Axtar

2019.09.12 festa del Santo Nome di Maria (mosaico di P. Rupnik sj

Liturgiya oxunuşları: 12 SENTYABR. Mübarək Məryəmin Adı

“Hər ağac meyvəsi ilə tanınır: insana gəldikdə meyvə - onun əməlləri və sözləridir. Pis söz, qeybət dağıdıcıdır, müharibələr onlarla başlayır. Gəlin fikirləşək: biz başqaları haqqında pis danışıraq, onlar haqqında pis təəssürat yaratmağa çalışırıqmı? Həqiqətənmi, başqalarının nöqsanlarını öz nöqsanlarımızdan daha asan görürü? Çalışaq, az da olsa, düzələk. Bu hamı üçün faydalı olar” (Papa Fransisk, 03.03.2019).

Bir çox müqəddəslər kədər və çətinliklər zamanı Müqəddəs Məryəmə müraciət etməyi tövsiyə edirlər. “Təhlükə, kədər, şübhə zamanı Məryəmi düşünün, Məryəmi çağırın. Qoy Məryəm heç vaxt dodaqlarınızdan düşməsin, ürəyinizi tərk etməsin”, deyə Klevorlu Müqəddəs Bernard yazırdı. ". İsveçli Müqəddəs Brigitta üçün “Məryəmin adı mələklər üçün şirin, cinlər üçün isə dəhşətl” idi. Müqəddəs Bonaventura üçün o, alov sütununa bənzəyir, çünki “mum alovdan əridiyi kimi, cinlər də Məryəmin adını tez-tez xatırlayan, onu ehtiramla çağıran və səylə Məryəmi təqlid etməyə çalışan insanların qarşısında güclərini itirirlər”. Müqəddəs Alfons Mariya de Liquori demişdir: “Cəhənnəmlə döyüşlərdə həmişə Məryəmin gözəl adını çağıran şəxs nə bəxtiyardır!” Məryəm adının mənası ilə bağlı onlarla təfsir var, lakin onların hamısı bir və ən vacib məsələdə həmfikirdir: Məryəmin adını ehtiramla çağıranlar üçün o, qurtuluş mənbəyidir.

BİRİNCİ OXUNUŞ 1 Tim 1,1-2.12-14

Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun! Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi. Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim. Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.

Təfsir

Müqəddəs Paul, şagirdi Timoteyə müraciət edərək, Allahın dəyişdirən mərhəməti ilə bağlı şəxsi təcrübəsini bölüşür. Həvari Məsih İsaya təşəkkür etməklə başlayır: Rəbb onu “sadiq sayıb Öz xidmətinə təyin etdi”. Bu səmimi minnətdarlıq xüsusilə dəyərlidir, çünki Paul əvvəllər kim olduğunu çox yaxşı xatırlayır: “küfr edən, təqibçi və söyüşkən”. Onun keçmiş həyatı indiki xidmətinin tam əksi idi. Həvari vurğulayır ki, ona “ehsan edilib”, çünki o, nə edibsə, “cahillik və imansızlıq üzündən” edib. O, Rəbb İsanı tanımırdı, lakin Məsih Özü onun həyatına daxil oldu və ona mərhəmətini göstərdi. Beləliklə, Paulun həyatı İsaya iman edəcək və əbədi həyata qovuşacaq hər kəs üçün canlı nümunə oldu. “Millətlər həvarisinin” bütün həyatı İncilin təbliğinə çevrildi; o, təqibçidən müjdəçiyə çevrildi. Beləliklə, bu oxunuşun əsas ideyası təkcə inanmağa çağırış deyil, həm də Allahın insanın həyatını necə tamamilə dəyişdirə biləcəyini, onu düşməndən sadiq quluna çevirə biləcəyini göstərməkdir.

İNCİL Luka  6, 39-42

İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi?  Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.

Təfsir

İsa, Onu dinləyənlərdən soruşur: “sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən?” Bu sözlərdəki metafora göstərir ki, biz özümüzə qarşı mülayim və başqalarına qarşı son dərəcə sərt olmağa meyilliyik. Öz üstünlüyümüzə əminlik bizi tez-tez başqalarının kiçik "çöpləri" görməyə vadar edir, öz nəhəng "tirlərimizi" isə görməyə tələsmirik.  Öz səhvini etiraf etməkdənsə, barmağın ilə başqalarını göstərmək daha asandır. Bu o demək deyil ki, biz başqalarını islah etməməliyik, lakin bunu qınamaqla deyil, İsanın nümunə göstərdiyi mərhəmətli məhəbbətlə etməliyik. Beləliklə, bu oxunuşdan götürməli olduğumuz əsas dərs başqalarını mühakimə etməzdən əvvəl öz günahlarımıza diqqət yetirməkdir. Əgər kimisə düzəltməliyiksə, bunu həlimliklə, təvazökarlıqla və məhəbbətlə edək.

12 sentyabr 2025, 12:29