Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 14 OKTYABR. Adi Dövrün XXVIII həftəsinin çərşənbə axşamı

“Sərtlik olan yerdə Allahın Ruhu yoxdur, çünki Allahın Ruhu azadlıqdır. Fariseylər başqalarını Müqəddəs Ruhun azadlığından və qurtuluşun təmənnasızlığından məhrum etməyə çalışırdılar. Allahla əlaqələr kommersiya mübadilə prinsipləri əsasında qurula bilməz. Rəbb İsa şagirdlərini dost adlandırır və onların arasında münasibətlər tamamilə azaddır” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 15.05.2020).

BİRİNCİ OXUNUŞ Rom 1, 16-25

Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir. Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq». Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər. Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.

Təfsir

Paul romalılara yazır: “Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin xilası üçün Allahın qüdrətidir”. Bu ayə həvarinin sevinci ilə doludur, hansını ki biz də paylaşmalıyıq. Biz tez-tez görünməz qalmaq və dünya ilə qaynayıb-qarışmağa meylli oluruq. Biz mənəvi sahəni soyuq müzakirə mövzusuna çevirə bilərik və ya Allahı ondan müxtəlif xeyir-dualar gözləyə biləcəyimiz “paylayıcı” kimi qəbul edə bilərik. Müjdənin həqiqi carçıları olmaq üçün biz həvari Pauldan nümunə götürərək, ilk növbədə İsaya icazə verməliyik ki, O bizi heyrətləndirsin və qəlbimizi fəth etsin. Biz dərk etməliyik ki, “saleh imanla yaşayar”. Göylərin özləri, Cavab Məzmurunda deyildiyi  kimi, “Allahın izzətini bəyan edir”. Biz Paulunn çağırışına cavab verməli və özümüzdən soruşmalıyıq: biz utanmadan, qorxu və şübhə olmadan İncil haqqında şəhadət etməyə hazırıqmı? Mübarək Kardinal Klemens Avqust fon Qalenin yepiskop şüarı yada düşür: “Nec Laudibus, Nec Timore” (“Nə tərifə görə, nə təhdidə görə mən Allahın yolundan dönmərəm”). Bu şüar hər birimizi düşünməyə vadar edir: "Bəs mən?"

İNCİL Luka 11, 37-41

İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu. İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi. Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.

Təfsir  

Daxili olan zahirdən daha vacibdir. İsa deyir: “ndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub”. İsa adət-ənənələri və ya mərasimləri pisləmir. Onun məqsədi imanı öz mahiyyətinə qaytarmaqdır. “Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar” deyə nəsihət edir. Rəbb göstərmək istəyir ki, biz Onun öyrətdiyi əsas dəyərlərdən necə uzaqlaşdığımıza fikir vermədən, tez-tez “zahiri görünüş məntiqin” girovuna çevrilirik: “Mən qurban yox, mərhəmət istəyirəm” (Matta 9, 13). Əgər imanımız mərhəmət və sevgidən məhrum, boş ayinlərə çevrilərsə, mənasını itirər. Bu yanaşma bu gün də aktualdır. Biz tez-tez ayinlərə riayət etməyənləri tənqid etməyə hazırıq, lakin biz özümüz Allahın məhəbbət qanununa uyğun yaşamaqda çətinlik çəkirik.  Zahiri görünüşə və başqalarının gözləntilərinə diqqət yetirməyi dayandırsaq və həqiqətən vacib olana - sevgi və şəfqətə müraciət etsək, bir çox daxili problemlərimiz həll olunacaq.

14 oktyabr 2025, 14:31