Liturgiya oxunuşları: 19 OKTYABR. Adi Dövrün XXIX RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Çıxış 17,8-13
Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi. Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. Yeşua Amaleq padşahını və xalqını qılıncdan keçirib qırdı.
Təfsir
Bu oxunuş israillilərin əbədi düşmənləri olan Amaleqlilərə qarşı döyüşlərini təsvir edir. Növbəti döyüş qabağı Musa Yeşuaya deyir: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». Yeşua və döyüşçüləri düşmənlə səylə vuruşurlar və “Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi”. Xalqın qələbəsi Musanın fasiləsiz duasından asılı idi. Beləliklə, qələbə insan səyinin bəhrəsidir (Yeşua), lakin bu səy “yuxarıdan enən” (Musa) dua ilə dəstəklənməli və ilhamlanmalıdır. Musanın qaldırılmış əllərində İsanın çarmıxdakı əllərini görmək olar. O, daim bizim üçün vəsatətçilik edir. Musanın duası Məsihin əbədi şəfaətini təcəssüm etdirir. Gündəlik vəzifələrimizi yerinə yetirmək və məsuliyyətimizi daşımaq üçün üzümüzü göylərə tutub köməyi Allahdan diləyirikmi?
İKİNCİ OXUNUŞ 2 Тим 3, 14-4,2
Sənsə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən, Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir. Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır; beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin. Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki, Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
Təfsir
Bu oxunuşda Həvari Paul öz şagirdi Timoteyə imanda necə möhkəm qalmağı və onu necə təbliğ etməyi öyrədir. İman hansısa abstrakt ideyalara deyil, iki aydın mənbəyə əsaslanır: müəllimlər (“bunları kimlərdən öyrəndiyini bilirsən”) və Müqəddəs Yazı (“Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar sənə xilas gətirən hikmət verməyə qadirdir”). Müqəddəs Yazıların gücü digər bilik mənbələrindən fərqlənir, çünki o, xilasa aparan hikmət verir. Müqəddəs Yazıları hər hansı digər sözdən fərqləndirən mahiyyət ondan ibarətdir ki, bu xilas Məsih İsaya iman vasitəsilə həyata keçirilir. Timotey həyatını bu inam üzərində qurmalı və şahid və müəllim olmalıdır: “Allahın kəlamını vəz et, hansı vaxt olursa-olsun hazır ol, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət ver”. Bu sözlər bu gün hər birimizə ünvanlanıb: Müqəddəs Yazı nə dərəcədə həyatımızın əsasında dayanır. O, sözlərimizi, əməllərimizi, qərarlarımızı və planlarımızı ruhlandırırmı, biz onu başqaları ilə bölüşürükmü?
İNCİL Luka 18,1-8
İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”. Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”». Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
Təfsir
İsanın ədalətsiz hakim və israrlı dul qadın məsəli davamlı dua və imana çağırır. Musa öz xalqına qələbə bəxş etmək üçün dayanmadan dua etdiyi kimi, İncildəki dul qadın da inadkarlığı ilə hakimdən istədiyinə nail olur. Bu məsəllə İsa “daim dua etmək və heç ruhdan düşməməyin” vacibliyini vurğulayır. Dua üşün isə iman tələb olunur, yəni köməyin Rəbbdən gələcəyinə əminlik. Duada əzmkarlıq Allahın diqqətini cəlb etmək üçün deyil, Allahın önündə daim yaşamağa çağırışımızı xatırlatmaq üçün lazımdır. Hər hansı bir strategiyadan əvvəl köməyimizin Uca, mərhəmətli Rəbbimizdən gəldiyini bilərək çətinliklərə tab gətirməliyik. İman məhz budur. İsanın sualı bu gün bizə ünvanlanır: " Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?"