Liturgiya oxunuşları: 9 DEKABR. Adventin II həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 40,1-11
Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, təqsirlərinin əvəzinin verilməsini, bütün günahlarına görə Rəbbin əlindən ikiqat cəza aldıqlarını onlara bəyan edin». Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. Hər dərə yüksəldiləcək, hər dağ və təpə aşağı endiriləcək, yoldakı əyriliklər düzələcək, kələ-kötür yerlər hamar ediləcək. Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. Səs deyir: «Bəyan et!» «Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Rəbb nəfəsini üzərinə üfürəndə ot quruyar, çiçək solar, həqiqətən, bu xalq ota oxşar. Ot quruyar, çiçək solar, amma Allahımızın sözü əbədi qalar». İsrail Allahı qüdrətlidir. Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, ucalt səsini, car çək, qaldır səsini, qorxma.Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, mükafatı Onunladır, ənamı önündədir. O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq.
Təfsir
Allah peyğəmbərə sürgünün bitdiyini və evə qayıtmağın vaxtının gəldiyini deyir. Əsirlikdə olanlar üçün necə də böyük bir təsəlli! Müqəddəs Torpağa qayıdışı Allah Özü asanlaşdıracaq: O, dağlıq əraziləri düzənliyə çevirəcək və quzularını çiyinində daşıyan çoban kimi davranacaq. Qoy İsanın Miladı xəbəri bizi də eyni həyəcan və sevinclə doldursun! Bizim zindanımız Babil deyil, günahdır; həbsimiz dəmir barmaqlıqlı qala deyil, daxili zülmətimizdir. Allah yer üzünə gəlir, insanları azad edir (İsa adı "Allah xilas edir" deməkdir) və onları lütf içində həyat olan Vəd edilmiş Torpağa qaytarır. İman gətirənlər bizə deyirlər ki, Müqəddəs Ayinlərə və Kilsəyə qayıtmaları onlar üçün əsl "evə qayıdış" oldu. Bu belə də olmalıdır, çünki bizim həqiqi evimiz bizi sevən Ata Allahın qəlbindədir; bizi xilas edən Oğulun qəlbindədir; bizi gücləndirən Müqəddəs Ruhun qəlbindədir. Buna görə də qayıdış yolu tamamilə daxili ruhani hərəkətdir: fikir dağınıqlığından daxili səfərbərliyə, narahatlıqdan sabitliyə, günahdan lütfə. Lakin bu qayıdışın bəhrələri zahirən də görünməlidir - əməllərimizdə və davranışımızda.
İNCİL Matta 18,12-14
Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi? Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər. Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.
Təfsir
Ruhlar bir çox səbəbdən azır və itirilir; yolunu azandan sonra, onlar boşluq və tənhalığa məruz qalırlar, daxili dolğunluqdan, dəyərlərdən və mənəvi mənalardan məhrum bir həyat sürürlər. Bugünkü məsəldə biz özümüzü həm itirilmiş qoyun, həm də çobanda görə bilərik. Əgər yolumuzu azmışıqsa, bizim ən dərin arzumuz Rəbbin bizi axtarmaqdan və tapmaqdan heç vaxt yorulmaması olmalıdır. Biz, gözəl şeylər vəd edən, lakin yalançı olan və bizə nifrət edən şeytanın qurbanı olaraq qalmamalıyıq. Əgər biz özümüzü bu məsəldəki çobanda görürüksə, o zaman Allahın və Kilsənin düşmənləri kimi davranan insanları axtararaq, digər ruhlar üçün əsl yaxşı çoban olmağa çalışmalıyıq. Məsihi bizdə görməyə ən çox ehtiyacı olanlar məhz onlardır. Bizim öz mənəvi rigahımızla kifayətlənməyə haqqımız yoxdur. Xristian həyatımız yolunu azmışları xilas etmək üçün fəal səylər tələb edir. Rəbbin sevinci - ruhların xilasıdır, çünki O, borcumuzu tam ödəyib və bizi xoşbəxt görmək istəyir.