı. Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı. Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar.  Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.

Təfsir  

Müqəddəs Məryəm simvolik olaraq deyil, həqiqi mənada Kilsənin Anası olur. Bir anda, bir həlledici hərəkətlə, O, Ana olur, çünki Allah olan Rəbb İsa Onu buna təyin edir. Beləliklə, Yeşayanın sirli peyğəmbərliyi yerinə yetirilir: " Belə bir şey eşidən olubmu? Belə şeyləri kim görüb? Bir gündə ölkə yarana bilərmi? Bir anda millət doğula bilərmi? Sion isə ağrısı tutan kimi övladlarını doğdu."(Yrşaya 66, 8). Bütün Allahın Xalqı həmin anda, Çarmıxın ətəyində doğulur: Allahın bütün övladları, Qurban verilmiş Quzunun qiymətli Qanı və Müqəddəs Məryəmin göz yaşları sayəsində Müqəddəs Ruhdan doğulur. Buna görə də Məsihin xilasedici əməlini Müqəddəs Məryəmin duasından ayırmaq mümkün deyil. Aydındır ki, bizim əməkdaşlığımız da tələb olunacaq: xilası qəbul edənlərin və Rəbbin əmrlərini itaətkarlıqla yerinə yetirənlərin saleh həyatı.

06 iyun 2025, 20:52