Axtar

2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 11 SENTYABR. Adi Dövrün XXIII həftəsinin cümə axşamı

“Məhəbbətdən böyük və bəhrəli heç nə yoxdur: o, insana ləyaqətin bütün dolğunluğunu bəxş edir, nifrət və qisas isə onu alçaldır, Allahın surətində yaradılmış xilqətin gözəlliyini ləkələyir” (Papa Fransisk, Rəbbin Mələyi 24.02.2019).

BİRİNCİ OXUNUŞ Kol 3,12-17

Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.

Təfsir

Bu oxunuşda Müqəddəs Paul Kolosdakı xristianları “yeni libaslara”  - onların Məsihdə yeni şəxsiyyətlərini əks etdirən fəzilətlərə bürünməyə çağırı.  Həvari imanlıları xristianların saflığını və ləyaqətini bərpa etməyə çağırır, onların yeni “yeni libaslarına” çevrilməli olan fəzilətləri sadalayır: zəriflik, xeyirxahlıq, təvazökarlıq, həlimlik, səxavət. Bu keyfiyyətlər münasibətləri və qardaş sevgisini yaxşılaşdırmağa yönəlib. Bu fəzilətlər xüsusilə səbir və bağışlamada özünü göstərir: “Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın”. Bağışlamanın ən ali nümunəsi Rəbbin Özüdür. Paul bütün fəzilətlərdən “kamil birliyin bağı olan məhəbbəti” üstün tutur. Bu məhəbbət yuxarıdan gələn müdrikliklə dolmalıdır. Paul deyir: “Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın; bir-birinizi məzmurlarla öyrədin...” Bununla bağlı müq. Yeronimin “Müqəddəs Yazıları bilməməyin Məsihi tanımaz” sözlərini xatırlayaq. Xristian kimi yaşamaq üçün biz daima Allahın Kəlamını öyrənməliyik.

İNCİL Luka  6, 27-38

Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».

Təfsir

Allah - Mərhəmətdir və bu ifadə İsanın bütün təlimlərinin, o cümlədən onun “düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin” çağırışının əsasını təşkil edir. İsa şagirdlərindən bizim üçün etdiklərini etməyi xahiş edir: heç bir qarşılıq gözləmədən sevmək və bağışlamaq. Bizim mərhəmət əməllərimiz Səmavi Atamızın mərhəmətinin əksi olmalıdır. Yəhyanın Müjdəsi bizə xatırladır: “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.” (Yəhya 3, 16). İsa günahlarımıza baxmayaraq dünyanı və hər birimizi sevir. Əslində, o, bizi günahkar olduğumuz üçün sevdi və Golgota çarmıxında bizim üçün canını verdi. Allahın sevgisi qeyd-şərtsizdir. Biz də öz növbəmizdə belə hərəkət etməyə çağırılmışıq, çünki hər bir insan Allahın surətində və bənzərində yaradılmışdır və Onun gözəlliyinin möhürünü daşıyır. Hər şeyə rəğmən sevmək ümidin ən böyük təzahürüdür. Bu, ən pis insanda belə böyüyə bilən yaxşılıq zərrəsi olduğuna inama əsaslanır. Düşmənlərimizi sevməklə biz bu yaxşılığa özünü göstərmək şansı veririk.

11 sentyabr 2025, 10:23