Axtar

HEALTH-CORONAVIRUS/ITALY-SHROUD

Turin Kəfəninin süni mənşəyi ilə bağlı daha bir nəzəriyyə ciddi elmi tənqidə məruz qaldı

Keçmişdə braziliyalı tədqiqatçı Moraesin Turin Kəfəninin mənşəyi ilə bağlı nəzəriyyəsinə yer verən "Archaeometry" jurnalı, mütəxəssislər Kasabianka, Marinelli və Piananın təkzibini dərc edib.

Vatican News tərəfindən

Ötən yay Turin Kəfəni ilə bağlı aparılan tədqiqatlarla bağlı xəbərlərdə braziliyalı tədqiqatçı Sisero Moraesin Kəfəndəki təsvirin rəqəmsal rekonstruksiyasını təqdim etdiyi bildirildi. O, bu təsvirin Orta əsrlərdə barelyef vasitəsilə yaradıldığı nəzəriyyəni müdafiə edirdi. "Archaeometry" jurnalında bu yaxınlarda dərc olunan cavab yazısı Moraesin iddialarının etibarlılığını bənd-bənd şübhə altına alır.

Turin Kəfəni üzrə tanınmış üç mütəxəssis — Tristan Kasabianka, Emanuela Marinelli və Alessandro Piana — Moraesin araşdırmasını kəskin şəkildə tənqid edərək bildirirlər ki, bu iş qeyri-müəyyən məqsədlərə, ciddi metodoloji qüsurlara və səhv nəticələrə əsaslanır. Bununla onlar, ötən yay Turin arxiyepiskopu və Kəfənin mühafizəçisi, kardinal Roberto Repole və Beynəlxalq Turin Kəfəni Araşdırmaları Mərkəzi (CISS) tərəfindən ifadə edilmiş tənqidləri təsdiqləyirlər. Xüsusi vurğulanmalı olan məqam və son günlərin əsas xəbəri ondan ibarətdir ki, bu tənqidi yazı məhz Moraesin orijinal məqaləsinin dərc olunduğu həmin akademik jurnalda işıq üzü görüb.

Bitməyən mübahisə

Kəfənin həqiqiliyi ətrafında mübahisələr 1898-ci ildə fotoqraf Sekondo Pia tərəfindən çəkilmiş ilk fotoşəkildən bəri hər zaman canlı qalıb. Bu gün də müzakirələr əsasən beynəlxalq akademik jurnallar vasitəsilə aparılır. 2019-cu ildə, 1989-cu ildə “Nature” jurnalında dərc edilmiş məşhur karbon-14 tarixləndirməsi (1260–1390-cu illər) yenidən sual altına alınmışdı. Bu, ilkin tarixləndirmədə iştirak etmiş Oksford laboratoriyası ilə əlaqəli olan Archaeometry jurnalında xam məlumatların yeni təhlilinin dərc olunması ilə baş vermişdi.

Ötən yay həmin jurnalda braziliyalı tədqiqatçı Sisero Moraes Orta əsr saxtakarlığı tezisini dəstəkləyən məqalə dərc etdirmişdi. Onun fikrincə, barelyef insan bədəninin həcmindən daha çox Kəfən üzərində görünən konturlara uyğun gələn bir təmas forması yaradır. O, buradan orta əsrlərə aid bədii mənşə lehinə arqument çıxarmışdı. Lakin məqalə dərc olunduğu andan etibarən Moraesin irəli sürdüyü fikirlər mütəxəssislər arasında çoxsaylı şübhələr doğurdu. Öz bəyanatında kardinal Repole “təqdim olunan işin daha diqqətli araşdırılması zamanı çox vaxt özünü doğrultmayan bəzi nəticələrin səthiliyi ilə bağlı narahatlığı” tənqid etmişdir.

Moraesin təhlilindəki qüsurlar

Archaeometry jurnalında yeni dərc olunan şərh bu ilkin tənqidlərin əsaslı olduğunu açıq şəkildə göstərir. Kasabianka, Marinelli və Piana Moraesin təhlilində bir sıra ciddi çatışmazlıqları qeyd edirlər. Onların fikrincə, modelləşdirmə anatomik baxımdan qüsurludur: yalnız ön görüntü nəzərə alınır, əllər və ayaqlarda sağ-sol tərəflər qarışdırılır və insan boyu ilə bağlı qəbul olunmuş 173–177 sm aralığının əvəzinə heç bir əsas olmadan 180 sm götürülür. Bundan başqa, oxşarlıq iddiaları dəqiq ölçmələrə deyil, qeyri-müəyyən ifadələrə əsaslanır. Araşdırmada daha müasir fotoşəkillər mövcud olduğu halda yalnız 1931-ci ilə aid foto istifadə edilib. Üstəlik, bütün modelləşdirmə kətan parça üzərində deyil, pambıq parça üzərində aparılıb.

