Liturgiya oxunuşları: 5 İYUL. Adi Dövrün XIV Rəbb günü
BİRİNCİ OXUNUŞ Zək 9,9-10
Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax, padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir. Döyüş arabalarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
Təfsir
Mülayim və təvazökar Məsihin gəlişini müjdələyən peyğəmbərliklərə təkcə Yeşayanın «Rəbbin Qulu nəğmələri»ndə deyil, digər peyğəmbərlərin kitablarında və Məzmurlarda da rast gəlirik. O dövrün yəhudi dini düşüncəsində Məsih ilk növbədə qüdrətli hökmdar və qalib sərkərdə kimi təsəvvür edilirdi. Bunun əsas səbəbi isə əbədi həyat, yaxud ölümdən sonrakı Allahın Padşahlığı haqqında anlayışın hələ tam formalaşmaması idi. Ümumi təsəvvürə görə, İsrail tarix səhnəsində bütün xalqlar üzərində hökm sürməli, onlar üçün yol göstərən xalq olmalı idi. Təbii ki, bunun üçün Allahın möhtəşəm müdaxiləsi zəruri sayılırdı. Axı Babil, Fars, daha sonra isə Roma imperiyalarının qüdrətini yalnız bir təlim və ya fikir gücü ilə məğlub etməyi təsəvvür etmək belə mümkün deyildi. Lakin bəzi peyğəmbərlik mətnlərində bu gözlənilən Hökmdar tamam başqa cür təqdim olunur: O, yenə də Padşahdır, yenə də Sərkərdədir, amma eyni zamanda mülayim və təvazökardır. Axı padşah necə ola bilər ki, məğrur döyüş atının deyil, təvazökarlığın və sadəliyin rəmzi olan eşşəyin belində hökmranlıq etsin? Bu sualın cavabını İsa Özü bizə Yerusəlimə daxil olması ilə verəcək.
İKİNCİ OXUNUŞ Rom 8,9.11-13
Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək. Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.
Təfsir
Xristian həyatı müəyyən ideyaların doğru olduğuna inanmaqdan deyil, Məsihin həyatına kök salmaqdan ibarətdir. Bu, tamamilə yeni bir baxış idi. Çünki o vaxta qədər İsraildə dini həyat hər şeydən əvvəl xalqın mədəniyyətini və kimliyini müəyyənləşdirən amil sayılırdı: insanlar müəyyən dini ayinləri yerinə yetirir, Qanunun hökümlərinə riayət edir və bununla da özlərini seçilmiş xalqa mənsub hesab edirdilər. Bir dil, bir ənənə, bir pul vahidi, vahid ibadət – bütün bunlar xalqı və onun milli kimliyini formalaşdırırdı. Müqəddəs həvari Paul isə bu təsəvvürü kökündən dəyişir. O bildirir ki, xristian kimliyi insanın hansı xalqa mənsub olmasından deyil, dirilmiş Məsihin həyatı ilə yaşamasından qaynaqlanır. Beləliklə, insan Müqəddəs Ruhun həyatına daxil olur. Biz bu həyatı Vəftiz, Yevxaristiya və digər müqəddəs ayinlər vasitəsilə qəbul etdikdə artıq özümüz üçün yaşamır, Məsihin Bədəninə calanaraq Onun həyatı ilə yaşamağa başlayırıq. Bəs bu yeni həyat nədir? Məhəbbətdir. Sadəcə bir hiss kimi yaşanan məhəbbət deyil, öz mahiyyətində olan məhəbbətdir: başqası naminə və Başqasının qüvvəsi ilə yaşamaq, eyni zamanda Atanın məhəbbətinin bütün dolğunluğunu qəbul etmək. Bütün bunlar insanın idrakını heyrətə gətirir, amma eyni zamanda sözlə ifadə olunmayacaq qədər gözəldir.
İNCİL Matta 11,25-30
O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».
Təfsir
İsa əvvəlcə bizə Əqdəs Üçlük haqqında dərin bir həqiqəti açıqlayır, dərhal ardından isə yorulmuş və yükləri altında əzilmiş insanları Öz yanına çağırır. Bu iki həqiqət bir-birindən ayrılmazdır. Ataya məxsus olan hər şey Oğula verilmişdir və Oğulda kamil şəkildə təzahür edir. Beləliklə, Ata bütün dolğunluğu ilə Oğulda iştirak edir. Lakin bu ilahi münasibət yalnız Ata ilə Oğul arasında qapanıb qalmır. Sözlə ifadə olunmayan sirr olaraq bu məhəbbət birliyi insanlarla da bölüşülür və hər kəs onu qəbul etməyə nə qədər açıqdırsa, o qədər də ona bəxş edilir. Hamı üçünmü? Potensial olaraq – bəli. Lakin gerçəklikdə yalnız onu qəbul etmək istəyənlər üçün. Dünyanın haqsızlıqlarından əzilən, «bu dünyanın hökmdarı»nın durmadan təklif etdiyi boşluqdan yorulan insanlar İsanın dəvətini eşidirlər: «Mənim yanıma gəlin». O, bu gün də eyni sözlərlə bizə müraciət edir. Vicdanımız günahlarla yüklənmiş olsa da, özümüzü aciz və yazıq hiss etsək də, bu, Onun yanına gəlməyimizə maneə deyil. Əksinə, məhz bu yaralar bizi Ona yaxınlaşdırır. Çünki bizi əhatə edən nifrətdən, mənasızlıqdan və ümidsizlikdən xilas etməyə qadir olan yalnız Odur. O zaman biz əbədi həyat sözlərini söyləyən Tək Olana üz tuturuq. Və həqiqətən də ruhlarımız rahatlıq tapır. Bu rahatlıq isə bugünkü İncildə İsanın «körpələr» adlandırdığı insanlara dərhal bəxş etdiyi qəlb sülhüdür.