Svyatoslav Şevçuk: Şəri silahla məğlub etmək olmaz
Olqa Skakun – Vatikan
Ukrayna üçün sülh "sadəcə söz və ya bir gün bir-birinə hücum etməməyə qərar verəcək güclülər arasında bir razılaşma deyil: sülh həyat məkanıdır, insan varlığının nəinki qorunub saxlanıla, həm də inkişaf edə biləcəyi harmoniya məkanıdır". Bunu, Papa XIV Leo-nun imanlıları oktyabrın 11-də Müqəddəs Peter meydanına Rozariy duası üçün toplamaq təşəbbüsünü şərh edərkən Şevçuk həzrətləri qeyd edib. "Bu təşəbbüs, eləcə də Müqəddəs Atanın nümunəsi ukraynalıların qəlbində xüsusi əks-səda doğurdu, çünki ölkəmiz hər gün müharibə bəlasından əziyyət çəkir və bəlkə də bütün digər xalqlardan daha çox sülh üçün dua edir və və sülhü arzulayır. Lakin bu sözlərin müasir dildə fərqli mənaları ola bilər. Heç də hər kəs sülhü Allahın ənamı kimi başa düşmür. Sülh içində yaşayan xalqlar sülhü təbii qəbul edirlər. Ukraynalılar isə hər gün sülh üçün dua edirlər, buna görə də onlar Papa XIV Leo -nun Müqəddəs Rozariy duasına xüsusi həvəslə qoşuldular.
İyerarx qeyd edib ki, ibadət mərasimi Allahın Əqdəs Validəsinin Fatima heykəli ilə müşayiət olunub ki, bu da mühüm əlamətdir: Mübarək Məryəm 1917-ci ildə Avropanın müharibədən tükəndiyi vaxt insanlara müraciət edib. Xanımımız "o zaman bu dünyanın qüdrətlilərini, kralları, generalları, prezidentləri və ya hərbi liderlərini axtarmayıb". O, məxluqların ən zəiflərinə - kiçik çobanlara müraciət etdi və onlara sülhə nail olmaq üçün alətlər verdi: dua və tövbə. "Şəri silahla məğlub etmək mümkün deyil", - deyə Şevçuk həzrətləri vurğuladı. "Şərə ancaq iman gətirməklə, yəni pisliyi tərk edib Allaha qayıtmaqla qalib gəlmək olar. Odur ki, sülh üçün dua etmək müharibəni təbliğ edənlərin iman gətirməsi üçün dua etmək deməkdir. Və biz ukraynalılar bu çağırışı qəbul etdik: bizi öldürənlərin iman gətirməsi üçün dua edəcəyik".