Liturgiya oxunuşları: 10 DEKABR. Adventin II həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ Yeşaya 40,25-31
«Bəs Məni onda kimə bənzədərsiniz ki, Mən ona oxşayım?» Deyir Müqəddəs Olan. Başınızı göylərə qaldırıb baxın: bunları kim yaratdı? Rəbb göy cisimlərini sıraya düzüb çıxarar, onların hamısını adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə onlardan heç biri əskik olmaz. Ey Yaqub nəsli, ey İsrail! Nə üçün «Rəbb başıma gələnləri bilmir, Allahım mənim haqqıma diqqətsizlik edir?» Deyib gileylənirsən? Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. O, yorğunlara güc verər, taqətsizlərin qüvvətini artırar. Hətta cavanlar yorular, taqətdən düşər, igidlər əldən düşüb titrəyər. Rəbbə ümid bağlayanlarsa yeni qüvvət alar, qanad açıb qartal kimi yüksəklərə uçar, qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar.
Təfsir
Allah insana güc verir, çünki O Özü - həyatdır. Bugünkü ilk oxunuşda bəhs edilən yorğunluq fiziki deyil, çünki aydındır ki, Allah adamları da yorğunluğu və bəzən tükənməni hiss edir. Bu, mənəvi yorğunluq, laqeydlik və ümidsizlikdir. Rəbb övladlarına havanın daha təmiz olduğu yerə, günəşə yaxın, yüksəkdə uça bilmələri üçün "qartal qanadları" vəd edir. Bu, sadəcə bir metafora deyil: həqiqətən də, Müqəddəs Ruhda biz işıq, ümid və həqiqi xoşbəxtliklə dolu yeni bir həyat tapırıq. Bu, həyatımıza dünyanın verə bilmədiyi bir ilham bəxş edir. Biz Rəbbimizi böyük Şəfaçı adlandıra bilərik və ilk olaraq Ona mənəvi güc üçün müraciət etməliyik. İnsanlar nə qədər bacarıqlı olsalar da, həmişə onlara etibar etməməliyik. Bu, iman tələb edir, amma gücümüz məhz imandadır: imanımız vasitəsilə biz qəlblərimizi Allahın mübarək hüzuruna açırıq və sonra O, hər şeyi edir. O zaman həyatımız yorulmaz olacaq, çünki sevgi heç vaxt "kifayətdir" demir.
İNCİL Мatta 11, 28-30
Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. 30 Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».
Təfsir
Birinci oxunuş yorğunluqdan bəhs edir və İncil parçası birbaşa bu vəziyyətə toxunur: yorğun olanlar bütün təsəlli və rahatlığın mənbəyi olan İsaya tərəf qaçmalıdırlar. Rəbb həyatı necə asanlaşdırır? O, yükümüzü Öz üzərinə götürür və keçdiyimiz hər sınağa yeni məna verir. O, bizim üçün əzablara dözüb və həyatın kədərlərinə yeni gözlə baxmağı öyrədir. Bu o demək deyil ki, xristianlar əziyyət çəkmirlər, amma onlar ağrılarına tamamilə fərqli bir məna verirlər. Gəlin həyat səyahətimizin yoldaşımız olan, bizdən etibar etməyimizi gözləyən, həyatın sınaqlarına müsbət və faydalı hadisələr kimi baxmağı öyrədən Rəbbə tərəf qaçaq. Bunu etmək çox asandır; biz yalnız daim təvazökar və həlim ürəkli İsanın adını çağırmalıyıq. "İsa, bizimlə qal. İsa, həyatımıza gəl. İsa, bizi tərk etmə" - bu sadə duaları gün ərzində tez-tez təkrarlaya bilərik.