Axtar

2025.10.02 San Francesco

Liturgiya oxunuşları: 4 OKTYABR. Müq. Assizili Fransisk

“Luka aydın şəkildə İsanın duasını Müqəddəs Ruha aid edir. Rəbb bu duanı Yerusəlimə gedən yolda, xalqları müjdələməyə göndərəcək 72 şagirdi seçəndə edir. Onlar öz missiyasından qayıtdıqdan sonra İsa «Müqəddəs Ruhda şadlandı», çünki Allah həqiqəti «körpələrə agah etdi». Lukanın bu mətni Məsihin məsihçilik missiyasında Müqəddəs Ruhun rolunu başa düşmək üçün vacibdir” (Müq. II İoann Pavel, Ümumi Audiensiya 25.07.1990).

Umbrianın tam qəlbində, Assizi diyarında bir narahat ruh Kilsənin və bütün bəşəriyyətin tarixində silinməz iz qoymağa hazırlaşırdı – 1182-ci ildə zəngin parça taciri Pietro di Bernardone ilə donna Pikinin Françesko adlı oğlu dünyaya gəlir. Françeskonun gəncliyi firavanlıq içində, təhsil və şənliklərlə dolu keçir.  Onun özü və şerləri bütün bayram məclislərində arzuolunan idi. Atası oğlunun tacir olmasını istəyirdi, lakin Allah Françesko üçün tamam başqa yol seçmişdi. Hərbi yürüşlərdə şöhrət axtararaq, o, yalnız Rəbbə xidmət etməli olduğunu başa düşdü. O zaman o, həyatını tövbə, zahidlik və tam yoxsulluq keçirməyə qərar verdi. 1209-cu ildə, bu yeni çağırışından ilham alaraq, Françesko Müjdəni bəyan etməyə başladı və ona ilk şagirdləri qoşuldu. Onlar Fransisk kimi cır-cındır geyinir, onunla birlikdə Rivortorto və Porziunkoladakı daxmada yaşayırdılar.  1210-cu ildən 1224-cü ilə qədər Fransisk İtaliyanın yollarını dolaşaraq, insan izdihamını və “qardaşlar” adlandırdığı şagirdləri cəlb edirdi. O, Klaranı qəbul edərək, onunla birlikdə İkinci Fransiskan Ordenini və tövbə həyatı arzulayan adi imanlılar üçün Üçüncü Ordeni təsis etdi. Assizili Fransisk, Məsihin Əzablarının əlamətlərini daşıyan ilk müqəddəs oldu: 1224-cü ildə İsaya olan məhəbbəti onun La Verna dağında stiqma (İsanın Çarmıxda aldığı yaraların oxşarı- red.) almasına səbəb oldu və bu, Fransiskin Məsihə sədaqətinin möhürü oldu. Həmin vaxt Fransisk cismən çox zəif idi və onu sağaltmaq üçün edilən bütün cəhdlər nəticəsiz qaldı. Fransisk xəstəliyə görə taqətdən düşsə də, qəlbi sevinclə dolu idi, bu sevinci özündə saxlaya bilməyib, Fransisk bu sevinci Xaliqin və Onun xilqətinin şərəfinə indiyə qədər bəstələnmiş ən gözəl nəğməsi ilə ifadə etdi. "Sənə həmd olsun, Rəbbim! ... Günəş, ay, ulduzlar, qardaşımız alov, su və külək, ölüm üçün...” “Ölüm bacının” yaxınlaşdığını hiss edərək, Fransisk xahiş etdi ki onun torpağın üstünə qoysunlar. Assizili müqəddəsi 3 oktyabr 1226-cı ildə gün batımında vəfat etdi.

BİRİNCİ OXUNUŞ Qal 6,14-18

Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. Çünki əhəmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin.Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsanın yara izlərini bədənimdə daşıyıram. Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun! Amin.

Təfsir

Həvari Paulun Qalatiyalılara Məktubundan bu hissəni Assizili Müqəddəs Fransiskin həyatı ilə asanlıqla əlaqələndirmək olar. “Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm”. Paulun bu sözləri Fransiskin şüarına çevrildi. Uzun bir ruhani səyahətdən sonra o, “mən Rəbb İsanın yara izlərini bədənimdə daşıyıram” deyə bildi. Fransiskin bədənindəki yaralar onun Məsihin əzabları ilə tam birləşməsinin fiziki əlaməti idi. İtalyan müqəddəsinin həyatı yalnız bu təcrübə ilə başa düşülə bilər. O, Rəbb İsanı tamamilə qəbul Onunla bir oldu. Müqəddəs Fransisk müxtəlif dinlərə mənsub insanları da cəlb edir: o, hamının xoşuna gəlmək üçün İncili güzəştə getmədi, əksinə, onu ürəkdən qəbul etdi. Hərdən bizə elə gələ bilər ki, başqaları tərəfindən qəbul olunmaq üçün biz əqidələrimizdən imtina etməliyik: Assizili Fransisk isə bizə xatırladır ki, əsl sevinc və xilas yalnız İsanın Çarmıxında tapıla bilər. Yalnız İsada biz həqiqi və əbədi miras tapa bilərik.

İNCİL Matta 11,25-30

O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

Təfsir  

Bugünkü İncil oxunuşu İsanın Səmavi Ataya dua etməsi ilə başlayır: “Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin”. İsa sevinir, çünki Atası “kiçiklərə” — həmişə köməyə və sevgiyə ehtiyacı olanlara lütf edir. Assizilli Fransisk bu sirri tam dərk etdi və onunla yaşadı. O, “kiçiklər arasında ən kiçiyi”, təvazökarlar arasında ən təvazökarı adlandırılmaq istəyirdi. Allahın iradəsinə arxalanan əsl “ruhən yoxsul” kimi Fransisk başa düşdü ki, təkbaşına heç nəyə nail ola bilməz. O başa düşdü ki, Rəbb həmişə istədiyimiz hər şeyi vermir, lakin həqiqətən ehtiyacımız olan hər şeyə zəmanət verir. Bu, Assizili müqəddəsin kiçik olmaqla kəşf etdiyi böyük hikmətdir. Bu  gün İsa məhz bu yolu bizə təklif edir ki, biz ürəyimizin bütün suallarına cavab tapa bilək. Müqəddəs Fransisk bu yolu başa düşdü və onunla getdi. İndi bizim növbəmizdir.

03 oktyabr 2025, 22:41