Axtar

2018.10.31 FESTA DEI SANTI

Liturgiya oxunuşları: 2 NOYABR. Bütün Mərhumların Günü

“Müqəddəs Paul deyir ki, ümid heç vaxt boşa çıxmır. Ümid Allahın ənamıdır, o, bizi həyata və əbədi sevincə aparır; o, ölümün o tayına atılan bir lövbərdir..."bilirəm ki, Satınalanım yaşayır, mən Onu görəcəyəm": bu sözlər sevincdə, kədərdə və ölüm anında təkrarlanmalıdır” (Papa Fransisk, Tevton qəbiristanlığının ibadətgahında Messa 02.11.2020).

BİRİNCİ OXUNUŞ Əyyub 19,1.23-27a

Əyyub belə cavab verdi: Kaş ki sözlərim yazılaydı, kitaba köçürüləydi, dəmir qələmlə, qurğuşunla əbədi qalmaq üçün bir qayaya həkk olaydı. Amma mən bilirəm ki, Satınalanım yaşayır, axırda O, yer üzərində dayanacaq. Dərim yox olandan sonra bədən alıb Allahı görəcəyəm. Mən Ona baxacağam, başqası yox, mən öz gözlərimlə görəcəyəm.

Təfsir

Əzab çəkən Əyyub kədərinin dərinliyində Xilaskarının yaşadığını və onu son gündə tozdan qaldıracağını peyğəmbərcəsinə bəyan verir. Toz -  günah üzündən torpağa qayıdan məhv olmuş insanın simvoludur (Yaradılış 3, 19). Kül halına salınmış bu insan bədəninin üzərində Yaradan ucalır. Lakin Allah sadəcə Yaradan deyil, həm də Xilaskardır – bizi satınalan,  bizim üçün pul ödəyən və Özünü qurban verən. O, Pentikost günündə Ruhunu göndərərək həqiqi, əbədi və lütfkar həyatı bərpa edir. Saleh Əyyub Yaradandan danışaraq Xilaskarı gözləyir. Bütün Müqəddəs Kitab ölümü və dirilməsi ilə göyün qapılarını açan Rəbb İsa Məsihə yönəlib. Allahın xidmətçisi Ata Divo Barsotti əminliklə deyirdi: "Ölüm hər şeyin sonu deyil. Bizi ölənlərə bağlayan sevgi daha da güclü və daha saf olur. Onlar indi əbədi həyatda olduqları üçün bizi daha çox sevirlər, hətta ərafda təmizlənmə yolunda olsalar belə." Ölüm yalnız günahlı bir dünyada daim ölməkdən əbədi həyata keçiddir.

İKİNCİ OXUNUŞ Rom 5,5-11

Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq. Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.

Təfsir

İnsan məntiqinə görə, heç kim ona zərər verən və ya ondan nifrət edən biri üçün canını verməz. Biz yalnız sevdiklərimiz üçün özümüzü qurban verməyə hazırıq. Bizdən nifrət edən biri üçün canımızı qurban vermək tamamilə məntiqsiz görünür. Amma Məsih üçün yox: çarmıx qurbanı üzərində düşünərək, Həvari Paull qeyd edir ki, Rəbb əzab kasasını Ondan nifrət edən, Ona laqeyd olan və hətta xilas olmaq istəməyən insanlar üçün içib. Bu, Məhəbbətin özü olduğu üçün sevən Allahın sevgisinin təbiətini ortaya qoyur. Bu sevgi rədd edilsə belə, Rəbb yenə də sevməyə davam edir. Əgər Allah kədər yaşayırsa, bu, yalnız Allahın sevgisini rədd edən hər kəsin özünü əbədi lənətə məhkum etdiyini bildiyi üçündür. Uca Allah Özü üçün deyil, bizim üçün kədərlənir. Gəlin başqasını "böyük günahkar" hesab etməyək: gəlin özümüzə baxaq, çünki Müqəddəs Paulun müraciət etdiyi günahkarlar bizik. İsa, biz hələ günah içində ikən öldü: təkcə bu, Məsihin qurbanında radikal, məntiqsiz, lakin mütləq bir məhəbbət təzahürü görmək üçün kifayətdir. Bu məhəbbət insandan yalnız bir cavab tələb edir:  təvazökarlıq, eqoizmdən imtina və xilas hədiyyəsini qəbul etmək.

İNCİL Matta 5,1-12a

İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi: «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür.

Təfsir 

İsa bizi mühakimə etmək üçün deyil, özümüzdən xilas etmək üçün gəlmişdir. İlk günahdan sonra öz öhdəsinə buraxılan insan həyatdan bacardığı hər şeyi götürməyə çalışır. O, zövq, məmnunluq və rifah axtarır, amma səhv istiqamətdə - özünü mərkəzə qoyaraq hər şeyi öz ətrafında fırlatmaqla. Məsih bu vəziyyəti tərsinə çevirir və deyir ki, əbədi həyatı tapmaq üçün Oğulu görməli və Ona inanmalıyıq. Bu, müəyyən dərəcədə səy tələb edir: öz maraqlarından kənara çıxmaq, özünü təcrid etməmək, xoşbəxtliyi sahib olmaqda deyil, verməkdə axtarmaq. Bu yol, zahirən sadə olsa da, asan deyil, çünki pozulmuş təbiətimiz böyük müqavimət göstərir. Mənəvi həyat, mahiyyət etibarilə, bu müqavimətə qarşı fasiləsiz mübarizədir. Müqəddəs Nikolay Flue deyirdi - "Məni özümdən al!".  

01 noyabr 2025, 00:51