Axtar

2019.10.25 il pubblicano e il fariseo - Luca 18,9-14

Liturgiya oxunuşları: 26 OKTYABR. Adi Dövrün XXX Rəbb Günü

“Farisey və vergiyığan məsəli üzərində düşünərək, gəlin özümüzə nəzər salaq və içimizdə fariseyliyin, öz salehliyimizə inamın, başqalarını mühakimə etməyin və özünə heyranlıq hissinin olub-olmadığını düşünək. "Mən" çox olan yerdə Allaha az yer qalır” (Papa Fransisk, Rəbbin Mələyi 23.10.2022).

BİRİNCİ OXUNUŞ Sir 35, 12-14.16-18

Çünki Rəbb Hakimdir, O, tərəfkeşlik etmir. O, yoxsulun müqabilində mötəbərə üstünlük verməz, məzlumun duasını eşidər. Yetimin yalvarışını, ürəyini boşaldan dul qadını nəzərdən qaçırmaz. Xoş iradə ilə Allaha xidmət edən insan Allaha məqbul olacaq, Onun diləyi buludlara qədər çatacaq. Həlim adamın duası buludları dələr, dua gedib çatana qədər o, sakit olmaz, Uca Olan nəzər salıb ədalətli hökm çıxararaq haqqı icra edənə qədər duasını dayandırmaz.

Təfsir

Sirax oğlu Yeşuanın Hikmət Kitabından bu hissə israrlı dua mövzusunu davam etdirir və bizə Allahın dəyərlərinin "miqyasının" bizimkindən fərqli olduğunu xatırladır: " Rəbb Hakimdir, O, tərəfkeşlik etmir. ... Yetimin yalvarışını, ürəyini boşaldan dul qadını nəzərdən qaçırmaz." Rəbb insanlar arasında heç bir fərq qoymur, lakin xüsusilə əzab çəkən insanın fəryadına diqqət yetirir. Yoxsulun bəxtiyarlığı yoxsul olmasında deyil, Allahın onun tərəfində olmasında, onun fəryadını eşitməsində və onu lazımi anda xilas etməsindədir. İsa qüdrətli və güclü olanları rüsvat etmək və təvazökarları ucaltmaq üçün bu bəxtiyarlığı tam şəkildə qəbul etdi. Bu o deməkdir ki, Allah ilk öncə Ona səmimi təvazökarlıq və etibarla dua edənləri eşidir.

İKİNCİ OXUNUŞ 2 Tim 4,6-9.16-18

Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək. Yanıma tez gəlməyə çalış. Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın. Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum. Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.

Təfsir

Xristianların keçmişdə təqibçisi olmuş və Müjdənin ən böyük şahidi olmuş həvari Paul, yer üzündəki səyahətinin sona çatdığını anlayaraq şagirdi Timoteyə yazır: "qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur." Həyatına nəzər saldıqda, Paul Allahın hüzurunda yaşamaqla necə dəyişdiyini görür. Çətinliklərin öhdəsindən gəlmək qabiliyyəti bir həqiqətə əsaslanırdı: "Rəbb köməyimə gəlib mənə güc verdi". Millətlərin həvarisi məhz Rəbbin yaxınlığının dərk edilməsindən güc alır ki, bütün sınaqlara dözə bilsin.  O, izzət tacının onu gözlədiyinə əmindir: " Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək" Bu şəhadət hər birimizi meydan oxuyur və düşünməyə dəvət edir: həyatımız nə dərəcədə Məsihə doğru "qaçmağa" bənzəyir? Yoxsa əksinə, biz Rəbbə yaxınlaşdırmayan faydasız şeylərin ardınca "qaçırıq”? Əsas sual prioritetlərimizdir.

İNCİL Luka 18,9-14

Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».

Təfsir  

Əgər ötən bazar günü İsa fasiləsiz duanın vacibliyindən danışırdısa (dul qadını nümunəsində), bu gün isə yalnız "yalvarış"ın kifayət etmədiyini izah edir. Dua səmimi bir ürəkdən doğulmalıdır. İsa insanın özünü haqlı hesab etməsini, həmişə haqlı olduğuna kor-koranə inanmasını tənqid edir. Bu, dua etmək üçün məbədə gedən iki personaj vasitəsilə izah edilir. “Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm”.  Onun duası, mahiyyət etibarilə, özünü tərifləmək və başqalarını qınamaqdır. “Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” Onun duası dərin təvazökarlıq və tövbə hərəkətidir. İsa yekunlaşdırır: “Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi” Zahirə baxmaqdan əvvəl, gəlin daxilimizə baxmağı öyrənək. Qəlblərimizin məbədində həmişə dua etməyə və seçimlərimizə istiqamət verməyə çalışan bir "farisey" və bir "vergiyığan" yaşayır. Bizim vəzifəmiz daha yaxşı (təvazökar və buna görə də obyektiv) tərəfi dinləməkdir.

25 oktyabr 2025, 23:25