Axtar

2019.05.26 Vangelo di domenica

Liturgiya oxunuşları: 16 NOYABR. Adi Dövrün XXXIII Rəbb günü

Məsihin şagirdləri tarixin içində yaşamağa, yaxşı əməllərinin həmişə Rəbbin tədbirli və ruhlandırıcı qayğısı ilə müşayiət olunduğuna inamla pisliyin dağıdıcı gücünü dayandırmağa çağırılıblar. Bu, Allahın Padşahlığının bizə gəldiyini, dünyanın mütləq Allahın istədiyi kimi olacağının bariz əlamətidir. Həyatımızı idarə edən və hadisələrin əsas məqsədini bilən Odur (Papa Fransisk, Rəbbim Mələyi 17.11.2019).

BİRİNCİ OXUNUŞ Mal 4, 1-2

Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq.

Təfsir

Malaki peyğəmbər deyir ki, soba kimi yanan bir gün mütləq gələcək. Bu sözlər buğda və alaq otları haqqında İncil məsəli ilə uyğun gəlir: həmin tarlanın sahibi böyük səbir göstərərək, alaq otlarını qoparmamağı, əksinə, yaxşı buğda ilə birlikdə böyüməyə qoyur ki, Qiyamət günündə onlar nəhayət yandırılsınlar. Son bölgü yalnız zamanın sonunda baş verəcək, lakin məhkəmə artıq Rəbb İsanın yer üzündə olduğu andan (əvvəlcə cismani, sonra isə Kilsənin Bədənində) gedir. Pislər bilməlidirlər ki, onlar əbədi olaraq məhv olacaqlar və buna görə də indi onların tövbə etmələrinin vaxtıdır. Gəlin indi Müqəddəs Ruhun alovuna yaxınlaşaq ki, O, içimizdəki "alaq otlarını" yandırsın. Qoy ölüm və məhkəmə anında biz artıq təmiz olaq.

İKİNCİ OXUNUŞ 2 sal 3, 7-12

Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq, heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq. Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik. Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin. Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar. Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər.

Təfsir

Məsihi həyatı və İncilə uyğun yaşamaq işləmək ehtiyacını aradan qaldırmır. Əslində, iş bizi günahdan təmizləyir, çünki Adəmin günahdan sonra aldığı cəza məhz əmək yükü idi ("Alın tərinlə çörək yeyəcəksən", Yaradılış 3,19). Müəyyən mənada, işləməklə biz bu qədim günahdan təmizlənirik. Üstəlik, əmək bizə xidmət etməyi öyrədir və bizi tənbəllikdən və pislikdən qoruyur. Həvarilərin özləri, İncili təbliğ edib çalışsalar da, başqalarının hesabına yaşamaq istəmirdilər, əksinə qismən özlərini təmin etmək üçün işləməyə davam edirdilər. Beləliklə, əməyin ikiqat təsiri var: birincisi, o, qədim günahdan müəyyən dərəcədə təmizləyir; ikincisi, o, inkişafımıza töhfə verir, bizi yetkinləşdirir və bizi məsuliyyətli insanlara çevirir.

İNCİL Luka 21, 5-19

Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq». Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək». Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq. Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar. Bu işlər şəhadət etdiyiniz vaxt olacaq. Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz. Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma başınızdan bir tük belə, əskik olmayacaq. Dayanıb dözməklə canlarınızı qurtarın.

Təfsir 

Rəbb İsa Kilsənin təqib olunacağını qabaqcadan bilir, eyni zamanda bu sınaqların bizim xeyrimizə olacağını bəyan edir. Müharibələrə və təbii fəlakətlərə dözməli olacağıq, eyni zamanda səbirlə əbədi həyatımızı təmin etdiyimizi öyrənəcəyik. Həyatımız və ya onun rifahı təhlükə altında olduqda iman başqa necə sınaqdan keçirilə bilər? Biz məhz çətinliklərlə qarşılaşdıqda mövqeyimizi müəyyənləşdiririk və həmin anda kimə mənsub olmaq istədiyimizi qərarlaşdırırıq. Bu dünyadın nifrəti də əks təsir göstərə bilər: o, bizi imanımızda gücləndirə və daha parlaq edə bilər (necə ki, ulduzların parlaması üçün qaranlığa ehtiyacı var). Dünyadakı xristianların təqib olunmasına təəccüblənməyək. Əksinə, hamı bizim haqqımızda yaxşı danışanda, bizi tərifləyəndə və bizi rahat buraxanda narahat olmalıyıq: ​​bu o deməkdir ki, duz öz dadını itirib və sözlərimiz hamı tərəfindən qəbul edilsə də, ürəyə toxunmur. Bu, pafoslu səslənə bilər, amma xristianlıq qəhrəmanlıq tələb edir. Əsl xristian həyatı həqiqətən risklidir; o, qorxmazlıq və Allahın qüdrətinə böyük etibar tələb edir.

16 noyabr 2025, 10:31