Axtar

2021.10.24 Vangelo di domenica

Liturgiya oxunuşları: 28 MAY. Adi Dövrün VIII həftəsinin cümə axşamı

“Bartimey bizə öyrədir ki, çıxış yolu görünməyəndə insan öz daxilindəki gücə üz tutmalıdır. Onun “İsa, mənə rəhm elə!” fəryadı ürəyin duasının əsasına çevrildi. Kor Bartimey başqalarından daha yaxşı görür, çünki İsada Rəbbi tanıyır. Allah hər bir fəryadı, hətta insanın özü tərəfindən tam dərk olunmayan naləni belə eşidir. Əgər siz nəyisə ürəkdən arzulayırsınızsa, Ona yalvarmağa davam edin və O sizə cavab verəcək” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ 1 Peter 2,2-5. 9-12

Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız. Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz. İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.

Təfsir

Həvari Peter bu gün də öz məktubunun vahid toxumasını hörməyə davam edir və bizi əvvəlki günlərdə üzərində düşündüyümüz bütün obrazları bütöv halda birləşdirməyə çağırır. Bizim xristian varlığımız insan səylərinin məhsulu deyil, Məsihin tökülmüş qiymətli Qanının bəhrəsidir. Ümidimiz məhz Onda kök salır və Onun vasitəsilə həyat tapır. Məsih ilə - həvarinin “insanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daş” adlandırdığı Məsihlə birləşərək biz özümüz də diri daşlara çevrilirik. Rəbb məhz bizdən möhkəm material kimi istifadə edərək “ruhani evi, müqəddəs kahinliyi” qurur. İsada biz artıq sığınacaq axtaran tənha yolçular deyilik. Biz canlı bir icma, Allahın müqəddəs məbədi oluruq və hər bir insan həmin “diri daş” olaraq burada özünəməxsus yerini tapır. Bu keyfiyyətdə biz Allahın bəyəndiyi ruhani qurbanlar təqdim etməyə çağırılmışıq. Bizim xidmətimiz ağır bir yük deyil, Allahın hüzurunun yaşadığı ümumi məkanı birlikdə qurmaqdır. Bu tikintinin dayanıb qalmaması üçün isə doğru qida mənbəyi lazımdır. Rəbb həvarinin sözləri ilə bizi çağırır: “Yeni doğulmuş körpələr kimi saf ruhani südü sevin.” İman məsələsində bu körpə səmimiyyətini və həssaslığını, Allahın hüzuruna duyulan aclığı itirməmək vacibdir. Yalnız Allahın Kəlamından qüvvə alaraq biz xilas yolunda böyüyə və ruhani evin qurulmasında həqiqi şəkildə iştirak edə bilərik.

İNCİL Mark 10,46-52

Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı. Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır». O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni,‡ gözlərim açılsın». İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.

Təfsir

Dünən Xilaskar şagirdlərinə həyatlarını hansı böyüklük meyarı ilə ölçməli olduqlarını izah edirdi. Bu gün isə biz İsanı Yerixondan Yerusəlimə aparan yolda görürük. Yol kənarında Bartimey adlı kor bir dilənçi oturmuşdu. O, Nazaretli İsanın yaxınlaşdığını eşidən kimi var gücü ilə fəryad etməyə başlayır, Ondan xilas diləyirdi. Ətrafdakılar onu susdurmağa çalışsalar da, bu kasıb insan daha da ucadan qışqırırdı. Onun heyrətamiz israrı İsanı dayanmağa vadar edir. Müəllimin onu çağırdığını eşidən kimi kor dilənçi dərhal Ona tərəf atılır. Məhz burada Müjdəçi Mark insan qəlbinin mahiyyətini açan çox təsirli paralel göstərir. İsa Bartimeyə belə sual verir: “Mənim sənin üçün nə etməyimi istəyirsən?” Cəmi bir fəsil əvvəl İsa Öz ən yaxın şagirdləri olan Yaqub və Yəhyaya da eyni sualı vermişdi: “Mənim sizin üçün nə etməyimi istəyirsiniz?” Bu iki cavab arasındakı fərqə baxaq. Görən, seçilmiş və Müəllimin yanında olan həvarilər belə cavab verdilər: “bizə nəsib et ki, Sənin İzzətində sağında və solunda oturaq.” Onlar nüfuz və hakimiyyət istəyirdilər. Kasıb kor Bartimey isə eyni suala sadəcə belə cavab verir: “Rabbuni! Qoy gözlərim açılsın.” Hər şeydən məhrum olan bu dilənçi həqiqi və dərin şagirdliyin nümunəsini göstərir; elə bir şagirdlik ki, o, on iki həvarinin anlayışını belə geridə qoyur. Fiziki olaraq kor olsa da, Bartimey paradoksal şəkildə bu yolda ən çox görən insana çevrilir. O, İsada Məsihi tanıyır və açıq şəkildə Onu “Davud Oğlu” adlandırır. Bartimey Məsihlə qarşılaşmaq naminə bütün gücü ilə qışqırmağa hazırdır. Onu nə bunun yersiz görünməsi, nə insanların narazılığı, nə də kütlənin qınağı maraqlandırır. Müəllimin çağırışını eşidən kimi o, dilənçinin yeganə malı və yağışdan, soyuqdan və qızmar günəşdən müdafiəsi olan əynindəki üst paltarını yerə ataraq irəli qaçır. O, Hər Şeyi tapmaq üçün hər şeyini geridə qoyur. O, nə pul istəyir, nə şərəf, nə də gələcək Padşahlığın “idarəsində” yer. O, görmək istəyir. O etiraf edir ki, İsa bütün həyatı boyu gözlədiyi həmin İşıqdır. Bartimey öz yeganə xilasını İsada görür. Bu hekayə bizi öz ruhani həyatımızın aynası qarşısında tək qoyur. Mən Rəbdən nə istəyirəm? Dualarımızda yer üzünün rahatlığını, üstünlükləri və öz haqlılığımızın təsdiqini axtarırıq, yoxsa ən vacib olanı diləyirik? Qoy Bartimeyin bu fəryadı bizim də hər günkü şəxsi duamız olsun: “Ya Rəbb, mənə görməyi nəsib et!”

28 may 2026, 07:14