Daha ciddi problem isə ondadır ki, Moraesin 3D modeli Turin Kəfəninin əsas və bənzərsiz xüsusiyyətlərini tamamilə nəzərə almır. Söhbət təsvirin son dərəcə səthi olmasından — dərinliyinin millimetrin mində birinin beşdə biri qədər olmasından — və qanın mövcudluğunun dəfələrlə müstəqil şəkildə təsdiqlənməsindən gedir. Bu xüsusiyyətlərin heç biri Orta əsrlərə aid bədii texnikalarla uyğun gəlmir. Buna görə də müəlliflər Kəfəndəki Adamın real anatomiyasını və fiziki-kimyəvi xüsusiyyətlərini əks etdirməyən bir modelin elmi dəyərini ciddi şəkildə sual altına alırlar. Eyni zamanda, Moraesin araşdırması 1980-ci illərin əvvəllərində akademik jurnallarda müxtəlif formada müzakirə edilmiş və artıq rədd olunmuş barelyef nəzəriyyələrini də nəzərə almır. Həmçinin insan bədəninin parça üzərində yaratdığı anatomik deformasiyaların hələ 1902-ci ildə fransız alimi Paul Vignon tərəfindən ətraflı şəkildə tədqiq edildiyini də gözardı edir.

Zəif tarixi əsaslar

Mütəxəssislərin fikrincə, araşdırmanın tarixi dayaqları da kifayət qədər zəifdir. Moraes çılpaq Məsihin həm ön, həm də arxa tərəfdən, çarmıxa çəkilmədən sonrakı vəziyyətdə təsvir edildiyi bu unikal obrazın necə yaradıla biləcəyini izah etmək üçün bir-biri ilə əlaqəsi olmayan dövrlərə və coğrafiyalara müraciət edir. Kasabianka, Marinelli və Piana isə bunun metodoloji baxımdan ciddi bir səhv — kompozisiya xətası — olduğunu vurğulayırlar. Belə bir yanaşma ümumiləşdirilərsə, sənət tarixinin əsaslarını sarsıda bilər. Onların qeyd etdiyinə görə, təsvir ənənəvi Orta əsr ikonaqrafiyasından o qədər kənardadır ki, Moraesin istinad etdiyi əsas tarixçi Villiam S. A. Dale belə bu təsvirin XIV əsr Fransasında yaradıla bilməyəcəyini düşünürdü. Dale bu görüntünün daha erkən — Bizans dövründə, ən azı 200 il əvvəl və Şampan bölgəsindən təxminən 2000 kilometr uzaqda meydana gəldiyinə inanırdı.

Jurnalda dərc olunan cavabında Moraes öz mövqeyini qoruyaraq bildirir ki, onun məqaləsi “yalnız metodoloji” xarakter daşıyır və əsas məqsədi bədənin parça üzərinə proyeksiyası zamanı yaranan morfoloji deformasiyanı qiymətləndirməkdir. Bununla belə, o, bu çərçivədən kənara çıxaraq XI–XIV əsrlərə aid dörd bədii əsəri misal çəkir və onların Kəfənin yaradıcısına ilham vermiş ola biləcəyini irəli sürür. Ancaq bu əsərlərin heç biri çarmıxa çəkilmədən sonrakı vəziyyətdə çılpaq Məsihi təsvir etmir və buna görə də XIV əsrin ortalarında Fransanın kiçik bir kəndində bu cür bir təsvirin necə ortaya çıxdığını izah edə bilmir.

XX əsrin əvvəllərindən bəri Turin Kəfənindəki Adam saysız-hesabsız elmi suallar və araşdırmaların mövzusu olub. Bu son akademik mübahisə bir daha göstərir ki, müasir — o cümlədən rəqəmsal — texnologiyalar araşdırmaları zənginləşdirə bilsə də, Turin Kəfəni kimi son dərəcə unikal bir obyektin mənşəyi barədə nəticələr çıxararkən həm metodoloji, həm də tarixi baxımdan maksimum elmi ciddilik tələb olunur.

18 fevral 2026, 08:46