Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 16 OKTYABR. Adi Dövrün XXVIII həftəsinin cümə axşamı

“İman qapısının açarı duadır. Məsihçi dua etmədikdə, onun şəhadəti təkəbbürlü olur, özü isə təvazökarlıqdan məhrum olaraq qürurlu və özünə əmin olur; onu ancaq öz karyerası maraqlandırır. Bunun əksi olaraq, dua edən məsihçi imanını tərk etmir: o daim İsa ilə danışır” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 17.10.2013).

BİRİNCİ OXUNUŞ Rom 3,21-30

Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir. Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın. Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır. Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq.

Təfsir

Bu oxunuşda Müqəddəs Paul Roma xristianlarını həyatın çətinlikləri qarşısında ruhdan düşməməyə çağırır, çünki xilas İsa Məsihə iman vasitəsilə Allahın lütfü ilə təmənnasız verilir. Həvari təsdiq edir ki, “Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə zahir olub”. Biz xilası öz xidmətlərimizlə deyil, yalnız Allahın lütfü ilə alırıq. Rəbb, “kəffarə qurbanı olaraq” Ona iman edənlə günahlarının bağışlanmasını bəxş etdi. İsaya iman və Onun Müjdəsinə uyğun həyat -  xilasımızın təminatıdır. Buna görə də, həvari bizi ruhani həyat sürməyə və Rəbbdən onu gücləndirməyi xahiş etməyə çağırır.  İsa bizə nəinki xilas olmaq imkanı, həm də yer üzündə Allahla ünsiyyətdə olmaq imkanı verdi: biz missiyamızı yerinə yetirmək üçün Onda ilham və güc tapırıq.

İNCİL Luka 11,47-54

Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər! Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz. Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”. Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq. Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz». İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar. Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.

Təfsir  

Bu parçada İsa fariseyləri və ilahiyyatçıları qınamaqda davam edir, onların ikiüzlülüyünü və Allah haqqında biliklərə mane olmalarını pisləyir: bu insanlar peyğəmbərləri həyatda təqib edir və öldürürlər, sonra isə onlara hörmət edirlər. Bu keçmişdə olduğu kimi, indi də baş verir: biz çox vaxt insanları sağ ikən tənqid edib aşağılayırıq, sonra isə öldükdən sonra onları tərifləyir, vəfatına gileylənirik. İsa bunu ikiüzlülük adlandırır. Üstəlik, Rəbb insanların Allaha gedən yolunu asanlaşdırmalı olan, lakin bunun əvəzinə zahiri ritual qaydaları çərçivəsindən kənara çıxmaq istəməyənləri pisləyir. " Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz." Onlar Allahı sevmədilər və Ona ürəkdən xidmət etmədilər, sadəcə olaraq qaydalara əməl etdilər və başqalarının həqiqəti bilmələrinə mane oldular. İsanın bu məzəmməti bizə də aiddir: biz ikiüzlülükdən və formalizmdən qaçmalı, iman yolunda başqalarına mane olmamağa çalışmalıyıq.

15 oktyabr 2025, 20:11