Liturgiya oxunuşları: 1 NOYABR. Bütün Müqəddəslərin Günü
BİRİNCİ OXUNUŞ Vəhy 7,2-4.9-14
Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi: «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın». Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi. Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!» Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:«Amin! Allahımıza əbədi olaraq alqış, izzət, hikmət, şükür, şərəf, qüdrət və qüvvət olsun! Amin!» Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?» Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Təfsir
Bibliyadan olan bu parça Səma ilə yer üzündəki liturgiyanı əlaqələndirir. Əsas fikir budur ki, xristian liturgiyası Səmada qeyd olunan əbədi liturgiyanın əksidir. İlahiyyatçı Yəhyanın görüntüsündə müqəddəslər və mələklər daim Allaha ibadət edirlər. Bu o deməkdir ki, Səma - əbədi ibadət yeridir (liturgiya). Buna görə də, yer üzündəki Kilsənin vəzifəsi müqəddəs ayinləri "əlçatan" etmək deyil, imanlıların Allahın gerçəkliklərinə yüksəlməsinə kömək etməkdir. Jestlər, ilahilər, geyimlər, buxurdanlar və ibadət hərəkətləri vasitəsilə biz gündəlik həyatdan kənara çıxaraq ruhlarımızı hər şeyin nizamlandığı və Allaha yönəldildiyi Səmaya ucaldırıq. Vəhy kitabından ağ xalatlı çoxlu sayda müqəddəsi təsvir edən parça, gündəlik xristian həyatımızda müqəddəsləri təqlid etməyə çağırışdır. Allaha həsr olunmuş gündəlik həyat müqəddəslərin yanında iştirakımıza çevrilir: müxtəlif təqiblərə (kiçik və ya böyük) dözəndə "şəhid" oluruq. Rəbbi "bölünməmiş ürəklə" sevəndə, yəni Məsihə sadiq qaldıqda "bakirələrin xorunda” oluruq. Biz hansısa bir tövbə, oruc və ya özündən imtina əməli etdikdə "zahidlər cəmiyyətində" oluruq. Liturgiyada göy və yer vahid bir bütövdə birləşir: liturgiya dünyəvi və səmavi dünyalar arasındakı sərhədləri silir. Məsihin Bədəninə şərik olaraq, biz Kilsə olan o böyük və vahid Bədənin hissəsinə çevrilirik. Kilsə burada bütövlükdə başa düşülür: döyüşkən (şər və günaha qarşı mübarizə aparan yer üzündəki imanlılar), əzab çəkən (ərafdakı ruhlar) və müzəffər (göydəki müqəddəslər). Beləliklə, biz liturgiyanı dünyəvi bir hadisə kimi deyil, cənnətə giriş kimi qəbul etməyə çağırılırıq, harada ki şərlə mübarizəyə və xidmətə həsr olunmuş həyatımız müqəddəslərin əbədi ibadəti ilə birləşir.
İKİNCİ OXUNUŞ 1 Yəhya 3,1-3
Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır. Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
Təfsir
Həvari Yəhya kim olduğumuzdan və kim olacağımızdan bəhs edir. Mətn ən böyük hədiyyənin tanınması ilə başlayır: biz artıq Allahın övladlarıyıq. Lakin, Vəftiz olunmağımıza və tez-tez Yevxaristiyanı qəbul etməyimizə baxmayaraq, biz hələ də mükəmməllikdən uzaqıq. Ölüm anında həyatımızı Rəbbə təslim etdikdə gerçəkləşəcək son hədiyyəmiz – özümüz - yoxuq. Bu, radikal bir nəticəyə gətirib çıxarır: bütün həyat ölümə hazırlıqdan başqa bir şey deyil. Bu məntiqə görə, ölüm varlığımızın zirvəsidir, ən yüksək və Allahın istəyi ilə ən gözəlidir. Ölüm son deyil, Allaha son təslimiyyət aktıdır. Buna görə də Müqəddəs Yəhyanın məktubu ümiddən bəhs edir. Biz hələ də gözləyirik, günbəgün tövbə etməklə özümüzü təmizləyirik. Bu "Səma arzusu" ilk məsihçilər arasında, xüsusən də təqiblər dövründə çox yaygın idi: onların həyat yolu dünyəvi nailiyyətlərə deyil, əbədi nemətlərə nail olmağa yönəlmişdi. Ölmək nəhayət Məsihlə yaşamağa getmək, Allahın məhəbbətinə tamamilə qərq olmaq demək idi. Beləliklə, ölüm faciə deyil, yaşamağa və özümüzü təmizləməyə dəyər son görüş anıdır.
İNCİL Matta 5,1-12a
İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi: «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür.
Təfsir
İncilin bəxtiyarlıq əmrləri Səmavi Padşahlığa daxil olmağa imkan verən "pasporta" bənzəyir. Təsadüfi deyil ki, biz cənnəti Allahı birbaşa seyr etməyi ifadə edən ənənəvi teoloji termin olan "beata visione" (bəxtiyar görüntü) adlandırırıq. Bu, ən yüksək xoşbəxtlikdir və müqəddəslər bu məqsədə çatdılar. Əgər biz bəxtiyarlıq əmrlərinə riyaət edib, səbir, təvazökarlıq və çalışqanlıq nümayiş etdirsək, onda artıq burada, yer üzündə ölümdən sonra nə olacağının dadını hiss edirik. Bəxtiyarlıq əmrləri bu göz yaşları vadisi ilə Cənnətin izzəti arasında uzanan və möhkəm tutduğumuz bir ipdir. Onlar qurtuluş ipidir; onlar təkəbbürlüləri, təqibçiləri və qəlbi natəmizləri ucaldan bir dünyanın istəklərinə zidd bir həyat tərzini təbliğ edirlər. Təqib, xristian yolu ilə getdiyimizin əmin bir əlamətidir. Lakin qorxmayaq, hətta xristian yolu ilə gedən insanların sayı az olsa belə. Allah ilə birlikdə olduğumuz zaman biz həmişə çoxluqdayıq, çünki bütün cənnət bizimlədir.