Axtar

2025.05.25 Basilica di San Giovanni in Laterano

Liturgiya oxunuşları: 9 NOYABR. Lateran bazilikasının təqdis edilməsi

“Dirilmiş Məsih Allah ilə bəşəriyyət arasında universal qarşılaşma məkanıdır. Buna görə də, Onun insani təbiəti Allahın Özünü aşkar etdiyi, danışdığı və bizim Onunla görüşməyimizə imkan verdiyi həqiqi məbəddir” (Papa Fransisk, Rəbbin Mələyi 08.03.2015).

"Müqəddəs Lateran Kilsəsi, Roma və dünyanın bütün kilsələrinin anası və başçısı." Bu, Romanın Lateran təpəsindəki Müqəddəs Yəhya Lateran Bazilikasının girişinin hər iki tərəfindəki fasadda yerləşən latınca yazının tərcüməsidir. Kilsənin tam adı Əqdəs Xilaskar və Müqəddəslər Vəftizçi Yəhya və Müjdəçi Yəhyanın arxibazilikası.Bu bazilikada Roma yepiskopu olan Papanın taxtı yerləşir. Bu, Romada tikilmiş dörd əsas Papa bazilikasından birincisi və Qərbdə ən qədimidir. Bazilikanın tarixi imperator Konstantinin hekayəsi ilə sıx bağlıdır: Maksentiusla döyüş ərəfəsind, üzərində "In hoc signo vinces" ("Bu işarə ilə qalib gələcəksən") yazısı olan bir xaç görüntüsündən sonra, imperator, ordusunun qalxanlarına xaç işarəsini həkk etdi və döyüşdə qalib gəldi. Konstantin nəinki açıq şəkildə xristian ibadətinə icazə verdi (313 il), həm də Romada ilk xristian bazilikasının inşasına dəstək oldu. Kilsə bu məşhur bazilikanın 9 noyabrda təqdis edilməsini qeyd edir və onu Əqdəs Xilaskara həsr edən Papa I Silvestr tərəfindən təqdis edilməsini xatırlayır (IX əsrdə o, həmçinin Vəftizçi Yəhyaya həsr olunmuşdu və XII əsrdə Müqəddəs Yəhya Müjdəçisi əlavə edildi). Bu bayram Roma yepiskopu və Ümumdünya Kilsəsinin başçısı olan Papa ilə birliyi ifadə  edir.

BİRİNCİ OXUNUŞ Yez 47,1-2.8-9.12

O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək. Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa vermək üçün istifadə olunacaq».

Təfsir

Yezekel peyğəmbərin kitabı iki əsas məqamı əks etdirir: bundan qabaq peyğəmbər Allahın izzətinin Babil əsirliyindən əvvəl Məbədi necə tərk etdiyini təsvir etmişdi (Yezekel 11,22). İndi isə peyğəmbər, sürgünə məruz qalanlara təsəlli verir və Məbədin dini həyatın mərkəzi kimi tezliklə bərpa olunacağını açıqlayır. Görüntüdə Məbədin qapılarından axan həyatverici su (balıq, solmaz yarpaqlar, möcüzəvi meyvələr) haqqında danışılır. Tarix göstərdi ki, hətta bərpa edilmiş Məbəd də yenidən məhv edildi (eramızın 70-ci ilində). Bu o deməkdir ki, Allahın yaxın olmasının şərti var və o, "gedib-gələ" bilər. Lakin daha dəqiq bir məna budur: Allah Varlığın özüdür. İnsan, günah vasitəsilə Allahın hüzurundan uzaqlaşa bilər.  Allahın əhdi "yeni və əbədi" oldu. İndi Onun Məbədi  lütf içində yaşayan bizik. Bizdən tələb olunan tək şey Allahın hüzurunda qalmaqdır, çünki indi o, bir binaya bağlı deyil, bir insanın daxilində yaşayır.

İKİNCİ OXUNUŞ 1 Kor 3, 9b-11.16-17

Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz. Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.

Təfsir

Bədənimiz Allahın məbədidir: bu, o qədər inanılmaz görünür ki, fövqəladə iman tələb edir. Bir insanın daxilində Müqəddəs Ruh yaşayırsa, o, artıq sadəcə insan deyil. Bu, sevgi möcüzəsidir. Nəticə etibarilə, əxlaqi həyat və qaydalar ikinci dərəcəlidir; onlar kim olduğumuzun nəticəsidir. İlk olaraq, həqiqətən kim olduğumuzu tanımalı, içimizdə Allaha ibadət etməli, Onu insan mahiyyətimizə qəbul etməli və Onun ruhumuzda ilk və ən vacib yeri tutmasına icazə verməliyik. Müvafiq əxlaqi həyat tərzi sürərək bu İlahi Varlığı diqqətlə qorumalıyıq. Bu böyük ləyaqəti (məbəd olmağı) yalnız təvazökar və saf qalıb İlahi Varlığın daim fərqində yaşamaq şərti ilə daşıya bilərik.

İNCİL Yəhya 2,13-22

Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19 *İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?»  Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar.

Təfsir 

İnsan ilk (və yeganə) dəfə əlinə qamçı alıb qəzəb nümayiş etdirən İsanın qeyri-adi sərtliyinə təəcüblənir. Bu hərəkət müqəddəs qeyrət ilə diktə olunur, çünki Allahın hüzurunun müqəddəs yeri təhqir edilə bilməz. Hətta təvazökar müqəddəslər belə Allahın hüquqları pozulduqda insanlara və ya əşyalara qarşı səslərini qaldırıblar. Buna görə, "müqəddəs qeyrət" qanuni və düzgündür, çünki o, insanları Müqəddəs Ruhun fundamental, güzəştsiz tələblərini yerinə yetirməyə təşviq edir. Hərəkətlər sözlərdən daha yaxşı yadda qalır. İsanın süfrələri çevirdiyini görəndə Onun Ataya olan sarsılmaz sevgisini və Atanın sevilməsinə, hörmət edilməsinə və tanınmasına olan ehtiyacını görürük. Allah ali, mütləqdir və O, sadələşdirilə və ya adi hala gətirilə bilməz. Məbədin təmizlənməsi, Rəbbin köhnə ibadətin (Məbəddə mərkəzləşmiş) sona çatacağını və Onun dirilməsi ilə əvəz olunacağını nümayiş etdirdiyi bir peyğəmbərlik hərəkəti idi.

08 noyabr 2025, 16:35