Axtar

2023.09.15 Gesù Cristo, Vangelo della XXIV domenica anno A

Liturgiya oxunuşları: 22 MAY. Pasxanın VII həftəsinin cüməsi

“İsa Peterdən məhəbbət haqqında soruşur və öz xəyanətinin acısını yaşamış həvari təvazökarlıqla cavab verir: “Ya Rəbb, mən Səni öz kasıb insani məhəbbətimlə sevirəm”. Təəccüblüdür ki, İsa Peterə uyğunlaşır və onun həmin anda göstərə bildiyi məhəbbət ölçüsünü qəbul edir. Allahın insana doğru atdığı bu addım bizə də ümid verir. Rəbb bizim zəifliyimizi bilir və kamil olmayan hədiyyəmizi qəbul edərək, həmin hədiyyəni Onun ardınca sona qədər getməyə imkan verən bir gücə çevirir” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Həv 25,13-21

Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi. Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib. Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi. Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara† təslim etmək Romalıların adətinə xas deyil. Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim.  Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər. Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir. Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox. Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim».

 Təfsir

Sinedrion qarşısındakı mühakimədən sonra Paul Kesariyaya aparılır. Roma vətəndaşı kimi o, öz hüququndan istifadə edərək imperator məhkəməsinə müraciət etmişdi. İndi isə prokurator Fest işin mahiyyətini çar Aqrippaya izah edir və onun sözlərində məmur soyuqqanlılığı açıq hiss olunur. Fest Paulun həbsi barədə danışarkən bunu «onların ibadəti və ölmüş, lakin Paulun diri olduğunu iddia etdiyi hansısa İsa barədə mübahisələr» kimi təqdim edir. Böyük imperiyanın nümayəndəsi olan Fest üçün Allahın Oğlu sadəcə “hansısa İsa”, adi şəxslərdən biridir. Burada biz ruhani həqiqətlə, protokol və dünyəvi məntiq çərçivəsindən kənara çıxan hər şeyi mənasız anlaşılmazlıq kimi qəbul edən dünyanın toqquşmasını görürük. Paul Rəbb naminə məhbus vəziyyətini qəbul edir, lakin bu onu passiv etmir. O, müdrikliklə və hətta müəyyən “müqəddəs fərasətlə” hərəkət edir, həm teoloji, həm də hüquqi biliklərindən istifadə edir. Onun imperatora müraciəti sadəcə həyatını xilas etmək cəhdi deyil, düşünülmüş strateji addımdır. Məhz bu məhkəmə prosesi və Romaya göndərilməsi sayəsində Paul Müjdəni antik dünyanın mərkəzinə çatdırmaq imkanı əldə edir. Beləliklə, imperiyanın bürokratik sistemi özü də fərqinə varmadan Allahın Kəlamının yayılmasına xidmət edir. Rəbb hətta Roma qanunlarından belə istifadə edərək Öz şahidinin məqsədə çatmasını təmin edir. Paul isə əsas məsələdə sarsılmaz qalır: o, İsanın diri olduğunu bəyan edir. Fest üçün bu, sadəcə məhkəmə işinin qəribə detalıdır, xalqların həvarisi üçün isə həyatın təməlidir. Bu ziddiyyət bizə xatırladır ki, dünya üçün “əhəmiyyətsiz məsələ” kimi görünən şey mömin üçün həyat və ölüm məsələsidir.

İNCİL Yəhya 21,15-19

Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.

Təfsir

Bu İncild parçasında İsanın Peterə ünvanladığı üçqat sual səslənir. Bu, həvarinin üçqat inkarının bir növ əks-sədasıdır. «Yəhyanın oğlu Şimon! Məni bunlardan daha çox sevirmisən?». Bu üç sual vasitəsilə İsa Peterə vaxtilə sahildə torlarını qoyub Onun ardınca gedərkən yaşadığı ilkin ruh yüksəkliyini və etimadı yenidən qaytarır. Lakin bu bərpa yolu səmimiyyət tələb edir. Peter öz məğlubiyyətini qəbul etməli, məhdudluğunu dərk etməli və Rəbbsiz heç nə edə bilməyəcəyini anlamalıdır. İsanın onu “Peter” deyil, “Şimon” adlandırması həvarini öz insani köklərinə qaytarır. Həqiqətən “Peterə”,  yəni “Qayaya” çevrilmək üçün insanın daim dönüş və yalnız hər şeyə qadir olan Allaha etibar yolu keçməsi lazımdır. Bu dəyişimi sadəcə iradə gücü ilə həyata keçirmək mümkün deyil; o yalnız Allahın Ruhuyla birlikdə baş verir. Pentikosta iki gündən də az vaxt qalır. Müqəddəs Ruh olmadan biz çağırıldığımız insanlara çevrilə bilmərik. Allahın hər birimiz üçün bir planı var və biz Ruhun, bizim “Daxili Müəllimimizin”, pıçıltısını eşitməyi öyrənməliyik. Öz zəifliyimizdən qorxmağa ehtiyac yoxdur. Rəbb dünyəvi mənada “qəhrəmanlar” axtarmır; O, qəlbi məhəbbətlə dolu olanları axtarır: «Ya Rəbb! Sən hər şeyi bilirsən; Sən bilirsən ki, mən Səni sevirəm».

21 may 2026, 22:23