Liturgiya oxunuşları: 19 SENTYABR. Adi Dövrün XXIV həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ 1 Tim 6, 2-12
Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır. Bu şeyləri öyrət və nəsihət ver. Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə, o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır; pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir. Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir. Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik. Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər. Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get. İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin.
Təfsir
Müqəddəs Paul Timoteyi imanla deyil, tamahkarlıqla hərəkət edən yalançı müəllimləri ifşa etməyə çağırır. Həvari öyrətdiyi təlimdən fərqlənən təlimləri yayan insanları qürurdan kor, cahil və boş mübahisələrin aludəçisi sayaraq onlara qarşı xəbərdarlıq edir. Bu insanlar imanı ancaq qazanc mənbəyi kimi görürlər. Paul tamahkarlığa xüsusi önəm verir, pul sevgisini “bütün şərlərin kökü” adlandırır. Bu şərdən yeganə qurtuluş – qəbul edilən imandan möhkəm yapışmaqdır. Paul Timoteyə aydın nəsihətlər verir: “İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut”. Əsas məqsəd budur.
İNCİL Luka 8,1-3
Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi. Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm, Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər.
Təfsir
Lukanın İncilində İsanın ardınca gedən qadınların adı çəkilərək, onların Allaha xidmətdə xüsusi rolu vurğulanır. Luka qeyd edir ki, Rəbbi təkcə on iki həvari deyil, həm də "şər ruhlardan və xəstəliklərdən şəfa tapmış" bəzi qadınlar da müşayiət edirdi. Onlar Məsihin bütün səyahəti boyunca Onunla qaldılar və bir çox şagirdlərdən fərqli olaraq Onu tərk etmədilər. Qolqota da daxil olmaqla, axıra qədər Onun yanında olan qadınlar idi. Dirilmiş Məsihi ilk görən məhz qadın, Məcdəlli Məryəm idi. Bu xoş xəbəri həvarilərə çatdıran da o idi. Bu səbəbdən onu “həvarilərin həvarisi” adlandırırlar. Bugünkü İncil oxunuşu bizi qadınların həm cəmiyyətdə, həm də Kilsədə dəyəri və rolu üzərində düşünməyə çağırır. Bu, kişilər və qadınlar arasındakı fərqləri yox etmək deyil, əksinə, hər birinin ənamlarını ədalətli şəkildə dəyərləndirmək və müxtəliflikdə birliyə nail olmaqdır.