Liturgiya oxunuşları: 15 SENTYABR. Kədər Anası Mübarək Məryəm
Allahın Əqdəs Validəsi öz əzabının İsanın Çarmıxı ilə birləşməsinin sirrini xüsusi bir şəkildə yaşadı və göstərdi ki, böyük və ya kiçik ağrı və çətinliklər bizi özümüzə çəkilməyə məcbur etməməlidir. Əzabların dirilməyə apardığını başa düşsək, bu, İsaya və qardaşlarımıza yaxınlaşmağın bir yolu ola bilər. Kədər Anası Məryəm, sınaq saatlarımızda heç vaxt tək olmadığımızı xatırladır. O, ölümündən əvvəl Oğlu İsadan aldığı tapşırığı yerinə yetirir və hər birimizi ana kimi qoruyur. Biz əmin ola bilərik ki, dərdimizə biganə olmayan, bizimlə səmimi şəkildə həmrəy olan birisi var. Məryəmdə biz təsəlli və güc tapırıq. Kədər Anası Məryəmin xatirəsi imanlıları xilas tarixinin bu həlledici anı haqda düşünməyə və Çarmıxda Ucaldılmış Oğlunun Əzabları ilə birləşmiş və Ona yaxın olan Anaya ehtiram etməyə dəvət edir. Məryəm Oğulun məktəbində böyüməyimizə hamıdan çox kömək edə bilər. O, Çarmıx anına qədər sadiq qaldı və bu sədaqət onun üçün daxili şəhidlik oldu, necə ki Şimeon ona demişdir: " Sənin köksünə isə sanki qılınc saplanacaq". Xalq təqvası mənşəli olan bu xatirə günü Roma liturgiya təqviminə 1814-cü ildə Papa VII Piyus tərəfindən daxil edilmişdir.
BİRİNCİ OXUNUŞ İbr 5,7-9
Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi.
Təfsir
Müqəddəs Çarmıxın Ucaldılması bayramından bir gün sonra, Kilsə Kədər Anası Mübarək Məryəmin xatirəsini qeyd edir. İsa Ataya “böyük fəryad və göz yaşları ilə dua edib yalvararkən”, Anası “Çarmıxın yanında dayanırdı”. O, Qolqotaya gedən yolda Onu tərk etmədi və indi də bizi, əzablarımız zamanı, tərk etmir. Allah Öz Oğlunu eşitdiyi kimi, Məryəm də Allahın vədlərinin yerinə yetiriləcəyinə inanır. O, bizimlə qalır ki, biz həyatın ağrılarından keçərək həqiqi Həyatı tapa bilək. Məryəm öz nümunəsi ilə göstərir ki, biz problem və çətinliklərdə heç vaxt tək deyilik. O, bizə əminlik verir ki, hətta ən çətin vəziyyətlərdə belə onun ana qayğısı və şəfaətində həmişə rahatlıq tapa bilərik.
İNCİL Yəhya 19,25-27
İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.
Təfsir
Bu qısa İncil oxunuşu ilk növbədə İsanın Çarmıxda tək olmadığını bildirir. Onun yanında təkcə düşmənlər, əsgərlər deyil, həm də dostluq və qohumluq telləri ilə Ona bağlanan yaxın insanlar dayanır. Çarmıxın ətəyində mühüm bir hadisə baş verir: ölüm ayağında olan İsa Anasını şagirdinə əmanət edir və deyir: “Budur, sənin oğlun” və sonra şagirdə dönüb: “Budur, sənin Anan!” deyir. Bu, təkcə şəxsi tapşırıq deyil. İsa deyir ki, Onun Anası, biz onu həyatımızın “evinə” qəbul etdiyimiz anda bizim Anamız olur. Məryəm Anamız olduqda, bütün digər insanlar bizim qardaş və bacılarımız olurlar. Kənardan təsəllisiz faciə məkanı kimi görünən Qolqota Çarmıxı əslində yeni bəşəriyyətin, sərhədsiz, fədakar sevgiyə əsaslanan yeni ailənin mənbəyinə çevrilir. Gəlin, Kədər Anası Məryəm kimi, Çarmıxın yanında dayanaq, çünki oradan yeni həyat gəlir və orada Anamız bizi heç vaxt tərk etməyəcək.