Liturgiya oxunuşları: 21 SENTYABR. Adi Dövrün XXV RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Amos 8,4-7
Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”. Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”.
Təfsir
Amos peyğəmbər ictimai şər və yalan əleyhinə çıxış edir və onun sözləri bu gün də bizim üçün aktual bir məzəmmət olaraq qalır. Peyğəmbər yoxsullara zülm edənləri, məzlumları məhv edənləri məzəmmət edir. O, hətta müqəddəs gündə də vicdansızlıqla məşğul olan, insanları yalançı çəkilərlə, saxta ölçülərlə aldadan varlıları qınayır. O, təqvalı kimi görünən, lakin gizli şəkildə insanları soyanların ikiüzlülüyünü tənqid edir. Amosun çağırışı müasirlərinə ünvanlansa da, bu gün də aktuallığını qoruyur və bizi başqaları ilə münasibətlərimizdə öz dürüstlüyümüzü nəzərə almağa sövq edir. Rəbb Allahın " onların bütün işlərini heç vaxt” unutmayacağına dair xəbərdarlıq, hər bir haqsızlığa bir gün cavab verəcəyimizi vurğulayır. Allah həmişə məzlumun, tərk edilmişin tərəfini tutur: “Rəbb bütün millətlərdən ucadır... O, yoxsulları toz-torpaqdan qaldırar, fəqirləri küllükdən çıxarar. Onları əsilzadələrlə, öz xalqının əsilzadələri ilə yanaşı oturdar.” (Məzmur 113, 4.7-8). Bu, zülmə məruz qalanlar üçün təsəlli, zülm edənlər üçün isə xəbərdarlıqdır.
İKİNCİ OXUNUŞ 1 Tim 2,1-8
Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır. O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir. Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum. Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər.
Təfsir
Müqəddəs Paul Timoteyin başçılıq etdiyi icmanı istisnasız olaraq bütün insanlar, o cümlədən padşahlar və hakimiyyət sahibləri üçün dua etməyə çağırır. İlk baxışdan bu, dünyəvi hakimiyyətə təslimiyyət kimi görünə bilər, lakin əsl məna başqadır. Həvari izah edir ki, belə duanın məqsədi “möminlik və ləyaqətlə sakit və rahat ömür” sürməkdir. Hökmdarlar üçün dua, onların düzgün qərarlar qəbul etmələrini və firavan həyat üçün şərait yaratmalarını təmin etmək məqsədi daşıyır ki, “bütün insanlar xilas olub həqiqəti dərk etsinlər”. Bu çağırış bu gün bizə də ünvanlanıb. Biz hökmdarlar və məsuliyyət daşıyanların hamısı üçün "qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb”. Bu o deməkdir ki, duamız kin və mübahisələrdən azad qəlbdən gəlməlidir.
İNCİL Luka 16, 1-13
İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”. İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”. Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?” O “yüz bat zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”. Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”. Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız. Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz».
Təfsir
Öz məsəlində İsa etibarsız idarəçini əyriliyinə görə deyil, fərasətinə və tez qərar vermək bacarığına görə tərifləyir. İdarəçi israfçılıqda ittiham olunur və tezliklə vəzifəsini itirəcəyini anlayır. Daha nə edəcəyini bilməyən o, məharətli bir plan qurur: borcluların rəğbətini qazanmaq üçün onların ağasına olan borclarını azaldır. Ağası onu fərasətinə görə tərifləyir. İlk baxışdan ağa yalanı bəyənən kimi görünür. Lakin, idarəçinin “fərasəti” onun günahını vaxtında dərk etməsində və vəziyyəti düzəltmək və özünü dəyişmək cəhdindədir. Sonda İsa deyir: “Siz həm Allaha həm də sərvətə qulluq edə bilməzsiniz”. Oxunuş bizi Allahın ənamlarını idarə etməkdə səhvlərimizi etiraf etmək və hər şeydə İncilin əmrlərini rəhbər tutmaq üçün kifayət qədər təvazökar olub-olmadığımızı düşünməyə dəvət edir. Odur ki, biz də ruhani məsələlərdə etibarsiz idarəçinin dünyəvi işlərdə olduğu kimi müdrik və qətiyyətli olmalıyıq. Yalnız Allaha qulluq etmək üçün səhvlərimizi vaxtında dərk edib həyatımızı dəyişməliyik.