Axtar

2019.07.06 Gli apostoli  il mosaico di P. Rupnik sj

Liturgiya oxunuşları: 9 SENTYABR. Adi Dövrün XXIII həftəsinin çərşənbə axşamı

“On iki həvari İsanın Kilsəsinin mövcudluğu və missiyası ilə bağlı iradəsinin ən bariz əlamətidir, Məsihlə Kilsə arasında heç bir ziddiyyətin olmadığına zəmanətdir: Kilsəni təşkil edən insanların günahlarına baxmayaraq, Kilsə ilə Məsih ayrılmazdırlar” (XVI Benedikt, Ümumi Audiensiya 15.03.2006).

BİRİNCİ OXUNUŞ Kol 2,6-15

Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin. Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz. Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. Allah başçıları və hakimləri§ tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.

Təfsir

Həvari Paul Kolosdakı məsihçiləri imanda möhkəm qalmağa təşviq edərək, onlara həyat və xilasın əsl mənbəyinin tək İsa Məsih olduğunu xatırladır. Paul cəmiyyəti “İsada həyat sürməyə”, yəni qəbul etdikləri imanla yaşamağa və böyüməyə təşviq edir. Bu, statik bir vəziyyət deyil, daimi hərəkət və davamlı inkişafdır ki, bu da yalnız imanlıların öz kökündən güc alan bir ağac kimi Rəbbdə “köklənməlıri” şərtilə mümkündür. Paul qardaş və bacılarını Məsihə deyil, insan ənənələrinə əsaslanan “fəlsəfə və boş sözlərə” qapılmaqdan çəkindirir. Bu onu göstərir ki, hətta ilk Kilsədə də yalançı müəllimlər var idi. Həvari, qayğıkeş ata kimi  xristian icmasının bu “boş” təlimlərin təsirinə düşmək ehtimalından narahatdır. Paul bizə əsas şeyi xatırladır: imanlıların Məsihdən möhkəm yapışmasının əsas səbəbi odur ki, Rəbb onlara “təqsirləri və üzündən ölü ikən həyat verdi”. İsa onlara yeni həyat verməklə onlar üçün ən vacib olanı artıq etmişdir və xilası başqa yerdə axtarmaq ideyasının özü məntiqdən və hər bir mənadan məhrumdur. Paulun bu sözləri indi də aktualdır, çünki yalnız mərhəmətli Rəbb insanları əbədi həyata apara bilər.

İNCİL Luka 6,12-19

O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot. İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. 19 Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.

Təfsir  

On iki həvarinin seçilməsi ərəfəsində Rəbb bütün gecəni dua ilə keçirir. On ikinin seçimi təsadüfi bir qərar deyil, Səmavi Ata ilə dialoqda edilən seçimdir. İsanın həyatında ən mühüm qərarlar impulsiv olaraq deyil, Allahla dərin əlaqəyə əsaslanırdı. Sonrakı hadisələrdən bilirik ki, hətta İsanın seçdiyi bu həvarilər (demək olar ki, hamısı) ən dramatik anda Onu tərk etdilər. Lakin xilasdan imtina edən Yəhuda istisna olmaqla, İsa məhəbbətlə “onları bərpa etdi”. Bu, bizim üçün təsəllidir: hətta səhv edib geri çəkilsək də, Rəbb İsa səbirlə bizi məhəbbətlə dolu ürəyinin isti məskəninə qaytarmaq üçün axtarır. Eyni zamanda, biz əmin olmalıyıq ki, həyatımızın bütün halları İsanın duası vasitəsilə baş verir. Ola bilsin ki, biz müəyyən hadisələrin niyə baş verdiyini başa düşmürük, lakin İsanın duasında “olduğumuzu” dərk etmək bizə sülh və əminlik verir.

09 sentyabr 2025, 09:52