Liturgiya oxunuşları: 9 APREL. Pasxa oktavasının cümə axşamı
BİRİNCİ OXUNUŞ Həv 3, 11-26
Bu kişi Peterin və Yəhyanın əlindən yapışdı. Heyrətə düşən bütün xalq onlara tərəf, Süleymanın eyvanı adlanan yerə qaçdı. Bunu görən Peter xalqa nida etdi: «Ey İsraillilər, burada heyrətamiz nə var ki? Niyə gözlərinizi bizə dikib baxırsınız? Elə bil biz öz qüdrətimizlə, öz möminliyimizlə bu kişinin yeriməsinə səbəb olmuşuq. İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi, amma siz Müqəddəs və Saleh Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. Siz Həyat Banisini öldürdünüz, amma Allah Onu ölülər arasından diriltdi. Biz bunun şahidləriyik. Gördüyünüz və tanıdığınız bu kişi İsanın adı sayəsində, Onun adına olan imanla sağaldı. İsa vasitəsilə olan imanla bu kişi hamınızın gözü qarşısında tam şəfa tapdı. İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. Musa belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
Təfsir
Peterin ilk vəzi çox sadədir. Həvari daim üç əsas məqamı təkrar edir: birincisi, İsanı məhz onu dinləyənlər («siz, xalq») çarmıxa çəkdilər, hərçənd bunu bilmədən etdilər; ikincisi, Allah Onu ölülər arasından diriltdi və indi O diridir, şəfa verməyə davam edir, çünki O, Həyatın Özüdür; üçüncüsü isə – tövbə edin və həyatınızı dəyişin. Ruhani yolun sxemi belədir: günahı etiraf etmək və məsuliyyəti üzərinə götürmək («bunu mən öz günahlarımla etdim»); sonra bağışlanma diləmək; və nəhayət, Məsihin iradəsinə uyğun yeni həyat tərzinə keçmək. Bu model bütün zamanlar üçün universaldır. Onun əsasında obyektiv həqiqət dayanır: Allah olan İsa öldü və dirildi. Bu, hər birimiz üçün həlledici əhəmiyyət daşıyır, çünki hamımız Həyata daxil olmağa çağırılmışıq, və Ona aparan Yolun Özü Məsihdir. Öz günahını dərk etmək Müqəddəs Ruhun bizdə həyata keçirdiyi həqiqi azadlığa aparan ilk və zəruri addımdır.
İNCİL Luka 24, 35-48
Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər. Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» Ona bir tikə bişmiş balıq§ verdilər. İsa da yeməyi götürüb onların qabağında yedi.Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz.
Təfsir
Nəhayət, İsa qadınlara və Xammaya gedən yolda iki şagirdə göründükdən sonra On bir həvarilərə də zahir olur. Qadınların və Xamma şagirdlərin şahidliyinə baxmayaraq, həvarilər hələ də inanmağa tərəddüd edirlər. Hətta O, Sion otağında onların qarşısında peyda olanda, Onu ruh sanır və qorxudan donub qalırlar. Lakin İsa onlara ilk şahidlərə vermədiyi bir əlamət verir: onların gözləri qarşısında yemək yeyir. Bu, heyrətamiz bir həqiqətdir: təbiət qanunlarına artıq tabe olmayan, izzətli bədənə malik olan Kəs necə qida qəbul edə bilər? Bu hərəkətin məqsədi On bir həvariyə Məsihin Bədəninin həqiqi olduğunu, kölgə olmadığını göstərmək idi. Bundan sonra bütün müqavimət yox olur: həvarilər nəhayət iman edirlər və onların qəlbləri sevinc ilə dolur. İki min il sonra bizim bugünkü imanımız məhz bu hadisələr üzərində qurulmuşdur. Biz dirilmiş İsanın bişmiş balıq yediyini görməmişik, lakin bunu görənlərin şahidliyinə inanırıq. Bu iman Kilsəni və bütün dünyanı üzərində daşıyır. Həvarilərin imanda “gecikməsi” zəruri idi ki, Məsihin dirilmiş Bədəninin gerçəkliyi hamı üçün və həmişəlik, zamanın sonunadək danılmaz olsun.