Liturgiya oxunuşları: 8 APREL. Pasxa oktavasının çərşənbəsi
BİRİNCİ OXUNUŞ Həv 3,1-10
Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər. Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 9 Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.
Təfsir
Peterin ilk möcüzəsi — sağalmağı belə istəməyən bir şikəstin sağaldılmasıdır. Dünənki liturgiyanın birinci oxunuşunda eşitdiyimiz ilk və qüdrətli vəzdən sonra dərhal əməl gəlir: Müqəddəs Ruh sanki artıq daxildə qala bilmir və çölə daşaraq Sözün həqiqiliyini təsdiq edir. Əgər həvarinin ilk vəzi insanların qəlblərinə nüfuz edərək üç min nəfərin vəftiz olunmasına səbəb olmuşdusa, bu şəfa möcüzəsi xəstə insanı yenidən “həyata qaytarır”: ona öz ayaqları üzərində durmaq, başqalarının sədəqəsi ilə deyil, öz zəhməti ilə yaşamaq imkanı verir. İnsan itirdiyi bütövlüyünü bərpa edir və artıq Allahın yolları ilə, Onun əmrlərinə uyğun şəkildə özü addımlaya bilir. Şəfa tapmış insanın üç hərəkəti iman yolunun ardıcıllığını açır:
• Yerimək — Allahın yoluna çıxmış və heyrət içində bu yolda irəliləyən xristianın rəmzidir.
• Atılıb-düşmək / rəqs etmək — Müqəddəs Ruhu qəbul etmiş və içində cilovlanmayan, “rəqs edən” sevinc yaşayan insanın rəmzidir.
• Həmd etmək — bir araya toplaşaraq fasiləsiz dua edən, Rəbbi tərifləyən və Ona şükür edən bütün Kilsənin rəmzidir.
İNCİL Luka 24,13-35
Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar. İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər». Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi. Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi. İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?» Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
Təfsir
Rəbb İsa Özünü Yevxaristiyada tanıdır. Əgər bağda Məcdəli Məryəm üçün tanıma əlaməti “ad” — “Məryəm!” çağırışı idisə, Xammaya gedən şagirdlər üçün bu, çörəyin bölünməsi zamanı baş verir. İndi onlar Onu cismani gözlərlə görməyə ehtiyac duymurlar, çünki dirilmiş Məsih artıq onların daxilinə, ürəklərinə “keçmişdir”. Bu, nə təsəvvürün məhsulu, nə də gözəl bir fantaziyadır — bu, canlı bir gerçəklikdir. İsa İncildə deyir: “Məndə qalın, Mən də sizdə qalım” (Yəh 15,4). Onun Bədənini qəbul edən insan öz daxilində həyata malik olur, və bu həyat — elə Rəbb İsa Məsihin Özüdür. Allahın bu “daxili məskən salması” insanın ruhunda sevinc, nizam, ümid və nur yaradır. Şagirdlərin cəsarətinə də diqqət yetirək: “ora gedən” yolda, kədərli və məyus halda olduqları zaman onları tərk edən cəsarət, geri dönüş yolunda yenidən onlara qayıdır və onlara təqiblərlə üzləşmək, dünyaya qorxmadan iman şəhadəti vermək gücü bəxş edir.