Liturgiya oxunuşları: 28 SENTYABR. Adi Dövrün XXVI RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Amos 6,1a. 4-7
Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar. Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, yataqlarda uzanıb, sürüdəki quzulardan, axurun yanındakı danalardan götürüb yeyənlər! Çəng çalıb bədahətən oxuyanlar, guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, piyalə-piyalə şərab içənlər, bədənlərinə əla yağlar sürtənlər, lakin Yusif nəslinin qırğınına görə narahat olmayanlar! Bundan ötrü indi sürgünə başda siz gedəcəksiniz.
Təfsir
Amos peyğəmbərin kitabından bu hissə bugünkü İncil oxunuşunu başa düşmək üçün açardır. Bu Əhdi-Ətiq mətnində peyğəmbər dəbdəbəli və qayğısızlıq içində yaşayanlara sərt məzəmmət edir. Amos bu gün çox cəlbedici olan iki həyat tərzini pisləyir: qayğısızlıq və yalançı təhlükəsizlik hissi. Bu, başqalarına sülh və təsəlli gətirmək əvəzinə şəxsi rifaha yönəlmiş xəyali rahatlıq axtarışıdır. Allah biganəliyi və xudbinliyi sərt şəkildə pisləyir. Yalnız öz rahatlığını axtaran, başqalarının əzabına biganə qalanlar sonda hər şeyi itirəcəklər. Bu, xüsusən də imtiyazlı vəziyyətdə olanlar üçün tövbə çağırışıdır. Digər tərəfdən, peyğəmbər yoxsullara və məzlumlara təsəlli verir. Allah onları unutmayıb. Onların səssiz fəryadını eşidir. Bunu Məzmurun sözləri təsdiqləyir: “Ey könlüm, Rəbbə həmd et! Odur əbədi sadiq qalan. O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur”. Beləliklə, bu birinci oxunuş həm qayğısız həyat sürənlərə xəbərdarlıq, həm də əziyyət çəkənlərə təsəllidir. O, birinciləri çox gec olmadan tövbə etməyə, ikinciləri isə ruhdan düşməməyə çağırır, çünki Rəbb həmişə yaxındır.
İKİNCİ OXUNUŞ 1 Tim 6,11-16
Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get. İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki, Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et. Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.
Təfsir
Həvari Paulun Timoteyə məktubundan olan bu hissə əzmkarlığa və sədaqətə çağırır. Birinci oxunuşun və İncilin mövzuları ilə birbaşa əlaqəli olmasa da, onun ideyaları onları gözəl şəkildə tamamlayır. Paul “Allah adamı” Timoteyi imanda möhkəm olmağa təşviq edir. Həvari inkişaf edilməli olan fəzilətləri sadalayır: “Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get”. Bu keyfiyyətlər bütün məsihçilər üçün vacibdir, lakin xüsusilə Məsihin ardınca getməyi və Ona xidmət etməyi seçənlər üçün vacibdir. Müq. Paul belə bir seçimin asan olmayacağını göstərir. Bu, əsl mübarizədir: “İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut... Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et”. Bu nəsihətlər hər bir xristian üçün aktualdır. Biz bu dünyanın hiylələrinə boyun əyməməliyik; Vəftiz Sirrinin dəyərli ənamını səylə qoruyub saxlamalı, onu dua və mərhəmət ilə gücləndirməliyik. Əgər biz bu ruhani göstərişlərdən imtina etsək, özümüzü Amos peyğəmbərin qınadığı, təmtəraq və qayğısızlıq içində yaşayan insanlar arasında görəcəyik. Seçim bizimdir. Hansı yolu tutacağımıza biz qərar verməliyik.
İNCİL Luka 16, 19-31
Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”. Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”».
Təfsir
Lazar və varlı adam məsəli sadəcə varlıları qınamaq məqsədini daşımır. O, yoxsullar hesabına varlanan və onların əzab-əziyyətinə məhəl qoymayanları mühakimə edir. Bu, məsuliyyət və mərhəmət çağırışıdır. Məsəl varlı adamın təsviri ilə başlayır, lakin onun adını çəkmir, bu isə anonimliyin və kimlik yoxluğunun rəmzidir. Onun şəxsiyyəti yalnız var-dövləti ilə müəyyən edilir ("O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi"). Varlıdan fərqli olaraq kasıbın adı tanınır. Bu, Lazarın ləyaqətini və onun sadəcə olaraq "dilənçi" deyil, həyat hekayəsi olan bir insan olduğunu vurğulayır. Ölümdən sonra hər şey dəyişir. Lazar cənnətə, varlı isə əzab çəkməyə gedir. Varlı adam əzab çəkərək nəinki Lazarı tanıyır, həm də onu adı ilə çağırır. O, bir xahişlə ona müraciət edir, lakin bunu yalnız özü köməyə ehtiyacı olanda edir. Bu məsəl vasitəsilə Rəbb qarşılaşdığımız insanlara dair məsuliyyətimizi vurğulayır və bu, bizi düşündürməlidir: biz başqalarını “qardaş və bacılarımız” kimi qəbul edirikmi, yoxsa onları görməməyə üstünlük veririk? Bu məsəl hər kəsi gözləyən hökmün qaçılmaz olduğunu xatırladır. Başqalarının ehtiyaclarına olan münasibətimiz əbədi taleyimizi müəyyən edən həlledici amildir.