Liturgiya oxunuşları: 30 İYUN. Adi Dövrün XIII həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Amos 3,1-8;4,11-12
Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir: «Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam. Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm». İki nəfər razılaşıb görüşməsə, birgə yol gedərmi? Şikarı olmayan şir meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan yuvasında nərildəyərmi? Yerdə tələ qurub yem qoyulmazsa, oraya quş düşərmi? Bir şey tutmayan tələ yerindən atılarmı? Şəhərdə şeypur çalınarsa, xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, hansısa bir şəhərə bəla gələrmi? Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir. Şir nərə çəkəndə kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə kim peyğəmbərlik etməz? «Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz», Rəbb belə bəyan edir. «Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!»
Təfsir
Amos peyğəmbər vasitəsilə səslənən Rəbbin sözü bizi başlanğıca – Allahın İsraili Öz xalqı seçdiyi və ona mərhəmətini göstərdiyi günlərə qaytarır: «Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir...» Lakin Allahın bu xüsusi məhəbbətini və azadlığını yaşamalarına baxmayaraq, xalq yenə də Ona üz tutmur: «Siz yenə Mənə tərəf dönmədiniz!» Bu söz ox kimi insanın qəlbinə sancılır. Peyğəmbər onun təsirini daha da gücləndirmək üçün belə deyir: «Şikarı olmayan şir meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan yuvasında nərildəyərmi?» Şirin nərəsi necə qorxu doğurursa, Rəbbin sözü də peyğəmbərin qəlbini elə bürüyür ki, o artıq susa bilmir. Buna görə də Amos Allahın adından belə xəbərdarlıq edir: «Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun» Bu növbəti çağırışı eşidərək gəlin bugünkü Məzmurun sözləri ilə dua edək: «Ya Rəbb, məni Öz salehlik yolunla apar».
İNCİL Matta 8, 23-27
İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
Təfsir
Göldə üzərkən qəflətən güclü fırtına qalxdı və dalğalar qayığı örtməyə başladı. Ətrafda tam bir qarışıqlıq hökm sürürdü. Amma İsa yatırdı. Təbiətin bu amansız gücü qarşısında İsa tam arxayın görünür, şagirdlər isə təşvişə düşürlər. Onlar İsanı oyadaraq yalvarırlar: «Ya Rəbb, bizi xilas et! Həlak oluruq!» Bu hadisə çox vaxt bizim öz həyatımızı xatırladır. Həyatımız sakit və rahat keçdiyi müddətdə, ciddi sınaqlarla üzləşmədiyimiz zaman İsanı «narahat etmirik». Elə bil Onun qayığımızda sakitcə yatmasına razıyıq və hər şeyi Onsuz həll edə biləcəyimizi düşünürük. Lakin həyat bizi çətinliklər və böhranlarla üz-üzə qoyan kimi təşvişə düşür, dərhal Rəbbə üz tutaraq Ondan kömək istəyirik. Elə buna görə də İsanın şagirdlərinə dediyi sözlər bu gün bizə də ünvanlanır: «Ey imanı az olanlar, niyə qorxursunuz?» Şagirdlər kimi biz də hələ tam dərk etməmişik ki, həyatımızın qayığında İsanın sakit və səssiz varlığı belə bizim üçün ən böyük təhlükəsizlik təminatıdır. Hər şey həyatımızı hansı təməl üzərində qurmağımızdan asılıdır: ötəri və dəyişkən şeylərin qumu üzərində, yoxsa əsl Qaya olan Məsihin üzərində.