Axtar

2024.11.02 XXXI b domenica

Liturgiya oxunuşları: 18 NOYABR. Adi Dövrün XXXIII həftəsinin çərşənbə axşamı

“İncildə deyilir ki, “İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam»”. Bu çox gözəl təsvirdir, çünki İsa başını qaldırmalıdırsa, bu, Onun Zakkaya aşağıdan baxdığı anlamına gəlir. Bütün xilas hekayəsinin mahiyyəti budur: Allah bizi alçaltmaq və qınamaq üçün bizə yuxarıdan aşağı baxmadı; əksinə, bizə aşağıdan baxaraq və ləyaqətimizi bərpa edərək ayaqlarımızı yumaq üçün əyildi” (Papa Fransisk, Rəbbin Mələyi 30.10.2022).

BİRİNCİ OXUNUŞ 2 Mak 6,18-31

İlahiyatçılar arasında ən mötəbər olan, artıq yaşa dolmuş və çox gözəl zahiri görünüşə malik olan Eleazarı donuz əti yeməsi üçün ağzını açmağa məcbur edirdilər. Amma Eleazar şərəfli ölümü murdar olub yaşamaqdan üstün tutdu və könüllü surətdə işgəncə yerinə doğru getdi. O, ağzındakını tüpürdü. İnsanın təbiətən öz həyatını qorumaq duyğusuna baxmayaraq, qəbul edilməsi qadağan olunmuş şeyləri rədd etmək üçün cəsarət göstərməsi zəruridir. Qanuna zidd olan bu qurban mərasimini təşkil edənlər Eleazarla çoxdankı tanışlıqlarından ötrü onu bir kənara çəkib inandırmaq istədilər ki, o, yemək üçün məqbul olan, özünün hazırladığı əti gətirsin və zahirdə özünü padşahın buyurduğu qurban ətini yeyirmiş kimi göstərsin. Onlar köhnə dostluqlarından ötrü ona xeyirxahlıq edirdilər. Eleazar belə etsəydi, ölümdən qurtulmuş olacaqdı. Amma Eleazarın verdiyi nəcib qərar onun yaşına, ixtiyar çağına və ağarmış saçlarına layiq idi; o, buna uşaqlıqdan bəri düzgün davranışı ilə və hər şeydən əvvəl, Allahın bərqərar etdiyi müqəddəs qanunlara riayət etməklə nail olmuşdu. O, öz əqidəsini dərhal bəyan edib istədi ki, onu ölülər diyarına göndərsinlər. O dedi: “Belə riyakarlıq mənim yaşıma yaraşmaz, yoxsa bir çox gənc elə zənn edər ki, Eleazar doxsan yaşında ikən yadellilərin dinini qəbul etmişdir. Qısa və ani bir həyat müddəti naminə belə riyakarlıq etməyim onları mənə görə əyri yola sala bilər. Mənsə ixtiyar çağımda özümə çirkinlik və ləkə gətirmiş olaram. Hətta indi insanın verdiyi cəzadan qaçsam belə, istər diri olum, istər ölü, Külli-İxtiyarın əlindən canımı qurtara bilməyəcəyəm. Amma indi kişi kimi ömürlə vidalaşsam, özümü yaşıma layiq göstərmiş olaram. Gənclər üçün də layiqli bir nümunə - hörmətə layiq və müqəddəs qanunlar uğrunda həvəslə və mərdliklə ölmək nümunəsi qoyub getmiş olaram”. O, bunları dedikdən sonra dərhal işgəncə yerinə tərəf getdi. Eleazarı müşayiət edənlər bundan əvvəl ona bir qədər xeyirxah duyğular bəsləsələr də, indi münasibətləri nifrətə doğru dəyişdi, çünki onun bayaq dediyi sözləri ağılsızlıq hesab etdilər. Zərbələr altında ölməmişdən əvvəl Eleazar ucadan inildəyib dedi: “Rəbbə müqəddəs biliyi vasitəsilə əyandır ki, mənim ölümdən qurtulmaq imkanım olduğu halda bədənimin qamçılanması ilə dəhşətli iztirablar çəkirəm. Amma qəlbim buna sevinclə dözür, çünki mən Ondan qorxuram”. Eleazar beləcə öldü. O, öz ölümü ilə yalnız gənclər üçün deyil, həmçinin millətin əksəriyyəti üçün də bir nəciblik nümunəsi və cəsarət örnəyi qoyub getdi.

Təfsir

Makkabilər dövrü qəhrəmanlıqla dolu müqavimət və Qanuna sədaqət nümunələri ilə zəngindir. Daha vacib olan nədir: yer üzündə daha bir neçə il yaşamaq üçün Rəbbin adını inkar etmək, yoxsa Onun üçün ölmək və dərhal cənnətə girmək? Ölüm qorxusu başa düşüləndir, xüsusən də öldürüləcəyini bildiyin zaman. Lakin, məhz bu şəraitdə sadiq qalmaqla bütün həyatımıza dəyər veririk. Ölüm anı həyatda ən vacib olan andır; o, həyatın nəticəsidir, son sözüdür, eyni zamanda o, əgər dərhal Səmavi Padşahlığa keçiriksə, gerçək həyatın ilk sözünə  çevrilir. Şəhid Allaha sədaqətini bəyan edərək ölür və buna görə də bu, onun əbədi həyatda dediyi ilk sözdür. Məşhur italyan keşişi və ilahiyyatçısı Divo Barsotti demişdir ki, əgər insan Yevxaristiyanı qəbul edirsə, o, şəhidliyə həvəsi hiss etməlidir, çünki Rəbbimiz sevginin Özüdür və O, şəhid olaraq öldü. Buna görə də, Allahla birləşmə daxili rifah vəziyyətində yaşamağa deyil, şəhidliyə hazır olmağa yönəlmişdir. Xristianlıq poeziya deyil: o, dramdır, sevgi dramı. Əhdi-Ətiq dövründə yaşamış Eleazar buna şahidlik edir.

İNCİL Luka 19,1-10

İsa Yerixoya daxil olub oradan keçirdi. Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi. İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!» Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam». İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir».

Təfsir 

Zakkay adı "Allah xatırlayır" deməkdir. Bu vergiyığan böyük günahkara çevrildi; o, boyu kiçik, eyni zamanda ruhu da kiçik insan idi. O, xoşbəxt deyildi, çünki öz kölgəsində yaşayanlar heç vaxt məmnun olmazlar. Bir gün o, Məsihin baxışları ilə qarşılaşdı və bir anda Allahın işığını, eləcə də öz ruhunun qaranlığını gördü. O, düşdüyü vəziyyətə artıq dözə bilmədi və bir anda özünü azad hiss etdi: əvvəlcə günahdan, sonra isə faydasız həyatının yükündən. Zakkay sadə bir baxışlamı tövbə edib iman gətridi? Bəli, çünki İsanın gözlərində o, hər şeyə qadirliyi, sevgini, xeyirxahlığı, mərhəməti və bağışlamanı oxudu. Allahın Kəlamı bir söz demədən insanın ürəyinə endi və onun təməllərini sarsıtdı. Zakkay başa düşdü ki, Allah onu həqiqətən xatırlayıb, ardıca getməyə dəvət edir və nəhayət, azad və təvazökar bir insan olmağa çağırır.

18 noyabr 2025, 07:58