Axtar

2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 21 MAY. Pasxanın VII həftəsinin cümə axşamı

“Rəbb bizim simasız bir kütlə olmağımızı istəmir. O, bizi Allahın əzəldən bəri bizə bəslədiyi həmin məhəbbət üzərində qurulan birliyə çağırır. Ata bizi Öz Yeganə Oğlundan az sevmir; O, bizi sonsuz məhəbbətlə sevir. O, dünyanı yaratmazdan əvvəl bizi ilk sevən olmuşdur. Onun ьəhz Məsihdə bizə bəxş edilən həyatı aramızdakı birliyi qurur. Biz birlikdə olmağın gücünü Onun mərhəmətində tapır və dünyanı dəyişdirən ilahi məhəbbətin iştirakçılarına çevrilirik” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ Həv 22,30; 23,6-11

Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi. Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb». Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar. O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır».

Təfsir

Həvari Paul Yerusəlimdədir. Efesdən ayrılarkən o, qarşıda onu zəncirlərin gözlədiyini hiss edirdi və indi artıq Sinedrion qarşısında dayanacağı gün gəlib çatıb. Düşmən münasibətli hakimlərin önündə Paul yalnız ruhani möhkəmlik deyil, həm də qeyri-adi həyat müdrikliyi nümayiş etdirir. O bilirdi ki, Sinedrion iki bir birinə qarşı duran qrupdan - saddukeylərdən və fariseylərdən ibarətdir və həvari onların teoloji mübahisələrinin ən həssas nöqtəsinə toxunur: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». Bu, çox müdrik addım idi. Paul diqqəti özünə qarşı irəli sürülən ittihamlardan yayındıraraq, hakimlərini bir-birindən ayıran əsas iman məsələsinə yönəltdi. Dirilməyə inanan fariseylərlə bunu inkar edən saddukeylər arasında başlayan mübahisə Paul üçün bir növ qalxana çevrildi. Münaqişə o qədər şiddətləndi ki, hərbi rəhbər Paulun parçalanacağından ehtiyat edərək onu mühafizə altında qalaya aparmağı əmr etdi. İnsan gücünün tükəndiyi və vəziyyətin çıxılmaz göründüyü məqamlarda isə Rəbb özü hərəkətə keçir. Elə həmin gecə O, Paula görünərək dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır». Bu vəd hər şeyi dəyişir. Yerusəlim yolun sonu deyil, sadəcə keçid mərhələsidir. Qarşıda isə imperiyanın ürəyi - Roma dayanır. Allah bir daha təsdiqləyir ki, zahiri məğlubiyyətə baxmayaraq, missiya davam edir.  Paulun təcrübəsi bizə xatırladır: Müjdə ilə yaşamaq çətinliklərdən və ziddiyyətlərdən qaçmaq demək deyil. Bu, onların içindən keçərək Məzmurun sözlərində ifadə olunan ruhu qorumaq deməkdir: «Məni qoru, ey Allah, çünki mən Sənə sığınıram».

İNCİL Yəhya 17,20-26

Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».

Təfsir

Bu gün biz Baş Kahin duasını tamamlayırıq. İsa Öz şəfaət duasını genişləndirərək deyir: «Yalnız onlar üçün deyil, onların sözü vasitəsilə Mənə iman gətirənlər üçün də dua edirəm ki, hamısı bir olsun». Həqiqi xristian birliyi “laboratoriyada hazırlanmış məhsul” və ya çoxluğun səsverməsinin nəticəsi deyil. Onu süni şəkildə yaratmaq mümkün deyil. «Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi, qoy onlar da Bizdə bir olsunlar». Bu birlik yuxarıdan verilən bir hədiyyədir. Biz bir-birimizlə razılığa gəldiyimiz üçün deyil, hər birimiz Allahın içində olduğumuz üçün “bir bütövə” çevrilirik. Yalnız Allahda fərqlərimiz ayrılığa çevrilmir. İsa bizi bu birlik təcrübəsinə sadəcə prosesin özü naminə deyil, missiya naminə daxil etmək istəyir: «Qoy dünya Sənin Məni göndərdiyini bilsin». Möminlərin birliyi Müjdəni dünya üçün inandırıcı edən yeganə arqumentdir. Dünya sərhəd tanımayan sevgini gördükdə, həmin sevginin Mənbəyinə inanmağa başlayır. İsanın arzusu həm sadə, həm də əzəmətlidir: O istəyir ki, biz Onun olduğu yerdə Onunla olaq. O bizi Öz sevincinin və izzətinin iştirakçıları etmək istəyir. Bu, sadəcə ölümdən sonrakı “mükafat” deyil; artıq burada və indi daxil olmağa başladığımız bir gerçəklikdir. Pentikosta sayılı günlər qalır. Müqəddəs Ruh “səma arzusunu” yer üzündə sevgi praktikasına çevirən məhz həmin qüvvədir. Biz bu günü gözlərimizi bizi gözləyən Rəbbə - səmaya - yönəldərək yaşayır, eyni zamanda Onun birliyini yer üzündə qururuq.

20 may 2026, 23:20