Axtar

2023.11.13 Risurrezione della figlia di Giairo

Liturgiya oxunuşları: 6 İYUL. Adi Dövrün XIV həftəsinin bazar ertəsi

“İsanın ətrafına böyük bir izdiham toplaşmışdı. Çoxları Ona toxunurdu, amma onlarla heç nə baş vermirdi. Lakin bu qadın İsaya toxunduğu anda şəfa tapdı. Fərq nədə idi? Müqəddəs Avqustin bu hadisəni şərh edərkən İsanın dilindən belə deyir: “Məni izdiham əhatə edir, amma Mənə toxunan imandır” (Vəz 243, 2, 2). Biz hər dəfə imanla İsaya üz tutduqda və Ona imanla toxunduqda, Onunla canlı təmas yaranır və lütfü dərhal üzərimizə tökülür” (XIV Leo).

BİRİNCİ OXUNUŞ  Huşə 2,14.15b-16.19-20

«Amma Mən onu dilə tutub səhraya aparacağam, onun ürəyincə olan sözlər deyəcəyəm. Cavanlıq günlərində olduğu kimi, Misir torpağından çıxdığı gün kimi orada nəğmə oxuyacaq». Rəbb bəyan edir: «Həmin gün Mənə “ərim” deyəcəksən, artıq “ağam” deməyəcəksən. Səni əbədi olaraq Özümə nişanlayacağam. Salehlik, ədalət, məhəbbət və mərhəmətlə səni Özümə nişanlayacağam. Səni sədaqətlə Özümə nişanlayacağam, sən də Rəbbi tanıyacaqsan».

Təfsir

Allah Öz xalqı İsraillə bağladığı Əhddən bəhs edərkən Özünü bəy, xalqını isə gəlinlə müqayisə edir. Nikah həyatın tam paylaşılması deməkdir: həyat birlikdə qurulur, planlar birlikdə hazırlanır və həyata keçirilir, sevinc də, kədər də birlikdə yaşanır. Lakin ər-arvad münasibətlərində ən ağır cəza, ən dərin yara qarşılıqlı laqeydlikdir. Əgər bu həqiqət İsrail xalqına aiddirsə, Rəbb İsanın gəlişindən sonra o, hər birimiz üçün daha da dərin məna kəsb edir. Məsih çarmıxda ölərək günah borcumuzu aradan qaldırdı, dirilərək isə Müqəddəs Ruh ənamını təkcə xalqına deyil, hər bir insana bəxş etməyi mümkün etdi. Bəs ruhlarımız bu ilahi nikaha doğru yönəlibmi? Biz təkcə bunu arzulaya bilmərik, buna can atmağa borcluyuq. Çünki sevən insan qarşısındakının sadəcə dostu olmasını istəmir; onu bütün varlığı ilə özününkü görmək istəyir. Peyğəmbər Huşə bu mistik nişanın baş verdiyi məkanı da göstərir: səhranı. Orada insanı yayındıracaq heç nə, Allahla məhəbbət münasibətinə iddia edəcək heç bir rəqib yoxdur. Burada səhra mənfi deyil, müsbət məna daşıyır: o, dünyanın boş hay-küyündən və şeytanın hakimiyyətindən imtina məkanıdır. Bu səhra hər birimizin daxilindədir və biz istədiyimiz zaman ora enə bilərik.

İNCİL Matta 9,18-26

Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. Bu xəbər o torpağın hər tərəfinə yayıldı.

Təfsir

Bugünkü İncildə təsvir olunan iki möcüzədə «əl» sözü üç dəfə təkrarlanır. Qızın atası İsaya yalvarır: «Əlini onun üzərinə qoy». Sonra xəstə qadın şəfa tapmaq ümidi ilə əlini uzadaraq Məsihin libasına toxunur. Nəhayət, İsa qızı dirildərkən onun əlindən tutur. Doğrudanmı, lütfü qəbul etmək üçün əllər bu qədər önəmlidir? Öz-özlüyündə yox. Həlledici olan imandır. Lakin əl imanın görünən ifadəsinə çevrilir. Əllərimizlə zərbə vura da bilərik – bu, nifrətin əlamətidir; xəstəni yedirdə də bilərik – bu isə mərhəmətin təzahürüdür. Əllərimizi dua üçün birləşdirə də bilərik, onları günahın alətinə də çevirə bilərik. İndi isə nəzərlərimizi Məsihin əllərinə yönəldək. Onlar mıxlarla deşilmişdir və bu yaralar Onun bizi necə böyük bir qiymət bahasına satın aldığının əbədi nişanəsidir. Əzəli Ata bizə baxarkən Öz baxışını Oğlunun yaralı əllərinin arasından bizə yönəldir; O, bizi məhz belə görür. Bu gün də İsanın o müqəddəs və ehtiram doğuran əlləri bizə tərəf uzanır: onlar bizə xeyir-dua verir, şəfa bəxş edir, bizi əlimizdən tutub ayağa qaldırır. Lakin bunun üçün bizim tərəfdən də iman tələb olunur – qızın atasının və qanaxmadan əziyyət çəkən qadının imanına bənzər bir iman. Gəlin Məsihin müqəddəs əllərinin daim üzərimizdə olmasını diləyək ki, O bizi xeyir-duası ilə qorusun və xilas etsin. Sonra isə öz əllərimizi yaxınlarımıza uzadaq ki, Allahdan gələn məhəbbəti onlarla bölüşə bilək.

06 iyul 2026, 12:36