Axtar

2021.01.12 Mercoledì delle ceneri 

Liturgiya oxunuşları: 18 FEVRAL. KÜL ÇƏRŞƏNBƏSİ

“«Вua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et» (Matta 6,6). Rəbb bizi qəlbimizin gizli məkanına daxil olmağa çağırır. Bu isə daxili təmizlənmə və özündən imtina tələb edir. Pis düşüncələrə qapını bağladıqda, biz ürəyin saflığını qoruyuruq. Belə dua dünyadan qaçış deyil, qəlbin sevgi üçün yenidən dirçəlməsidir. Bu gün texnologiyalar səbəbindən yadlaşmış dünyada buna xüsusilə ehtiyac var. Həyat sevinci və iman coşqusu Rəbb ilə dostluqda doğulur” (Papa XIV Leo).

Böyük Oruc külün qoyulması təntənəli mərasimlə başlanır. Böyük Oruc müasir dünyada zahiri və keçici şeylərin ardınca qaçış içində itib-batmaq riski daşıyan bir zamandır. Güc və özünəyetərlilik tələb edən cəmiyyətdə Qırxgünlük bəzən insanın kövrəkliyini və faniliyini xatırladan “zəif” bir zaman kimi qəbul edilə bilər, hətta nədənsə imtina etməyi unutmuş bir dünyada tövbəyə çağırışı səbəbindən köhnəlmiş təsir bağışlaya bilər. Əslində isə xristianlar üçün bu dövr dərin mənəvi zənginlik vaxtıdır, qəlbin təmizlənməsi və Allahın mərhəmətini qəbul etmə zamanıdır. Böyük Oruc beş bazar günündən ibarətdir və Kül Çərşənbəsindən Müqəddəs Cümə Axşamında Rəbbin Şam Süfrəsi Messasına qədər davam edir. Bu dövrün Rəbb günləri (bazar) hər zaman Rəbbin və digər böyük bayramlardan belə üstün tutulur. Kül Çərşənbəsi ciddi oruc və ət yeməklərindən çəkinmə günüdür. Böyük Oruc dövrünün cümə günlərində də ət yeməklərindən çəkinmək qaydasına riayət edilməlidir.

Liturgiya ab-havası

Oruc dövründə kilsənin məkanı özü diqqətə və asketik ruh halına çağırır. Ruhani geyimlərdə bənövşəyi rəngdən istifadə olunur. Kilsənin bəzədilməsində isə güllərdən və musiqidən məhdud şəkildə istifadə edilir.

Yenilənmənin üç yolu

Sədəqə – bizi çətinlik içində olanların ehtiyaclarına qarşı həssas edir. Sadəcə artıq olanı vermək deyil, səxavətli özünüinkarın bəhrələrini bölüşmək vacibdir.

Dua – Allaha tez-tez üz tutmaq Onunla münasibətləri dərinləşdirməyə kömək edir.

Oruc – o, ikiqat məna daşıyır: o, həm ehtiyacı olanlarla həmrəylikdir, həm də insanın əşyaların qulu olmaqdan çıxaraq həqiqi azadlığa doğru addımlamasıdır.

İbadətin xüsusiyyətləri

Böyük Oruc dövründə Qərb Kilsəsinin liturgiyasında gözləmə və tövbə ruhu xüsusi şəkildə vurğulanır:

• “Göylərdəki Allaha həmd olsun” himni (Gloria) oxunmur;

• “Alleluya” oxunmur;

• Rəbbin günlərində isə İman etirafı (Credo) oxunur.

Rəngin simvolikası

Bu dövrün liturgiya rəngi bənövşəyidir. Bu rəng tövbənin, təvazökarlığın və xidmətin rəmzidir, həmçinin o, İsa Məsihə qayıdışı ifadə edir.

BİRİNCİ OXUNUŞ Yoel 2, 12-18

Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla bütün qəlbinizlə Mənə dönün. Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, hədsiz səbirlidir, bol məhəbbətlidir, bəla göndərməz, rəhm edər. Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə taxıl və içmə təqdimlərini verəsiniz deyə sizə bərəkət verər. Sionda şeypur çalın, oruc üçün vaxt təyin edin, təntənəli toplantı çağırın. Xalqı bir yerə yığın, camaatı təqdis edin, ağsaqqalları yığın, uşaqları və südəmər çağaları toplayın. Bəy öz otağından, gəlin də öz gərdəyindən çıxsın. Rəbbə xidmət edən kahinlər Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin: «Ya Rəbb, xalqına qıyma, öz irsini rüsvay olmağa qoyma! Qoyma onlar millətlərin dilinə düşsün. Axı nə üçün xalqlar arasında belə deyilsin: “Bəs hanı onların Allahı?”» Rəbbin cavabı və bərəkət vədi O zaman Rəbb Öz torpağına qıymayacaq, Öz xalqına rəhm edəcək.

