Axtar

2019.09.30 San Girolamo -o Gerolamo- Sacerdote e dottore della Chiesa

Liturgiya oxunuşları: 30 SENTYABR. Müq. Yeronim, Kilsə müəllimi

“İsa Yerusəlimə səyahətində təkdir və O, axıra qədər tək qalacaq. Buna qorxudan qaçmış şagirdləri və Peterin xəyanətini əlavə edək. Buna baxmayaraq, Rəbb həmişə irəli getməkdə qərarlıdır. Gəlin bu gün bir neçə dəqiqə Çarmıxın qabağında keçirək ki, Məsihin Yerusəlimə doğru qətiyyətlə getdiyini təsəvvür edək; Onun ardınca cəsarətlə getmək üçün lütf diləyək” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 03.10.2017).

Bibliyanın latın dilinə “Vulqata” kimi tanınan ilk rəsmi tərcüməsini müqəddəs Yeronimə borcluyuq. O, öz müasirlərinə daima deyirdi: “İlahi Yazıları tez-tez oxuyun, qoy Müqəddəs Kitab heç vaxt əlinizdən düşməsiz”.

O, təxminən 347-ci ildə Dalmatiya və Pannoniya sərhəddindəki Stridonda anadan olub. Onun varlı xristian ailəsi övladına əla təhsil verib, onu Romaya göndərib. Gəncliyində o, dünyavi həyatının vəsvəsələrinə təslim olsa da, sonda İsaya olan məhəbbəti qalib gəldi. Təxminən 366-cı ildə vəftiz olunduqdan sonra asket həyat tərzini seçdi. O, əvvəlcə Aquileyaya, sonra Şərqə səyahət etdi. Orada o, yunan dilini mükəmməlləşdirdi, ibrani dilini öyrənməyə başladı və Kilsə Atalarının kodeksini və əsərlərini köçürdü. 382-ci ildə Yeronim Romaya köçdü və burada Papa Damasusun katibi və müşaviri oldu. Yeronim inanılmaz bir yaddaşa və iti zəkaya malik idi və Papa onu Bibliya mətnlərinin yeni latın tərcüməsini yaratmağa təşviq etdi.

Müqəddəs Yeronim yüksək dini idealları və şagirdlərinə böyük sevgisi ilə seçilirdi. O, təvazökar və zəif olanlara böyük mərhəmət göstəridi. Yeronim deyirdi: “İslah acıdır, amma meyvəsi çox şirindir”. Yeronim, Beytlehemdə məskunlaşdıqdan sonra 30 sentyabr 419 və ya 420-ci ildə vəfat etdi.

BİRİNCİ OXUNUŞ Zək 8,20-23

Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək. Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”. Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək». Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək».

Təfsir

Bu təfsir əvvəlki hissədə başlayan mövzunu davam etdirir: Yerusəlim o qədər böyüyəcək ki, artıq divarlara ehtiyacı olmayacaq. Zəkəriyyə peyğəmbər bəyan edir ki, gələcəkdə təkcə İsrail xalqı deyil, həm də “çoxlu xalq, Yerusəlimə Ordular Rəbbini axtarmağa gələcək”. Bu, Allahın mərhəmətinin bütün xalqlara şamil ediləcəyinə dəlalət edir. Bu hissənin əsas söz budur: “O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək.” “Ətəkdən yapışmaq” yardım və müdafiə axtarışını simvolizə edir, həm də Allahın xalqının həyatını və dini təcrübəsini bölüşmək arzusunu ehtiva edir. Zəkəriyyə yeni Yerusəlimin qapalı icma olmayacağını qabaqcadan deyir. Əksinə, seçilmiş xalqın şəhadəti sayəsində bir çox qəbilələr ona meyl edəcək, Məzmurda deyildiyi kimi Məzmurun tərənnümü kimi: “Ey Allahın şəhəri, haqqında şanlı sözləri deyirlər” İmanın həqiqi gücü və cazibəsi fiziki divarlarda və sərhədlərdə deyil, Allahla yaşayanların canlı şahidliyindədir.

İNCİL Luka 9,51-56

Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?» Amma İsa dönüb onlara qadağan etdi. Sonra onlar başqa bir kəndə yollandılar.

Təfsir  

“İsa Yerusəlimə getmək qərarına gəldi” ifadəsi bu hissədə əsas rol oynayır. Buradakı Yerusəlim sadəcə bir şəhər deyil, Məsihin missiyasının, fədəkar sevgi yolunun simvoludur.  Rəbbin oraya getməsi faktı Yerusəlim məbədinin müqəddəsliyini tanımayan samariyalılarda qıcıq yaradır: “Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi.” Bu, İsanın Özünü zorla qəbul etdirmək istəmədiyini göstərir. O, rədd edildikdə, insanları Ona tabe olmağa məcbur etməyə çalışmır, əksinə, yoluna davam edir. Şagirdlər bu rədd cavabını görərək qisas almaq istəyirlər: “Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?” Lakin İsa onları məzəmmət edir və bununla da vurğulayır ki, iman məcburiyyətlə deyil, cəlb etməklə yayılır. Rəbb rədd edildikdən sonra dayanmmır və qətiyyətlə yoluna davam edir. Bəs biz necə davranırıq? Həyatda eyni inam və qətiyyətlə irəliləyirik, yoxsa irəli getməmək üçün arxasında gizləndiyimiz müxtəlif səbəblər bizi daim yolumuzdan çıxarır?  İmanımız bizi hədəfimizə aparan möhkəm və şüurlu seçim olmalıdır.

30 sentyabr 2025, 10:43