Axtar

2023.12.02 Avvento

Liturgiya oxunuşları: 30 NOYABR. ADVENTİN I RƏBB GÜNÜ

“Oyaq qalmaq və dua etmək: bu gündən Milada qədər belə yaşamalıyıq. Daxili apatiya həmişə özümüzə və həyatımızın problemlərinə, sevinclərinə və kədərlərinə qapanmaqdan, yalnız özümüzü düşünməkdən yaranır. Belə həyat, yorğunluq gətirir, canımızı sıxır və ümidi məhv edir” (Papa Fransisk, Rəbbin mələyi 02.12.2018).

Advent - çervrilmək zamanıdır

30 noyabr 2025-ci il, bazar günü, bizi Milada hazırlayan liturgiya dövrü  - Advent dövrü başlayır. Advent, Allahın gəlişini gözləmə vaxtıdır. O, həmçinin, peyğəmbərlərin səsi, xüsusilə Vəftizçi Yəhyanın səsi vasitəsilə bizi iman gətirməyə, həyatımızı dəyişməyə, mənən və ruhən çevrilməyə dəvət edir – “Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb” (Matta 3, 2). Advent həm də sevinc dolu ümid vaxtıdır, çünki "bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik." (1 Yəhya 3, 2). Advent dövrü Adventin ilk Rəbb gününün birinci axşam duası ilə başlayır və Miladın birinci axşam duası ilə bitir. Advent dövründə Müqəddəs Messada "Göylərdəki uca Allaha həm olsun" himni ona görə oxunmur ki, o, Milad gecəsi Messasında daha təntənəli şəkildə səslənsin. Advent dövrünün liturgiya rəngi bənövşəyidir. Adventin üçüncü Rəbb günü (“Gaudete” – Sevinc Rəbb günü), istəyə görə, liturgiya geyimlərinin rəngi çəhrayı ola bilər. Çəhrayı rəng, Məsihin dünyaya gəlişi günü – Miladın yaxınlaşmasından irəli gələn sevinci simvolizə edir.

ADVENT ÇƏLƏNGİNİN İLK ŞAMININ YANDIRILMASI

Ya Rəbb, biz, ümidimizin əlaməti  olan bu işığı yandırırıq.  Gəl, ey Rəbb İsa, və içimizdə ayıqlıq alovunu qoru. Tarixin və həyatımızın qaranlıq guşələrini ziyarət et ki, onları Öz nurunla işıqlandırasan. Qoy Məryəm Ana bu gözlənti dövründə bizim yol yoldaşımız olsun.  

BİRİNCİ OXUNUŞ Yeşaya 2,1-5

Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri: Axır zamanda Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan,nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.

Təfsir

Peyğəmbərlər arasında Yeşaya ən geniş baxışa malikdir. O, israillilərə müraciət edir, lakin həmişə bütün xalqların bir olan Allaha və Rəbbə iman gətirəcəklərini nəzərdə tutur. Bəli, çünki çoxlu “allahlar” yoxdur; yalnız bir Allah var və O, bütün xalqlar tərəfindən tanınmalıdır ki, onlar Ona tərəf dönə bilsinlər. Yeşaya deyir ki, bütün xalqlar Rəbbin Məbədinin yerləşdiyi Yerusəlimə axın edir. Sonra görüntü genişlənir və ümumdünya sülh dövrü elan edilir (padşahlıqlar artıq bir-biri ilə müharibə etmir). Bu sülh mütləq gələcək, çünki peyğəmbərliklər yalan danışmır, lakin o, yalnız Allahın lütfünü və bağışlanmasını qəbul edən mübarəklərin əbədi həyatında tam şəkildə gerçəkləşəcək. Bu, hər il Adventin əvvəlində təntənəli şəkildə elan edilən böyük bir bəyanatdır: sülh və bütün xalqların tək Allaha üz tutması yalnız Məsihdə mümkündür. Çünki insan yalnız Bəşər olmuş Allah vasitəsilə ilahi həyatda iştirak edə bilər. "Oğulu inkar edən hər kəs Ataya da malik deyil".

İKİNCİ OXUNUŞ Rom 13,11-14

Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək. Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq. Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.

Təfsir

Biz Rəbb İsa Məsihə necə bürünə bilərik? Həvari Paulun bu çağırışını ciddiyə almalıyıq. Bizim üçün geyim zahiridir, bədəni örtsə də, ruha nüfuz etmir. Bəs Rəbb İsa? O da mı zahirimizdə qalmalıdır? Əlbəttə ki, yox. Məsihə bürünməyin mənası budur: ruhumuz Rəbb İsanın bəxş etdiyi yeni həyatla, Müqəddəs Ruhla dolmalıdır. Ruh qəlbimizdə yaşayır və oradan Öz nurunu saçır, bizi də özəl edir. Ruhun yeni həyatı ilə yaşayıırıqsa, hər şey dəyişir: pis olmaqdan qurtulub yaxşı oluruq, ağılsız olanlardan müdrik oluruq, tutqun, kədərli və ruhdan düşmüşdən nurlu və cəsarətli insana çevrilirik.

İNCİL Matta 24,37-44

Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq. Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.

Təfsir 

Advent başlayır. Bu həftələrin liturgiyasının əsas mövzusu diqqətli və hazır olmağa çağırışdır, çünki Bəşər Oğlu gəlir. Söhbət yalnız İsanın Beytlehemdəki mağarada doğulmasından gedirsə, o zaman bu çağırış yersiz səslənir. Məsələn, Yuli Sezarı və ya Qandini gözləyə bilərikmi? Xeyr, onları xatırlaya, həyatlarını öyrənə bilərik, amma onlar artıq bir dəfə dünyaya gəlib məqsədlərinə çatıblar; biz onların gəlişini gözləmirik. Buna görə də, İsanın gözlənilən gəlişi Onun Mövludu, Qiyamət günündə baş verəcək qayıdışıdır. Beytlehemdəki İlk Gəliş İkinci Gəlişlə ayrılmaz şəkildə bağlıdır. Hazır olmaq çağırışı Son Gəliş qarşısında səslənir. Buna ehtiyacımız var, çünki günah bizi daim dünyəvi işlərə qərq olmağa və xüsusi bir şey gözləməməyə dartır. Buna görə də hər il Adventi qeyd edirik: ölüm anında və Son Məhkəmədə Məsihlə görüşməyə hazırlaşırıq. Bunu Müqəddəs Məryəmin bətnində körpə kimi dünyaya gələn Rəbb İsanı sevgi və minnətdarlıqla izzətləndirməklə edirik.

29 noyabr 2025, 22:33