Liturgiya oxunuşları: 18 SENTYABR. Adi Dövrün XXIV həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ 1 Tim 4,12-16
Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol. Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol. Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə. Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun. Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.
Təfsir
Müqəddəs Paul gənc şagirdi Timoteyə nəsihət verir, onu yaşına və ya mövqeyinə görə deyil, öz həyatının nümunəsi ilə hörmət qazanmağa çağırır. Paul Timoteyə yazır: « Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın». Hörmət qazanmaq üçün rütbəyə arxalanmaq lazım deyil: yetər ki, sözdə, davranışda, sevgidə, imanda, saflıqda imanlılara nümunə olasan. Belə bir nümunə olmaq üçün Paul Timoteyi daim öz üzərində işləməyə təşviq edir. Timotey, özünü Müqəddəs Yazıları oxumağa, nəsihətlərə və təlimlərə həsr etməli və əllərinin qoyulması ilə aldığı unikal, müqəddəs ənama qarşı laqeyd olmamalıdır. Bu ənam qorunmalı və gidalandırılmalıdır, çünki xidmət üçün güc verən məhz budur. Paul öz nəsihətini güclü bir çağırışla bitirir: « Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən». Bu onu göstərir ki, şəxsi ruhani inkişaf və öz çağırışına sədaqət təkcə bizim öz xilasımıza deyil, həm də bizi dinləyənlərin xilasına səbəb olur.
İNCİL Luka 7,36-50
Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi. İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi. Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər». Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».
Təfsir
Bu oxunuşda İsa günahkar qadının hekayəsindən istifadə edərək, həqiqi imanın mühakimədə deyil, məhəbbətdə təzahür etdiyini göstərir. Dünən biz insanların İsanın sözlərinə laqeyd münasibəti haqda düşünürdük. Bu gün biz görürük ki, günahkarlar, əksinə, Rəbbin mesajının məzmununa daha açıqdırlar. Günahkar qadın ağlayaraq göz yaşları ilə İsanın ayaqlarını yuyur. O, bunu günahları artıq bağışlandığı üçün deyil, İsaya qarşı dərin sevgi və minnətdarlıq hiss etdiyi üçün edir. İsanı dəvət edən farisey daxilən Onu qınayır və öz-özünə deyir: “axı bu qadın günahkardır” Sonra Rəbb onun ürəyini görüb iki borclu haqqında məsəli danışır. Birinin çox, digərinin isə az borcu vardı. Hər ikisinin borcları bağışlandıqda, daha çox borcu olan daha çox sevdi. Beləliklə, Məsih fəriseyə mühakimənin insanı məhəbbəti görmək qabiliyyətindən məhrum etdiyini göstərir. İsa fariseyə deyir: «bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir». Bu ifadə mühüm həqiqəti dərk etmək üçün açardır: xilas edən günahın yoxluğu deyil, sevgi və imandır. İsa qadına deyir: “İmanın səni xilas etdi. Arxayın get”. Bu, zahirə deyil, insanın qəlbinə baxmağa çağırışdır.