Liturgiya oxunuşları: 24 OKTYABR. Adi Dövrün XXIX həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Rom 7,18-25а
Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm. Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır. Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir. Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun!
Təfsir
Romalılara məktubunun bu parçasında Həvari Paul yaxşılıq etmək istəyi ilə bunu edə bilməməsi arasındakı daxili mübarizəsini səmimi şəkildə təsvir edir. Paul hamımızın yaşadığı ikiliyi etiraf etməklə başlayır. Daxili mübarizə bir reallıqdır: onu etiraf etmək, tanımaq və adı ilə çağırmaq lazımdır. Paul mübarizəsini özündən və dinləyicilərindən gizlətmir. O, ürəyində baş verənlərdən xəbərdardır və bilir ki, onun səmimiyyəti başqalarınnı ruhlandıra bilər. Bu ruhani mübarizədə o, təslim olmur, əksinə, Rəbbin onun tərəfində olduğunu bilərək şərə fəal şəkildə müqavimət göstərir. Həvari ümidsiz halda qışqırır və dərhal ümid tapır: "Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun!" Bu, əsas məqamdır: yaxşılıq statik bir vəziyyət deyil, Allahın köməyi ilə çatçmalı olan bir məqsəddir.
İNCİL Luka 12,54-59
İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur. Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur. Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz? Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz? Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar. Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan».
Təfsir
Rəbb ayıqlıq mövzusunu davam etdirir, insanların hava əlamətlərinə diqqət yetirdiklərinə işarə edir, lakin bunun ardınca məzəmmət gəlir: “Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz?" İsa zamanı ruhani mənada yozmağa (qiymətləndirməyə) qadir olan yeni baxış və yeni ürək əldə etməyə çağırır. Məsih daha sonra imanlılara barışıq haqqında nəsihət verir və vurğulayır ki, başqalarını olçdüyümüz ölçü ilə bizim hərəkətlərimiz də ölçüləcə. Allahın tərəzisi insanlarınkindən çox fərqlidir. Barışıq təkcə xarici düşmənlərə (məhkəmədəki rəqiblərə) münasibətdə vacib deyil: Paulun Birinci Oxunuşda bizə xatırlatdığı kimi, əsas rəqibimiz öz içimizdədir; bu, döyüş meydanının ürəyimiz olduğu xeyirlə şər arasındakı mənəvi döyüşə aiddir.