Liturgiya oxunuşları: 17 NOYABR. Adi Dövrün XXXIII həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ 1 Mak 1, 10-15.41-43.54-57.62-64
Onların arasından günahın kökü olan bir adam meydana çıxdı: bu, padşah Antioxun oğlu Antiox Epifan idi; o, bir zaman Romada girov kimi yaşamışdı. O, Yunan padşahlığının yüz otuz yeddinci ilində padşah oldu. Həmin günlərdə İsrailin arasından qanuna zidd davranan adamlar çıxdılar. Onlar çoxlarını inandıraraq deyirdilər: “Gəlin, ətrafımızdakı başqa millətlərdə ittifaq yaradaq, çünki onlardan ayrılandan bəri çoxlu bəlalara düçar olduq”. Bu sözlər adamların gözündə xoş göründü. Xalqdan bəzisi buna həvəs göstərib padşah Antiox Epifanın yanına yollandı. O da onlara bütpərəst adətinə riayət etmək səlahiyyətini verdi. Yerusəlimdə bütpərəst adətinə uyğun idman kompleksi düzəltdilər. Onlar özlərini sünnətsiz edib müqəddəs əhdi tərk etdilər. Bütpərəstlərlə birləşib şər işlərlə məşğul olmağa başladılar. Bundan sonra padşah Antiox Epifan bütün padşahlığına yazdı ki, qoy hamı bir xalq olsun; hər kəs öz ənənəsindən əl çəksin. Bütün millətlər padşahın sözü ilə razılaşdılar. İsraildən də bir çoxları onun dinini bəyəndilər, bütlərə qurban gətirdilər və Şənbə gününü adi saydılar. Yüz qırx beşinci ilin Kislev ayının on beşinci günü padşah viranəlik gətirən iyrənc şeyi qurbangahın üzərində tikdi, Yəhudanın ətrafındakı şəhərlərdə bütlər üçün qurbangahlar qurdular. Evlərin qapısında və küçələrdə ətirli buxur yandırdılar. Tapdıqları Qanun kitablarını cırıb odda yandırdılar. Haradasa bir nəfərdə Qanun kitabı tapılsaydı, ya da bir kəs qanuna riayət etsəydi, padşahın hökmü ilə edam olunardı. Amma İsraildə bir çoxu qətiyyətli oldu, natəmiz şeyləri yeməməyə cəsarət etdi. Onlar yeməklə murdarlanmaqdan və müqəddəs əhdə hörmətsizlik etməkdənsə, ölümü üstün tutdular və edam olundular. İrsaili həddən artıq böyük bir qəzəb bürümüşdü.
Təfsir
Babil sürgününün yetmiş ili cəza və dərs olmalı idi. Vətənlərinə qayıdışdan sonra həm də əsl imana və əvvəlki ruhani qeyrətə böyük bir qayıdış gözləmək olardı. Amma yox: İsraillilər bütpərəstlərlə ittifaq qurdular, onların düşüncə tərzini mənimsədilər, Allaha sədaqətlərindən utandılar, müqəddəs kitabları məhv etdilər və ibadət üçün ayrılmış yerlərdə bütpərəst məktəblər qurdular. Əsl fəlakət. Bəs onda niyə sürgündən qayıdan xalq sadiq qala bilmədi? Onlar özlərini Uca Allahın yerinə qoydular. Əgər insan Allahı tanımadan öz ağlı ilə yaşayırsa, nəyin yaxşı, nəyin pis olduğunu özü müəyyən edir və başqasının (Qanunun və ya Allahın) təlimatı və nəsihətinə dözümsüz olur. Ən böyük pislik, insanın başqaları üçün nəyin yaxşı, nəyin pis olduğunu qərar vermək hüququnu öz üzərinə götürməsidir. O zaman hər şey dağılır və hökmdar zalım tirana çevrilir: bu gün bir şey, sabah isə əksini deyir. Təəssüf ki, bu, artıq bəşər tarixində müşahidə olunub. Sabitliyə, həqiqətə və yaxşılığa zəmanət verən yalnız Allahdır.
İNCİL Luka 18, 35-43
İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi. Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?» Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir». Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın». İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.
Təfsir
Bizi iman xilas edir. Məsih dərhal diqqəti Özündən yayındırır və onu kor adama ötürür: "Səni xilas edən Mən deyiləm, Mənə olan imanındır." Rəbb şəfa verən və ya möcüzə yaradan hesab olunmaq istəmir, çünki O bilir ki, belə bir vəziyyətdə insanlar Onu yalnız fiziki şəfa üçün axtaracaqlar. Aramızda kim dərhal bir sözlə müxtəlif, hətta sağalmaz xəstəlikləri müalicə edə bilən birinə tərəf qaçmaz? Amma o zaman insanlar yalnız öz sağlamlıqları ilə maraqlanardılar, Rəbbin Özü ilə yox. İsa bizim Ona tam etibar etməyimizi istəyir, çünki O, bütün qəlbi ilə bizə əbədi həyat, günahlarımız üzərində qələbə və Müqəddəs Ruhda yeni həyat bəxş etmək istəyir. Gəlin Yerixolu kor adam kimi davranaq. Əlbəttə ki, özümüz və başqaları üçün Rəbbdən hər hansı bir lütf diləyə bilərik, amma unutmamalıyıq ki, Onun əsas məqsədi səmimi iman gətirməyimizdir. Bu baxımdan müqəddəslər ən yüksək nümunəni göstərirlər. Onlar adətən başqaları üçün şəfaət edirlər, lakin özləri üçün yalnız Məsihin həyatında iştirak etmək imkanı istəyirlər, günahkarların tövbə etməsi üçün əzablarını Rəbbə təqdim edirlər.