Liturgiya oxunuşları: 19 FEVRAL. Kül Çərşənbəsindən sonrakı Cümə axşamı
BİRİNCİ OXUNUŞ Qan 30,15-20
Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram. Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız. Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz, bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz. Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək».
Təfsir
Xeyir ilə şər arasında seçim həmişə azad olaraq qalır. Lakin onun nəticələrinin qarşımızda açıq olması da ədalətlidir: əgər insan Allahı seçirsə, bu, xeyirli bəhrələr gətirəcək; əgər o, bütləri seçir və ya şərin səsinə qulaq asırsa, nəticələr acınacaqlı olacaq. Biz bilirik ki, dünya və şeytan bizi cəlb etmək üçün öz “sirena”larından necə istifadə edir və onların şirin, aldadıcı səsi nə qədər cazibədar səslənir. Bəs bizim üçün həqiqətən faydalı olan nədir? Dağıntıya aparan geniş yol, yoxsa əbədi həyata aparan dar yol? Cavab bizdən asılıdır və bu cavabdan yalnız bu həyatda deyil, hər şeydən əvvəl əbədiyyətdə də xoşbəxtliyimiz asılıdır. Hər bir vəziyyətdə Allahı seçmək – gələcək əbədi həyata “sərmayə qoymaq” deməkdir. Söhbət təkcə taleyüklü qərarlardan getmir, həm də hər gün qarşılaşdığımız ən kiçik işlərdən gedir: nəyisə yemək və ya imtina etmək, zəng etmək və ya etməmək, günah işlədən qardaşı düzəltmək və ya susmaq. İnsanın müqəddəsliyi məhz belə xırda məqamlarda ölçülür. Böyük Oruc – bütün seçimlərimizi yenidən Ali Xeyir olan Allaha yönəltmək imkanıdır.
İNCİL Luka 9,22-25
O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir». Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin. Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var?
Təfsir
Birinci liturgiya oxunuşunda Allah Öz xalqını böyük bir seçim qarşısında qoyur: Onu, yoxsa bütləri üstün tutmaq. Lakin bu hələ ümumi çərçivədir; İncil isə Rəbbin ardınca necə getməyin konkret yolunu göstərir. Söhbət həyatı dəyişməkdən, bütün ümidini Məsihə bağlamaqdan və Onun yolu ilə getməkdən gedir. Ardınca getmək mühümdür; əsas diqqəti İsanın arxasınca getdiyimiz fakta yönəltmək lazımdır. Bu isə bizim üçün İncil oxumaq, hər addımımızı Allahın Kəlamı üzərində qurmaq və əmin olmaq deməkdir ki, Rəbb heç vaxt aldatmaz; əksinə, ən aşılmaz görünən maneələri belə dəf etməyə kömək edər. Şübhəsiz, bu yol özündən imtina tələb edəcək və əzablar gətirəcək. Lakin fikir vermisinizmi ki, bütün sınaqlara baxmayaraq müqəddəslər sevinc insanları olmuşlar? Müqəddəslər yer üzündə ən xoşbəxt insanlardır, çünki Müqəddəs Ruhda daim Allahın xeyirli hüzurunda yaşayırlar. İnsan xoşbəxtlikdən başqa nə axtarır? Xoşbəxtlik qarşımızdadır: bir addım atmaq kifayətdi. Gündəlik– böyük və ya kiçik – çarmıxımızı götürək və Çobanımızın ardınca gedək, yalnız Ona məxsus olduğumuza sevinərək.