Axtar

2025.12.05 San Nicola di Mira (di Bari) Vescovo e martire

Liturgiya oxunuşları: 6 DEKABR. Müq. Nikolay, yepiskop

“Rəbb buyurur: “Müftə aldınız, müftə verin”. Biz heç bir şəkildə Onunla görüşmək və Onu tanımaq, sevildiyimizi və xilas olduğumuzu kəşf etmək kimi böyük bir hədiyyəni özümüz qazanmamışıq, ona görə də bu xəzinəni özümüzdə saxlamamalıyıq. Biz onu təmənnasız şəkildə yaymağa, Allahın övladları olmağın sevincini bunu hələ bilməyənlərlə bölüşməyə çağırılmışıq. Müjdəçiliyin səbəbi budur” (Papa Fransisk, Ümumi Audiensiya 15.02.2023).

Ən zəif və ən kiçik az olanlara qayğı göstərmək, onların problemlərinə həssaslıqla yanaşmaq — bu, Müqəddəs Nikolayın həvari xidmətinin əsas prinsipidir və bu, onun bizə qoyduğu  peyğəmbərlik mesajıdır. O, 250-260-cı illər arasında müasir Türkiyənin cənubunda yerləşən Likiyanın sahil şəhəri olan Patarada anadan olub. Şiddətli təqiblər dövründə Likiyada yepiskop olub, zindana atılıb və 313-cü ildə İmperator Konstantinin Milan Fərmanı ilə bərqərar olunan etiqad azadlığı sayəsində azadlığa buraxılıb. Müqəddəs Nikolay mal-mülkünü kasıblara, xəstələrə və məhbuslara kömək etmək üçün istifadə edirdi. Nikolay təxminən 65 yaşında vəfat edib. Onun son sözləri belə olub: "Ey Rəbbim, ruhumu Sənin əlinə verirəm". Onun Miradakı məzarı tezliklə ziyarətgaha çevrildi və onun mübarək qalıqları dərhal möcüzəvi hesab edildi. XI əsrdə Likiya türklər tərəfindən işğal edildikdə, venesiyalılar müq. Nikolayın qalıqlarını ələ keçirməyə çalışdılar, lakin İtaliyanın Bari şəhərinin sakinləri onları qabaqladılar və qalıqları Apuliyaya apardılar.

BİRİNCİ OXUNUŞ Yeşaya  30,19-21.23-26

Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı, siz artıq ağlamayacaqsınız, fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq, fəryadınızı eşidən kimi cavab verəcək. Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək, lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək, Onu gözünüzlə görəcəksiniz.  Sağa ya sola azdığınız vaxt arxanızdan «Yol budur, gedin bu yolla» deyilən səsi eşidəcəksiniz.  Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək, torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq. Torpağı şumlayan öküzlərlə eşşəklər kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək. O böyük məğlubiyyət günündə qalalar yerə çökəndə hər hündür dağdan, hər uca təpədən sellər axacaq. Rəbb Öz xalqının yaralarını sarıdığı gün, zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, ay işığı günəş işığı, günəşin işığı yeddi günün işığı kimi yeddi qat artıq parlayacaq.

Təfsir

Məsihin gəlişi peyğəmbər tərəfindən ideal düny kimi təsvir olunur: təbiət sanki öz ilkin əzəmətinə qayıdır - bol otlaqlar, həyat verən yağışlar, möhtəşəm günəş işığı. İlk günahdan əvvəl Allahın yaratdığı dünya mükəmməl tarazlığa malik idi, lakin günahdan sonra o, xaosa qərq oldu və Müqəddəs Paulun dediyi kimi, öz qurtuluşunu gözləyir. Yaradılışın bu qurtuluşu birbaşa insanın təmizlənməsi ilə bağlıdır: əgər insan müqəddəsdirsə, onda onun ətrafındakı bütün yaradılış bu qurtuluşda iştirak edir. Müqəddəslərin həyatında biz onların vəhşi heyvanları yemləməsi, canavarları ram etməsi, balıqlarla danışması, odları söndürməsi haqqında oxuyuruq - sanki Müqəddəs Ruhun təsiri ilə onların ətrafında kainatın mükəmməl  harmoniyası artıq bərqərar olunub. Qəlbi Allah ilə ilə dolu bir insan ətrafına sevgi və təvazökarlıq yayır və mükəmməl harmoniya yalnız Cənnətdə olacaqsa da, bu qələbənin bəzi izləri artıq Rəbbin lütfünü tam qəbul edən bir insanın həyatında görünə bilər.

İNCİL Мatta 9, 35–10,1.5а.6-8

İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.

Təfsir 

Allah bütün insanların xilas olunmasını istəyir . Xristian həyatı yalnız bir insanın, hansısa elitar bir qrupun imtiyazı olmamalıdır. Əks halda o bir sektaya çevriləcək. Xristian həyatı  - həyatın mənasının bəyan edilməsidir və nəticədə bir həyat tərzidir. Xristianlıq, bizim Allah tərəfindən yaradıldığımızı və ölümdən sonra davam edən bir həyat məqsədimizin olduğunu qəbul etməkdir; eyni zamanda, şeytan bu xoşbəxtliyi bizdən almaq və Səmavi Atanın əlindən qoparmaq istəyir. Rəbb İsa hər kəsə, tamamilə hər kəsə həyatımızın məqsədinin bu olduğunu söyləmək üçün gəldi və O, bizə həmin məqsədə gedən yolu göstərir: Bu yol Onun Özüdür ("Mən yol, həqiqət və həyatam", Yəhya 14, 6). Buna görə də, Onun şagirdləri dünyaya danışmalı, damlardan utanmadan qışqırmalıdırlar, çünki bu, təməl bir həqiqətdir, həyat və ya ölüm məsələsidir. Bu, hər kəsin bilməli olduğu təcili bir xəbərdir. Əgər həqiqətən inanırıqsa, o zaman göndərilən işçilər bizik. Beləliklə, katoliklik başqa dinlərin arasından bir din deyil, Xilaskar İsanın dərk edilməsi və Onun müqəddəs təlimləri ilə yaşamaq yoludur. "Allah mənə görə Özünü narahat etdi. Xristianlıq budur, əziz dostum. Qalanı sadəcə təfərrüatdır" (Şarl Peqi)

05 dekabr 2025, 21:20