Kardinal Taqle Bakıda: Uca Rəbbimizə, Salezian ailəsinə və Azərbaycan xalqına təşəkkürlər!
Toral Ağayev tərəfindən
Azərbaycandakı katolik icması üçün 2025-ci il bir neçə əlamətdar tarix və hadisələrlə səciyyələnir. İlk növbədə, ölkənin katolikləri bu ili Ümumdünya Kilsəsində qeyd olunan Ümid Yubileyi ruhunda yaşayırlar.
Həmçinin, 2025-ci ildə yerli icma Azərbaycanda Katolik Kilsəsinin “missio sui iuris” statusunda dirçəlməsinin 25 illiyini və Müqəddəs Fransisk de Sales Cəmiyyətinin (Salezian Ordeni) ölkədə fəaliyyətə başlamasının 25 illiyini qeyd edir.
Müqəddəs II İoann Pavelin səfəri ilə başlanmış mübarək yol
Sovet dövründə Katolik Kilsəsinin Azərbaycanda mövcudluğu tamamilə məhv edilmiş və Kilsə həyatının bərpası yalnız ölkə müstəqilliyinə yenidən qovuşandan sonra mümkün olmuşdur.
2002-ci ildə müqəddəs Roma Papası II İoann Pavelin Azərbaycana səfəri ilə başlanan mübarək yolda çox işlər görülüb: Bakıda “Müqəddəs Məryəm” kilsəsinin tikintisi, icmanın davamlı dua və ibadət həyatı ilə yanaşı katexitik tədbirlərin təşkili və s. 2011-ci ildə Papa XVI Benedikt Azərbaycandakı Kilsənin statusunu “missio sui iuris” səviyyəsindən Apostol Prefekturası statusuna qədər yüksəltdi. Həmin ildə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında Azərbaycan Respublikasında Katolik Kilsəsinin hüquqi statusu haqqında Saziş imzalandı. Həmçinin bu 25 il ərzində Azərbaycanın Katolik Kilsəsi yerli ruhani çağırışların sevincini yaşayıb.
Ümumdünya Katolik Missiyalari günündə keçirilən missiyanın yubileyi
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin dəvəti ilə Bakıda səfərdə olan kardinal Luis Antonio Taqle oktyabrın 19-u, Rəbb Günündə təntənəli şükranlıq Messasına başçılıq edib. İbadət zamanı kardinal həzrətlərini Azərbaycanın apostol prefekti, yepiskop Vladimir Fekete, Salezian Ordeninin Slovakiya üzrə provinsialı ata Peter Tomko, əvvəlki illərdə Azərbaycanda “missio sui iuris”-in başçıları olmuş ata Daniel Pravda və ata Yan Çapla, və müxtəlif vaxtlarda ölkədə katolik kilsə strukturlarının dirçəlişində iştirak etmiş Salezian ordeninin keşişləri müşayiət edib.
Yepiskop Vladimir Fekete kardinal Luis Antonio Taqleni Azərbaycanın bütün katolik ruhaniləri və imanlıları adından səmimiyyətlə salamladı:
“Bu Müqəddəs Yevxaristiya ilə biz icmamızın son 25 il ərzində aldığı bütün lütf və hədiyyələrə görə Sizinlə birlikdə Rəbb Allaha təşəkkür etmək istəyirik. Kiçik icmamız Müqəddəs Papa II İoann Paveli və Papa Fransiski ölkəmizdə salamlamaqdan böyük şərəfə nail olmuşdur. Biz ilk yerli ruhani çağırışlara görə Allaha minnətdarıq. Biz hər bir missionerə - keşiş, rahib, rahibə və çoxlu sayda könüllülərə minnətdarıq. Onların hər biri son 25 il ərzində bu xalqın qız və oğullarını sözləri və əməlləri ilə, ümumiyyətlə, həyatları ilə İsa Məsihin ardınca getməyə dəvət edərək müqəddəsliyə çağırışlarını yaşayıblar. Mən şadam ki, o ilk missionerlərdən bir neçəsi bu gün bizimlədir”
Kardinal Luis Antonio Tagle öz vəzinin əvvəlində yerli missiyanın yubileyini Ümumdünya Katolik Missiyaları Günündə qeyd edilməsinin rəmzi və bəsirətli məna daşıdığını diqqətə çəkdi.
“Hər Rəbb günü şükranlıq günüdür, lakin bu gün Rəbbə şükür etmək üçün xüsusi səbəbimiz var. Biz burada, Bakıda "mission sui iuris"-in yaranmasının 25 illiyi və Azərbaycanda Salezian missiyasının 25 illiyi üçün Rəbbə şükr edirik. Rəbbimizə, Salezian ailəsinə və Azərbaycan xalqına təşəkkürlər. Bu ildönümlərinin Ümumdünya Katolik Missiyaları Günündə qeyd edilməsi rəmzi və bəsirətli məna daşıyır”
Biz bacarmırıq - Allah bacarır
Kardinal Taqle 2025-ci il Ümumdünya Katolik Missiyaları Gününün "Bütün Millətlər Arasında Ümid Missionerləri" adlı mövzusunu xatırladı və vurğuladı ki, "bizim hamımız – keşişlər, rahiblər və imanlılar - ümidin, Allaha ümidin, Allahın Padşahlığına ümidin missionerləri olmaq üçün çağırılmışıq. Və biz İsanı ümidimiz kimi elan edirik; yalnız özümüzə yox, bütün insanlar arasında”.
Liturgiya oxunuşlar üzərində düşünən kardinal Taqle ümidin həqiqi missionerləri olmaq və Allahdan alınan ənamları başqaları ilə səxavətlə bölüşmək üçün daimi dua həyatının və Allahın Kəlamı ilə dərin əlaqənin vacibliyini vurğuladı.
"Biz arzuladığımız bəhrələri gətirməyi bacarmırıq. Lakin Allah bacarır. Dua bizim edə yarada bilməyəcəyimiz möcüzələri yaradan Rəbbin hüzurunda bir təvazökarlıq və güvən hərəkətidir".