Liturgiya oxunuşları: 1 OKTYABR. Müq. Tereza de Lizyö
“İsa əməllərin böyüklüyünə, hətta mürəkkəbliyinə deyil, bu əməllərə sövq edən məhəbbətə diqqət yetirir”
Tereza de Lizyö
Müqəddəs Tereza de Lizyö hər kəsə Allaha sevgi və etibara əsaslanan bir yol təklif edərək, xeyirxahlıq, səbir, təvəzökarlıq kimi kiçik, gündəlik fəzilətlərə diqqət yetirməyə çağırırdı. Budur onun seçdiyi “kiçik yol”, ruhani “körpəlik” yolu.
Tereza 1873-cü ildə çox dindar bir ailədə anadan olub. O, erkən yaşlarında rahibə olmaq arzusunu hiss etdi və 15 yaşında Lizyö şəhərinin Karmelit monastırına daxil oldu. Orada o, Allaha tam, hər şeyi əhatə edən güvənə doğru mənəvi yoldan keçdi. Ona “İsanın sevilmək istəyini” dərk etmək lütfü verildi və Tereza bütün gənclik şövqü ilə bu ilahi məhəbbətə cavab vermək istədi. Xilaskarın məhəbbəti onu sınaqların ən sıldırımlı yollarında belə müşayiət edirdi. 1896-cı ildə Terezada sağalmaz vərəmin ilk əlamətləri ortaya çıxdı. Onun “Allahın yoxluğu” ilə bağlı ruhani təcrübəsi daha da dramatik idi. O, böyük mənəvi quraqlığa və imanına qarşı bir çox sınaqlara dözdü. Bu ağır sınaqlara baxmayaraq, o, Rəbbə şükür erməyi bacarırdı və tez-tez təkrarlayardı: "Ah, bütün bunlara dözmək üçün mənə güc verən Allah nə qədər yaxşı olmalıdır!"
O, həmçinin deyirdi: “Həyatım acı deyildi, çünki hər acıda sevinc və şirinlik tapmağı bacarırdım”. O, 30 sentyabr 1897-ci ildə vəfat etdi. Onun həyatı hələ də hamımız üçün böyük bir mayak kimidir. Tereza bizə öyrədirdi ki, "mükəmməl sevgi başqalarının çatışmazlıqlarına dözməkdən, onların zəifliklərinə təəccüblənməməkdən, göstərdikləri ən kiçik fəzilət təzahürlərinə belə sevinməkdən ibarətdir; lakin ən əsası, sevgi qəlbin dərinliklərində qapalı qalmamalıdır." Gənc müqəddəs “Bir ruhun hekayəsi” əsərində düşünmək üçün əvəzolunmaz fikirlər qoyub getdi. Həmin əsərdə Tereza öz insani və ruhani həyat yolundan danışıb.
BİRİNCİ OXUNUŞ Neh 2,1-8
Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim. Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum. Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?» Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim: «Əgər padşaha bu xoş gəlirsə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim». Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkər? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim. Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəlirsə, Fərat çayının qərbindəki torpaqların valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirtsinlər. Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.
Təfsir
Bu oxunuşda Miladdan əvvəl 445-ci ildə Nehemya peyğəmbərlə padşah Artaxşastanın söhbəti təqdim olunur. Padşah Nehemyanın kədərləndiyini görür və bunun səbəbini soruşur. Nehemya açıq şəkildə etiraf edir: “Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?” Peyğəmbər Yerusəlimin dağıdılmasından danışır. Bunu eşidən padşah Artaxşasta mərhəmət göstərir. O, Nehemyaya nəinki Yəhudeyaya qayıtmağa icazə verir, həm də ona Məbədin yenidən qurulmasında kömək edəcək tövsiyə məktubları verir. Nehemya bunda Allahın təqdirini görür. O, başa düşür ki, Uca Allah Ona təvəkkül edənləri tərk etmir. Bəzən biz özümüzü “sürgün” kimi hiss edirik – Allahdan uzaqda, Onun hüzuru əvvəlki kimi aydın şəkildə hiss olunmayanda. Bu hiss bugünkü Cavab Məzmurunun sözləri ilə ifadə olunur: "Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq? Ey Yerusəlim, əgər səni unutsam, qoy sağ əlim qurusun". Gəlin, Nehemya kimi Rəbbdən Onu heç vaxt unutmamaq üçün lütf diləyək. Əgər sadiq olsaq, vaxt gələcək ki, biz yenidən Allahla canlı qarşılaşma yaşayacağıq.
İNCİL Luka 9, 57-62
Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm». İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et». Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım». Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».
Təfsir
Özünüzü məsihçi adlandırmaq kifayət etməz; məsihçi kimi yaşamaq lazımdır. İsa Məsih bunu Onun ardınca getmək istəyənlərin üç xahişinə cavab olaraq izah edir. Xilaskar vurğulayır ki, Onun şagirdi olmaq radikal, güzəştsiz seçim etmək deməkdir. Şagirdlərdən biri deyir: “Sən hara getsən, Sənin ardınca gedəcəyəm”. Bu adam tərəddüd etmədən İsanın ardınca gedəcəyini vəd edir, lakin İsa cavab verir: “Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur”. Bu xəbərdarlıqdır. İsanın ardınca getmək, rahatlığı və zəmanətləri olmayan həyata hazır olmaq, dünyəvi rahatlığı və sabitliyi tərk etmək deməkdir. Başqası deyir: “Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim”. İsa cavab verir: “Qoy ölülər öz ölülərini dəfn etsin”. Bu cavab sərt kimi səslənir, lakin mənası budur ki, Müjdə hətta ən müqəddəs insani vəzifələrdən də üstün olmalıdır. Üçüncüsü deyir: "Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım". İsa deyir: “Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil”. Bu cavab vurğulayır ki, Məsihin ardınca getmək qərarı tam bağlılıq, sayıqlıq və diqqət tələb edir. İnsan eyni vaxtda irəli gedib geridə qalanların fikrini çəkə bilməz. Məsihin ardınca getmək - riskləri qəbul etmək və rahatlıqdan imtina etmək, tərəddüd etməmək və güzəştləri axtarmamaq, dəyərlər sistemimizi Onun dəyərlər sistemi ilə əvəzləmək deməkdir. Bu gün xatirəsini qeyd etdiyimiz Müqəddəs Tereza de Lizyö deyirdi ki, "vacib olan yalnız sevgidir", çünki bütün bu radikalizmin kökündə sərt qanun deyil, sevginin dayanmalıdır.