Axtar

2019.07.23 Gesù Cristo guarisce l'indemoniato, esorcismo

Liturgiya oxunuşları: 10 OKTYABR. Adi Dövrün XXVII həftəsinin cüməsi

“İsa deyir ki, natəmiz ruh insandan çıxanda, quraq yerlərdə gəzir, rahatlıq axtarır və heç nə tapmayıb, “çıxdığım evə dönüm” deyir. Şəri tanımaq və aradan qaldırmaq cəhdlərimiz müəyyən nəticələr verir: şər bizi həqiqətən tərk edir, lakin bunun davam edəcəyini düşünmək sadəlövhlükdür. Bir müddət sonra o, yenidən, yeni qiyafədə peyda olur və biz onu yenidən tanıyıb ifşa etməliyik” (Papa Fransisk, Roma Kuriyasına müraciət 22.12. 2022).

BİRİNCİ OXUNUŞ Yoel 1,13-15;2,1-2

Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, gəlin çulda gecələyin, çünki Allahınızın evindən taxıl təqdimi və içmə təqdimi yox oldu. Oruc üçün vaxt təyin edin, təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın. Vay o günə! Budur, Rəbbin o günü yaxındır, o gün Külli-İxtiyar fəlakət gətirəcək. O yemək gözlərimizin önündən, Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı? Sionda şeypur çalın, müqəddəs dağımda bərkdən çalın. Qoy ölkənin bütün əhalisi titrəsin, çünki Rəbbin günü gəlir, həmin gün yaxındadır. Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün! Bir qoşun gəlir dağlar üzərində yayılan dan kimi çoxsaylı və qüvvətli bir qoşun. Elə bir qoşun ki, əzəldən bəri bunun kimisi olmamışdır, bundan sonra da nəsillər boyu olmayacaqdır.

Təfsir

Bugünkü Birinci Oxunuş axır zaman mövzusuna həsr olunub. Yoel peyğəmbər insanları oyatmaq üçün müəyyən təsvirlərdən istifadə edərək, onları tövbəyə çağırır. Peyğəmbər onları pis yollarından döndərib Allaha tərəf döndərmək istəyir. O, onlara xatırladır ki, Rəbbin günündə yalnız qaranlıq və xaos hökm sürəcək. Məzmurda deyilir ki, Allah «dünyanı ədalətlə mühakimə etmək üçün» gələcək. Bu o deməkdir ki, bölgü olacaq. Bir tərəfdə bütün ürəkləri ilə Rəbbə şükür edənlər və Uca Allaha sevinənlər olacaq. O biri tərəfdə məhv ediləcək, adları əbədi olaraq silinəcək pislər olacaq. Hər kəs öz əməlinə görə Allah qarşısında cavab verəcək. Bu tövbə çağırışı bu gün də aktualdır. Pisliyi tərk edib yaxşılığa üz tutmağın vaxtı çatıb.

İNCİL Luka 11,15-26

Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar. Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram. Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. Lakin Mən cinləri Allahın qüdrəti ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır. Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər. Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».

Təfsir  

Rəbb insanı cindən azad edir və bu, iki reaksiyaya səbəb olur: ittiham və sınaq. Bəziləri deyirlər ki, İsa cinləri cinlərin başçısı Baal-Zevulun gücü ilə qovur. Bu insanlar Məsihin əməllərini şərin gücünə bağlayaraq Onu ləkələməyə çalışırlar. Digərləri Onu sınamaq üçün Ondan “göydən bir əlamət” tələb edirlər. Onlar gördüklərinə inanmırlar və daha çox sübut tələb edirlər. Rəbb bu tələlərə cavab olaraq bəyan edir ki, əgər O, cinləri “Allahın qüdrəti ilə” qovursa, bu, o deməkdir ki, “Allahın Padşahlığı üzərinizə gəlib”. Sonra bir məsəl çəkir: "Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır". Təhlükəsiz olmağın yeganə yolu hamıdan güclü olan Məsihlə birlikdə qalmaqdır. Yalnız o zaman əmin ola bilərik ki, “evimiz” (həyatımız) əmin-amanlıqdadır və onun xəzinələri boş yerə sovrulmayacaq. Allaha şübhə etmək əvəzinə (pis hərəkətlərimizə haqq qazandıraraq) həyatımızı Onun üzərində qurmalıyıq. O zaman yer üzündə təhlükəsiz qalacağıq.

10 oktyabr 2025, 10:51