Axtar

2019.08.08 Assisi Basilica Santa Maria degli Angeli

Liturgiya oxunuşları: 2 OKTYABR. Müq. Qoruyucu Mələklər

“Uşaqlar bizə xatırladırlar ki, həyatın başlanğıcında hamımız tamamilə başqalarının qayğısından və xoş niyyətindən asılıyıq. Allahın Oğlu da bu dövrü yaşadı. Buna görə də, uşaqların özləri bəşəriyyət üçün, eləcə də Kilsə üçün bir xəzinədir, çünki onlar bizə Allahın Padşahlığına daxil olmaq üçün lazım olan şərti daim xatırladırlar: tək özümüzə güvənməmək, köməyə, sevgiyə və bağışlanmağa ehtiyac duyanlardan olmaq” (Papa Fransisk, Ümumi Audiensiya 18.03.2015).

BİRİNCİ OXUNUŞ Çıx 23,20-23

Budur, Mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir Mələk göndərirəm. Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın, O, itaətsizliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir. Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam. Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perizlilərin, Kənanlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək; Mən onları silib atacağam.

Təfsir

Müqəddəs Qoruyucu Mələklər Bayramında, liturgiya, Çıxış Kitabından bir parça təklif edir: "Budur, Mən qarşınızda bir Mələk göndərirəm ". Bu mələk bizi, Allahın bizim üçün “hazırladığı yerə gətirmək üçün” qarşımızda gedərək bizə yol göstərir və bizi hədəfimizə aparır. Onun varlığı Allahın hər birimizə qayğısını ifadə edir. Mələk hədəfimizə – “Vəd edilmiş torpağa” çatana qədər yol boyu bizimlə olan sadiq və gözə görünməyən dostumuzdur. Beləliklə, qoruyucu mələk bizə yol açır və bizi maarifləndirir ki, bizim qayğımızı çəkən və yolun sonunda bizi gözləyən Allahı unutmayaq. Çıxış Kitabı bizə xatırladır ki, mələyin hüzuruna hörmət etmək və onun səsinə diqqətlə qulaq asmaq tələb olunur. Onun göstərişlərinə əməl etməklə biz qorunacağımıza əmin ola bilərik. Bunu Məzmurun sözləri təsdiq edir: “Haqq-Taalanın pənahında yaşayan insan, Külli-İxtiyarın kölgəsində oturur. Nə gecənin kabusundan, nə də gündüz atılan oxdan, nə zülmətdə dolanan ağır xəstəlikdən, nə də günorta məhvedici qırğından qorxmaz”. Gəlin, Allahın Qoruyucu Mələyimiz vasitəsilə özünü aşkar edən qayğısına güvənək.

İNCİL Matta 18,1-5.10

Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?»  İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər. Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür.

Təfsir  

Çıxış Kitabından olan birinci oxunuşda Allahın qarşımızda gedən və bizi qoruyan bir mələk göndərməsindən bəhs edilir. Matta İncili bizə xatırladır ki, bu ilahi qayğını qəbul etmək üçün biz “yolumuzdan dönməliyik” və “uşaqlar kimi olmalıyıq”. “Uşaqlar kimi olmaq” nə deməkdir? Bu hərfi mənada “uşaqlaşmaq” demək deyil. Bu, həyata və dünyana baxışı dəyişmək deməkdir: xudbin planlarımızı tərk etmək və Allahın bizim qayğımıza qaldığını və həyat yolunda bizi qorumaq üçün hər şeyi etdiyini dərk etmək. Kiçik uşaq valideynlərinə tam etibar etdiyi kimi, biz də Allaha güvənməliyik. Qoruyucu mələyin yanımızda olması bizə tək olmadığımızı və təsadüfün hökmünə buraxılmadığımızı xatırladır. Biz Allahın əlindəyik və O, bizim yolumuza nəzarət edir ki, biz büdrəməyək və Onun bizim üçün hazırladığı “Vəd edilmiş torpaq”a doğru inamla addımlayaq. Gəlin dua edək ki, Rəbb möcüzələrə açıq uşaq olmağımıza kömək etsin. Bu, bizə qoruyucu mələyimizin varlığını görməyə və qəbul etməyə,  həmçinin həyat yolumuz boyu rastlaşdığımız digər insanlar üçün “qoruyucu mələk” ola bilməyimizə kömək edəcək.

02 oktyabr 2025, 08:36