Liturgiya oxunuşları: 16 SENTYABR. Adi Dövrün XXIV həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ 1 Tim 3,1-13
Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir. Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır. Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır. Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır. Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər? Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər. Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın. Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır. İman sirrini təmiz vicdanla saxlamalıdırlar. Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər. Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar. Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər. Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.
Təfsir
Bu oxunuşda Müqəddəs Paul kilsə xidməti üçün zəruri olan keyfiyyətləri təsvir edir və vurğulayır ki, bu çağırış təkcə arzu deyil, həm də qüsursuz həyat tərzi tələb edir. Həvari, xidmət arzusunun (yepiskopluq) Müqəddəs Ruhdan ilham alan “yaxşı iş” olduğunu söyləməklə başlayır. Beləliklə, Kilsədə xidmət etmək istəyi özlüyündə yaxşıdır. Ancaq tək istək kifayət deyil. Paul xidmətçinin malik olmalı olduğu xüsusiyyətləri sadalayır: o, “qüsursuz”, yəni hər şeydə düzgün olmalı və yaxşı nümunə göstərməlidir. Özünə hakim olmalı, yeməkdə və danışıqda mötədil olmalı, başqalarını öyrətmək üçün hazır və savadlı olmalıdır. Bu keyfiyyətlər, həvari yazır, əməldə sınaqdan keçirilməlidir. Namizədlər “...əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər”. Qayda təkcə yepiskoplara deyil, həm də diakonlara və hətta qadın xidmətçilərə də şamil edilir və bu, hər bir radikal həyat qərarının konkret şəhadət tələb etdiyini göstərir. Paul belə nəticəyə gəlir ki, xidməti layiqincə yerinə yetirənlər «özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar».
İNCİL Luka 7,11-17
Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!» Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər. İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
Təfsir
Yeganə oğlunu itirən Nainli dul qadınının kədərini görən İsa mərhəmət göstərir. Onun səssiz kədərindən çəkinmir, amma səmimi qəlbdən ona yazığı gəlir. Rəbb uzun-uzadı xütbələr vermir, ancaq iki kəlmə deyir: “Ağlama”. Bu, Onun dərin şəfqətini və bədbəxt ananın ağrısını bölüşməyə hazır olduğunu göstərir. Sonra İsa ölmüş gəncə tərəf dönür: «Ey cavan oğlan, sənə deyirəm, qalx!» Və dərhal ölü ayağa qalxır. Bu, ölümün və göz yaşlarının həyatımızda son sözə sahib olmaması haqqında "ümid nəğməsinə" bənzəyir. İsa bizə də qarşı şəfqətlidir. O, ümidsizlik qəlbimizdə divarlar hörəndə, bizi başqalarından təcrid edəndə mərhəmət göstərməkdən, ümid verməkdən yorulmur. Məsih bizim kədərimizə nüfuz etməyə və bəzən gözləmədiyimi, tamamilə yeni bir ümid verməyə hazırdır. Bizə yalnız uşaq səmimiyyəti ilə Onun mərhəmətinə açıq olmaq gərəkir.