Axtar

2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 4 DEKABR. Adventin I həftəsinin cümə axşamı

“İsa, Allahın həqiqi simasını və Onun övladı olmağın sevincini aşkar edən Allahın canlı Kəlamıdır. İnsanlar İncili oxuyaraq ilhamlanır və Məsihin həyat üçün yeganə möhkəm təməl olduğunu görürlər. İnsan çox vaxt həyatını ideologiya, güc və pul "qumları" üzərində qurmağı seçir və bu yol ilə xoşbəxtlik tapacağını düşünür. Lakin yalnız Məsihin Kəlamı qəlbin dolğunluq yanğısını yatıra bilər. Məsih, bütün qorxuları aradan qaldıran qayamız və əbədi Kəlamdır” (XVI Benedikt, Rəbbin Mələyi 06.03.2011).

BİRİNCİ OXUNUŞ Yeşaya  26, 1-6

O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir. Açın şəhərin darvazalarını, qoy sadiq qalan saleh millət içəri girsin. Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, çünki onlar Sənə güvənir. Rəbbə həmişə güvənin, çünki Rəbb Allah əbədi Qayadır. O, yuxarıdan gedənləri alçaldar, onların yaşadığı şəhəri dağıdar, yerlə yeksan edər. O şəhər məzlumların ayaqları, yoxsulların addımları altında tapdalanacaq.

Təfsir

Peyğəmbər Yeşaya simvolik təsvirlərdən istifadə etməyə davam edir. Dünən o, ziyafətlərdən və təmiz şərablardan, bu gün isə istehkamlı şəhərlərdən danışır. Bu, bizə Allahın reallığını gözəl (ziyafət) və sarsılmaz (güclü şəhər) bir şey kimi görməyə kömək edir. Əslində, bu dünyada hər şey qeyri-sabitdir: sağlamlıq, iş, təbii hadisələr, bağlılıqlarımız. Niyyətlər ən yaxşı olsa belə, biz həmişə dəyişikliklərə və ciddi sarsıntılara məruz qalırıq. Allah isə, əksinə, təhlükəsizlik və sabitlikdir, “həyat evimizi” üzərində inamla qura biləcəyimiz "əbədi qayadır". Müqəddəslərin həyatı bunu sübut edir: bir xristian bir çox bədbəxtliklərlə qarşılaşa bilər, lakin dərinlikdə sakit, sabit qala bilər və bütöv və möhkəm daxili həyata sahib ola bilər, çünki onun daxilində Müqəddəs Ruh yaşayır. Bu, bizim üçün də mümkündür, lakin iman tələb edir. İtalyan keşişi, Allahın qulu ata Dolindo Ruotolonun məşhur duası belə idi: "İsa, bunun qayğısına Sən qal!" Keşiş hər səhər yeni günü Rəbbə etibar edir, Ondan kömək diləyir və sonra İsanın onunla birlikdə olacağına, yaxın olacağına və hər şeyin qayğısına qalacağına tamamilə əmin olaraq sakitcə öz işi ilə məşğul olurdu.

İNCİL Мatta 7,21.24-27

Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar».

Təfsir 

Ev tikmək vaxt tələb edir. Bunu yaxşı etmək üçün aylarla tələsmədən işləmək, hətta ən kiçik detallara belə diqqət yetirmək lazımdır. Daxili həyatımızı qurmaq üçün də eyni şəkildə xoş niyyətə, özünəinama, sabitliyə, səbrə və dözümlülüyə ehtiyacımız var. O zaman həyatımız istənilən fırtınaya tab gətirə biləcək. Həyatımızı üzərində quracağımız qaya Allahın Kəlamıdır. Daxili həyatının qurucusu hər şeyi öz dəyişkən iradəsinə tabe olaraq, bəxtə-bəxt şəklində etmir. O, hər gün İlahi Memarına itaət edir və hətta əmri anlaşılmaz görünsə belə, işləri Onun iradəsinə uyğun görür. Bina tamamlandıqdan sonra o, evdə təhlükəsiz yaşaya, onu daim qoruya (yaxşı işlər görərər) bilər. Allah övladlarına xeyir-dua verir və tikdikləri evi rahat edir. Katolik Kilsəsinin Katexizisi bizim hərəkətə dair bələdçimizdir. Başqa müəllimlərə müraciət etməyə ehtiyac yoxdur, çünki hər şey bizə artıq verilmişdir. Gəlin bu etibarlı qaydalara uyğun işləyək. İki min illik möhkəm tikililər gözümüzün qabağındadır: bunlar müqəddəslərin həyatıdır; gəlin onlardan öyrənək.

04 dekabr 2025, 09:32