Təfsir

Peyğəmbər Yoelin bu mətni liturgiya ilin ən təsirli oxunuşlarından biridir. O, bütün Böyük Oruca ton verir və xatırladır ki, Allah qaydaların formal icrasını deyil, itmiş oğulun Ataya şəxsi dönüşünü gözləyir. Allahın Öz xalqına yönəlmiş çağırışı və harayı ən əsas məqam – Əhdlə bağlıdır: «Mənə dönün! Mənə dönün!». O demir: «qanuna qayıdın» və ya «qaydaların formal yerinə yetirilməsinə qayıdın». Bu, şəxsiyyətə ünvanlanan çağırışdır. İncildə İsa da vergi yığan Leviya eyni sözləri deyəcək: «Ardımca gəl» (Matta 9,9). Həyatımız məhz Allahla münasibətdə məna qazanır, çünki biz Onun tərəfindən yaradılmışıq və axtardığımız həqiqi xoşbəxtliyi yalnız Onda tapırıq. Bəs Allaha necə qayıtmalı? Cavab qəribə görünə bilər: oruc vasitəsilə. İlk baxışda fiziki məhdudiyyətin mənəvi dönüşlə əlaqəsi yoxdur kimi görünür. Lakin orucun sirli bir gücü var: oruc tutan bədən ruhun əmrlərini yerinə yetirməkdə daha həssas, daha hazırlıqlı və daha çevik olur. Buna sadəcə inanmaq və bunu həyata keçirməyə başlamaq lazımdır. Dönüş məsuliyyətli və səmimi tövbə yolu ilə baş verir. Gəlin baxışlarımızı Allaha, Onun Pasxa dirilişinə yönəldək və bu yenilənmə yoluna cismani oruc və günahlarımızın təvazökar etirafı ilə başlayaq. Rəbb yalnız məqsədə çatdığımız zaman deyil, qırx günlük yolumuzun hər addımında bizimlə olacaq.

İKİNCİ OXUNUŞ 2 Kor 5,20-6,2

Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq. Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.

Təfsir

Müqəddəs Paulun bu sözləri – « Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq» – son dərəcə güclüdür. İsa tamamilə Allahdır, Müqəddəs Üçlüyün ikinci Şəxsidir; «Allah Onu günah qurbanı verdi» demək o deməkdir ki, O, insan təbiətini qəbul edərək onu bizə xas olan bütün zəiflik və həssaslıqla birlikdə Öz üzərinə götürdü. O, bu təbiəti Özününkü etdi və dünya qarşısında həqiqi İnsan kimi zahir oldu. Allah olaraq O, günah edə bilməzdi, lakin hipostatik birlik sayəsində insan günahının nəticələrini – zəifliyi, əzabı və ölümü – tam şəkildə daddı. Yalnız Onun vasitəsilə biz, günahkarlar, lütfə çıxış əldə edir və İlahi həyata şərik oluruq. Bizim üçün özümüzü Onun Bədəninin bir hissəsi kimi dərk etmək vacibdir; həmin Bədəndə Müqəddəs Ruhun müqəddəsləşdirici qüvvəsi fəaliyyət göstərir. Bizdən tələb olunan isə yalnız iman və razılıqdır. Böyük Oruc ruhani köklərimizə qayıtmaq üçün lütf dolu bir zamandır. Tövbənin konkret əməlləri və əxlaqi dəyişikliklər mühümdür, lakin bundan əvvəl bizim üçün əsas olan, bizim uğrumuzda ölüb dirilmiş İsa ilə birliyimizi dərk etmək və onu sevməkdir.

İNCİL Matta 6, 1-6.16-18

Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.

Təfsir 

Riyakarlara verilən mükafat onların öz şüurlarının dar çərçivəsi ilə məhdudlaşır. Belə insan düşünür: «Mən xeyirxah əməlləri və təqva hərəkətlərini yalnız mənə heyran olsunlar və məni müqəddəs hesab etsinlər deyə edirəm». Onun “eqosu” bu özünəvurğunluqla qidalanır və hər şey bununla bitir; o, tamamilə özünə qapanmış halda tənhalıqda qalır. Əgər insan sədəqə verərkən, dua edərkən və oruc tutarkən (dini həyatın üç sütunu) qəlbini və ağlını Əbədi Ataya yönəldir və insanların baxışlarından gizlənməyə çalışırsa, o zaman həqiqi mükafatı – əbədi sevgi mükafatını alır. Hər iki halda söhbət mükafatdan gedir, lakin bu mükafatlar müqayisəolunmazdır: birinci mükafat keçicidir. O, yalnız təkəbbürü şişirdir, Ezopun təmsilindəki qurbağa kimi, və ən əsası, insanı xilas etmir; belə mükafat tamamilə faydasızdır. İkinci mükafat isə paklıq möhürü ilə nişanlanmışdır və birbaşa göylərə aparır. Bununla belə, bəzən biz bir damcı özündənrazılıqdan imtina etməkdə çətinlik çəkirik: hətta etdiyimiz yaxşılıq üçün kimsə bizə təşəkkür etməyəndə məyus oluruq. Gəlin duyğularımızı təmizləyək və əmin olaq ki, Rəbb qarşısında hər şey böyük səxavətlə hesaba alınacaq. Çünki bizim son mükafatımız – məhdudiyyətsiz və ölçüyəgəlməz Sevgi olan Allahın Özüdür.

17 fevral 2026, 15:17