Liturgiya oxunuşları: 14 SENTYABR. Müqəddəs Çarmıxın Ucaldılması
Bu gün Kilsə tarixi dəyişdirən və hər bir insanın ürəyinə danışmağa davam edən xilas rəmzi olan Rəbbin Çarmıxının Ucaldılmasını qeyd edir. Çarmıx təkcə Məsihin əzablarının əlaməti deyil, həm də Allahın həqiqi mahiyyətini aşkar etdiyi yerdir: O, ölçüyəgəlməz dərəcədə, tam fədakarlıq dərəcəsinə qədər sevən Atadır. Çarmıx insanların əzablarına qədər əyilən Allahın həqiqi simasını seyr etməyə imkan verir. Kardinal Komastrinin sözləri ilə desək, "Allahın külli-ixtiyarlığı - məhəbbətin külli-ixtiyarlığıdır. İsanın Çarmıxında Allah haqqında hər şeyə qadir, qarşısıalınmaz, məhv edən və cəzalandıran bir qüvvə və hakimiyyət kimi təsəvvürlərimiz tam olaraq çarmıxa çəkildi." Həqiqi külli-ixtiyarlıq - sevgi uğrunda şəhidliyə hazır olmaqdır. Çarmıxa çəkilmiş Məsihi seyr edəndə görürük ki, tarix hadisələrin mənasız silsiləsi deyil, azadlıq tarixidir. Həyat ənamında yerinə yetirilən məhəbbət hamının eşitməsi üçün bəyan edir: elə yer və ağrı yoxdur ki, orada sevmək mümkün olmasın; elə bir vəziyyət yoxdur ki, o sevmək üçün bir fürsət olaraq yaşana bilməsin.
BİRİNCİ OXUNUŞ Say 21,4b-9
Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik». O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.
Təfsir
Sentyabrın 14-də qeyd olunan Müqəddəs Çarmıxın Ucaldılması Bayramı o qədər vacibdir ki, adi Rəbb günü İncil oxunuşu silsiləsindən üstündür. Bu ənənə Yerusəlimdə imperator Konstantinin anası Müqəddəs Yelenanın təşəbbüsü ilə tikilmiş Dirilmə kilsəsinin (Müqəddəs Qəbir) təqdis edildiyi 335-ci ildən başlayır. Rəvayətə görə, həqiqi Həyat verən Xaçı məhz o tapdı. Bu bayramın mənasını izah etmək üçün Kilsə Saylar Kitabından bir hekayə təqdim edir. Səhrada olan israillilər deyinməyə başladılar və cəza olaraq zəhərli ilanların hücumuna məruz qaldılar. Xalq peşman olanda Allah Musaya deyir: “Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın”. Bu tunc ilan ilə Məsihin Xaçı arasında birbaşa əlaqə var: dirəkdə olan tunc ilan israillilər üçün ölümdən xilas olduğu kimi, İsanın Xaçı da bütün bəşəriyyət üçün həyat mənbəyi oldu. Bu gün biz qəddarlığı və əzab-əziyyəti deyil, Allahın Qolqotada Özünü qurban verməsində aşkar olunan məhəbbətini tərənnüm edirik. Xaç işgəncə aləti deyil, Xilaskarın bizə həyat bəxş edən ölçüyəgəlməz sevgisinin simvoludur.
İKİNCİ OXUNUŞ Flp 2, 6-11
Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Təfsir
Müqəddəs Paul Filipililərə məktubunda izah edir ki, Xaç məğlubiyyət simvolu deyil, Allahın məhəbbətinin və təvazökarlığının ən yüksək ifadəsidir və bu, Onun izzətlənməsinə səbəb olmuşdur. Məsih, “Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.” Bu, İsanın radikal təvazökarlığını göstərir. O, insan olmaq və Çarmıxda ölmək üçün Öz ilahi əzəmətini tərk etdi. Buna görə “Allah Onu çox ucaltdı”. Xaç təkcə əzab deyil, Məsihin izzətlənməsinə səbəb olan könüllü sevgi aktıdır. Xaç boyun və ya divar bəzəyi deyil, bizim xristian şəxsiyyətimizin güclü simvolu, Allahın sonsuz məhəbbətinin və bağışlamasının əlamətidir.
İNCİL Yəhya 3,13-17
Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun». Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.
Təfsir
İsrailin müəllimi Nikodim gecə İsanın yanına gəlir. Burada müəyyən bir simvolizm var: Nikodim gecədən həqiqətin işığına doğru gedir. İsa Özünü ona “göydən enmiş” yeganə şəxs kimi təqdim edir və deyir ki, Musa səhrada ilanı qaldırdığı kimi, O da “qaldırılacaq” (burada biz birinci oxunuşa istinad görürük). Yəhyanın İncilində “qaldırılmış” sözü “izzətlənmiş” deməkdir. İsa üçün bu izzət Çarmıxda rüsvayçı ölüm vasitəsilə baş verəcək. Beləliklə, məğlubiyyət kimi görünən Çarmıx əslində Onun izzətinin kulminasiya nöqtəsidir. Məsih Ona iman edənlərin əbədi həyatı üçün Özünü qurban verir. İsa dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldi. Çarmıxın ucaldılması bayramı möminlər üçün sadəcə bir simvol deyil, Allahın nəzərində nə qədər dəyərli olduğumuzu dərk etməyə çağırışdır. Rəbb İsa bizə olan ölçüyəgəlməz məhəbbətini sübut etmək üçün Çarmıxa getməyə hazır idi.