Liturgiya oxunuşları: 10 SENTYABR. Adi Dövrün XXIII həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Kol 3, 1-11
Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir. Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz. İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.
Təfsir
Həvari Paul Kolosdakı xristianları onların Məsihdə dirilməsinə uyğun gələn yeni həyata çağırır. Paul möminlərə xatırladır ki, onlar “Məsihlə birlikdə dirildildikləri üçün...dünyəvi şeyləri deyil, ucalardakı şeyləri” düşünməlidirlər. Bu o deməkdir ki, imanlıların həyatı Səmada olan Məsihə yönəlməlidir. Xristianlıq sadəcə bir inanc deyil, bütün insanı ehtiva edən daimi bir çevrilişdir. Bu yeni həyatı yaşamaq üçün biz “cismimizin dünyavi olan” hər şeyi “öldürməliyik”: murdarlığımızı, tamahkarlığımızı və pis niyyətlərimizi. Paul bizi “köhnə mənliyimizi və onun əməllərini üzərimizdən çıxarıb yeni mənliyə bürünməyə” çağırır. Bu yeni insan, Allahı dərk etmək vasitəsilə daim yenilənir və getdikcə daha çox İsaya bənzəyir. Bu yeni həyatın əsas məqsədi bir-birinə xidmət etməkdir. Müqəddəs Yəhyanın İncilində İsa bu xidmət haqqında belə danışır: “Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz” (Yəhya 13, 35). Bu məhəbbət Allahın məhəbbəti kimi olmalıdır: biz də hamıya qarşı mehriban olmalıyıq. Beləliklə, xristian olmaq dünyəvi qaydalarla deyil, Rəbbin məhəbbət qanunu ilə yaşamaq deməkdir.
İNCİL Luka 6,20-26
İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir. Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər! Çünki doyacaqsınız. Nə bəxtiyarsınız, ey indi ağlayanlar! Çünki güləcəksiniz. Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb. Amma vay halınıza, ey varlılar! Çünki artıq təsəllinizi almısınız. Vay halınıza, ey indi tox olan sizlər! Çünki aclıq çəkəcəksiniz. Vay halınıza, ey indi gülənlər! Çünki yas tutub ağlayacaqsınız. Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb.
Təfsir
İsa on iki həvarini seçəndən sonra, alçaldılmış və bədbəxt hesab edilənlər üçün xüsusi qayğısını ifadə edərək, “bəxtiyarlıqlardan” danışır. Məsihin Dağdakı Vəzi yoxsulların, acların, ağlayanların və nifrət edilənlərin xatırlanması ilə başlayır: Onun qayğısı ilk olaraq onlara yönəlib. Onların bəxtiyarlığı ondadır ki, Allah onların tərəfindədir və Səmavi Padşahlıq onlara məxsusdur. Bu, adi xoşbəxtlik fikrini kökündən dəyişdirir. Sonra İsa dünyavi məntiqi tamamilə alt-üst edən sözlər söyləyir: “vay halınıza, ey varlılar!.. Vay halınıza, ey indi tox olan sizlər!” O, varlıları lənətləmir, əksinə xəbərdarlıq edir ki, onlar təsəllini artıq bu həyatda alıblar və sadəcə olaraq onların gələcək həyatda ümid edəcəkləri heç nə yoxdur. Bu, yer üzündəki zənginliyin və rahatlığın əbədi qurtuluş üçün ciddi maneə ola biləcəyi haqda güclü bir xatırlatmadır. Rəbb bizi özümüzü xilas edə biləcəyimiz haqda illüziyalara qapılmamağa çağırır. Yalnız Allah insanı xilas edə, onu uğursuzluq və məğlubiyyət hissindən azad edə bilər. Bizim vəzifəmiz Ona təvəkkül və inamla, sevgi və mərhəmət təşnəsi ilə gəlməkdir. Rəbb İsa vəd edir ki, O, Özü sonsuz mərhəməti ilə bu susuzluğu yatıracaq və göz yaşlarımızı qurudacaq.