Axtar

2023.12.09 II Domenica di Avvento anno B

Liturgiya oxunuşları: 7 DEKABR. ADVENTİN II RƏBB GÜNÜ

“Ola bilsin, biz başqalarına yuxarıdan aşağı baxırıq, özümüzü üstün hesab edirik, həyatda hər şeyi nəzarətdə saxlayırıq, hər gün Allaha, Kilsəyə, qardaşlarımıza və bacılarımıza ehtiyac duymadığımızı düşünürük. Advent - maskalarımızı çıxarıb təvazökarlarla bir sırada durmaq, lovğalıqdan azad olmaq, özümüzlə kifayətlənməyi dayandırmaq, günahlarımızı etiraf etmək və Allahın bağışlamasını almaq, incitdiyimiz insanlardan üzr istəmək üçün lütf zamanıdır”(Papa Fransisk, Rəbbbin Mələyi 04.12.2022).

ADVENT ÇƏLƏNGİNİN İKİNCİ ŞAMININ YANDIRILMASI

Ya Rəbb İsa, gözləntimiz ümidlə doludur. Sən bizi ziyarətə gəlirsən və bunu Beytlehemdə axurda yatan Körpənin zərifliyi ilə edirsən. Bu ikinci şamı yandırırıq ki, ayıq qalaraq, Səni gözləyərək, qonşularımıza məhəbbətlə baxmaq vəzifəmizi xatırlayaq.

BİRİNCİ OXUNUŞ Yeşaya 11,1-10

Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin o, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. O, belini salehliklə qurşayacaq, sədaqəti kəmər kimi taxacaq. O gün qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə çəpiş birgə yatacaq, dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq, onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, onların balaları bir yerdə yatacaq, şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq, süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq. O gün Yesseyin kökü xalqlara bayraq olacaq, millətlər ona tərəf yönələcək məskunlaşdığı yer izzətlə dolacaq.

Təfsir

Məsihin gəlişi həm kosmik səviyyədə (bir-biri ilə barışan heyvanlar), həm də şəxsi səviyyədə (“müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs o birisini məhv etməyəcək ") ümumdünya yenilənmə gətirəcək. Bütün bunlar hələ baş verməyib, baxmayaraq ki, Məsih gəlib və Kilsə iki min ildir ki mövcuddur. Əlbəttə ki, Müqəddəs Yazılar yalan danışa bilməz. Bu parçanı iki səviyyədə şərh etməliyik. Birinci səviyyə daxili (şəxsi) səviyyədir. Xilas artıq baş verib; İsa Öz kəffarə qurbanını verib. Bu xilas içimizdə, ruhumuzda gerçəkləşir. Burada Müqəddəs Ruh bizim köməyimizlə şər meyllərimizi məğlub edə, sülh verə, bizimlə Allah arasında birliyi gücləndirə bilər - bir sözlə, bizi müqəddəsləşdirə bilər. İkinci səviyyə universal, kosmik və son səviyyədir. Burada söhbət Rəbb İsanın diriləri və ölüləri mühakimə etmək üçün izzətlə qayıdacağı və yer üzündə həyatın bitəcəyi andan, Cənnət və səmavi həyatdan gedir.

İKİNCİ OXUNUŞ Rom 15,4-9

Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun. Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki, hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz. Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin. Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin; beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb: «Buna görə millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm».

Təfsir

Milada necə layiqincə hazırlaşa bilərik? Həvari Paul təklif edir: bir-birimizi qəbul etməklə. Bu tövsiyə qəribə görünə bilər; bəlkə də biz günahlardan təmizləmək üçün bir çağırış gözləyirdik (Vəftizçi Yəhyanın dediyi kimi), Həvari isə qəbul etməyə və açıq olmağa hazır olmağı xahiş edir. Paul əsasən yəhudi və qeyri-yəhudi xristianlar arasında ürək açıqlığını nəzərdə tutur, lakin biz bunu qardaşlıq sevgisinə çağırış kimi şərh edə bilərik. Həqiqətən də, qonşuya olan sevgi ürəyi təmizləyir, xudbinliyi yox edir və Allahın sevgisini cəlb edir. Bundan yaxşı hazırlıq ola bilərmi? Qonşularımıza qarşı düşmənçilik hiss ediriksə və ya bəyənmədiyimiz insanlardan nifrət ediriksə, Rəbbin bizə gəlməsini istəmək mümkün deyil. Beləliklə, Advent qonşularımızı qəbul etmək və sevmək vaxtıdır.

İNCİL Matta 3,1-12

O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? İndi isə tövbəyə layiq bəhrə verin. Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək.  Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».

Təfsir 

Vəftizçi Yəhya güclü bir tövbə hərəkatına başladı və insanlar uzaqdan onun yanına axın edirdilər. Lakin, fəriseylər və sadukeylər Yerusəlimdən gələndə Yəhya onları xoşagəlməz şəkildə qarşıladı: onları "gürzələr nəsli" adlandırdı və gələcək qəzəbdən qaçmaq cəhdlərini puç elan etdi. Aydındır ki, tövbə səmimi olmalıdır və Vəftizçi bu insanların başqa səbəblərdən, bəlkə də boş maraqdan gəldiyini hiss etdi. Tövbə və iman gətirmək insandan həyatını dəyişmək iradəsini tələb edir. Əsl tövbə haqqında qipti rahib Matta el Meskin belə yazır: "Günahdan dönmədən, puç məqsədlər üçün yaşanan bir həyata görə peşman olmadan, ürəyin Allah qorxusuna qayıdışı olmadan Məsihi dərk etmək mümkün deyil. Vicdanımızı araşdırmasaq, onu qınamasaq, Məsihə ehtiyacı hiss etməyəcəyik və Çarmıxda tökülən Qan bizə əhəmiyyətsiz görünəcək. Lakib Rəbb tövbə edən ürək üçün necə böyük bir izzət hazırlayıb! Günah yükü altında inildəyən vicdan üçün O Qanda necə bir güc var!”

06 dekabr 2025, 15:50