Liturgiya oxunuşları: 8 SENTYABR. Mübarək Məryəmin Mövludu
Mübarək Məryəmin Mövludu hamımız üçün hədiyyədir
8 dekabr - Günahsız Döllənmə bayramından doqquz ay sonra Kilsə Məryəmin Mövludunu qeyd edir. Məryəmin dünyaya gəlməsi sadəcə keçmişin bir hadisəsi deyil, hamımız üçün bir ümid hədiyyəsidir. O ana qədər yer üzü zülmət içində idi, günahın qaranlığına bürünmüşdür. Müqəddəs Məryəmin mövludu ilə dünyaya yaxınlaşan yeni günün müjdəçisi, qurtuluş şəfəqi gəldi. Nizamsız, çaşqın və qeyri-müəyyənliklərlə dolu görünən bir dünyada Məryəmin doğulması təvazökarlığın və Allaha güvənməyin gözəlliyindən danışır. Bu qız, bir çoxları kimi, sadə bir ailədə anadan olub, lakin Uca Allah onu Xilaskarın Anası olmağa təyin etdi. Onun həyatı çətinliklərdən azad deyil idi, lakin sınaq anlarında Məryəm tamamilə Allahın iradəsinə arxalanmağı seçdi və hər kəsə getməli olduğu yolu göstərdi. Onun pak simasında biz heç bir sərhəd tanımayan, əzab-əziyyətlə üzləşməkdən qorxmayan, lakin yolu çətin və ya qeyri-müəyyən görünəndə belə Allaha razılıqla cavab verməyə həmişə hazır olan sevginin əksini görürük. Məryəmin Mövludu Bayramı bizi onun həyatına baxmağa və ondan güc almağa, öz iman yolumuzu inamla getməyə dəvət edir. Müqəddəs Alfons Maria de Liquori vurğulayır: "Məryəm müqəddəs, böyük müqəddəs kimi doğulub. Gəlin təkcə onun üçün deyil, həm də özümüz üçün sevinək, çünki o, dünyaya lütflə dolu, təkcə öz izzəti üçün deyil, həm də bizim xeyirimiz üçün gəlir".
BİRİNCİ OXUNUŞ Kol 1, 21-23
Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir». Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına qalan qohumları qayıdacaq. Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, xalq onun bəxş etdiyi sülhlə yaşayacaq.
Təfsir
Mikeya peyğəmbərin kitabından oxunuş bizə Beyt-Lexemdə hökmdarın doğulması ilə bağlı peyğəmbərliyin Mübarək Məryəmin Mövludu bayramı ilə necə bağlı olduğunu anlamağa kömək edir. Balaca Məryəmin dünyaya gəlişi Xilaskarın doğulması ilə bağlı peyğəmbərliyin yerinə yetirilməsi istiqamətində ilk addımdır. Mikeya, böyük hökmdarın qüdrətli Yerusəlimdə deyil, kiçik və əhəmiyyətsiz bir kənddə - Beyt-Lexem Efratada doğulacağını deyir. Bu, Allahın böyük əməlləri üçün çox vaxt ən gözlənilməz və təvazökar yerləri seçdiyini vurğulayır. Daha sonra peyğəmbərlikdə bu sözlər var: “Hamilə qadın doğana qədər...”. Onlar Xilaskarın doğulmasına işarə edir və eyni zamanda Məryəmin doğulması ilə əlaqəlidir. Məryəmin Mövludu Məsihin gəlişinə doğru ilk addımdır. Sadə bir ailədə dünyaya gələn Məryəm Xilaskarın Anası olmaq müstəsna missiyası üçün Allah tərəfindən seçildi. Mikeya peyğəmbər peyğəmbərliyi bu sözlərlə bitirir: “xalq onun bəxş etdiyi sülhlə yaşayacaq”. Bu o deməkdir ki, Xilaskarın doğulmasının məqsədi sülh gətirməkdir. Beləliklə, Məryəmin Mövludunun qeyd edilməsi “Sülh Şahzadəsi” İsanın gəlişinə hazırlıqdır. Gəlin Məryəmlə birlikdə Allahın hər birimiz üçün etdiyi böyük işlərə sevinək.
İNCİL Matta 1,1-16.18-23
Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir.
Təfsir
Müqəddəs Mattanın İncilində İsa Məsihin şəcərəsi Onun bəşər tarixi ilə əlaqəsini və Allahın xilas niyyətinin yerinə yetirilməsini göstərir. Bu uzun adlar siyahısı göstərir ki, Rəbb tarixə konkret insan ailəsində daxil oldu. Siyahıya həm saleh, həm də o qədər də fəzilətli olmayan əcdadlar daxildir və hər hansı digər insan ailəsi kimi Rəbbin ailəsi də “adi” ailədir. “İbrahimin oğlu” İsada Allahın peyğəmbərlərə verdiyi bütün vədlər yerinə yetdi. 18-ci misrada deyilir: “Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu”. “Məryəmdən də Məsih adlanan İsa doğuldu” ifadəsi Allahın əməlinin Məryəmdə birbaşa həyata keçməsini göstərir. Bu, sadəcə bioloji hadisə deyil, böyük xilas planının həyata keçirmək üçün İlahi bir müdaxilədir. İsanın doğulması peyğəmbərliyi yerinə yetirir: “Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar”. Məryəmin Mövludu - Xilaskarın doğulmasına səbəb olacaq böyük planın ilk addımıdır. Qoy Rəbb, Məryəmin şəfaəti ilə həyatımızda olan hər şeyin Onun mərhəmətli məhəbbət niyyətinə yazıldığına əmin olaraq, Onun əməllərinə etibar etməyimizə kömək etsin.