Liturgiya oxunuşları: 7 İYUL. Adi Dövrün XIV həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Huşə 8,4-7.11-13
Məndən soruşmadan özlərinə padşah qoydular. Məndən xəbər almadan başçılar seçdilər. Özlərinə qızıl və gümüşlərindən ölümlərinə yol açan bütlər düzəltdilər. Ey Samariya, dana bütün rədd edildi! Mənim qəzəbim onlara qarşı alovlandı. Nə vaxta qədər onlar pak olmayacaq? Çünki bu büt İsrailin işidir, usta onu düzəldib, ona görə də Allah deyil. Samariyadakı dana bütü xıncım-xıncım olacaq. Onlar külək qaldırdı, qasırğa alacaqlar. Sünbül bitirməyən buğda un verməz, versə də, yadlar onu udacaq. Efrayim günah təqdimi üçün çoxlu qurbangah tiksə də, bunlar onu günaha batıran qurbangahlar oldu. Mən onlar üçün çoxlu qanun yazdım, onlarsa bunları yad bir şey hesab etdi. Mənə kəsilən qurbanlara gəlincə, əti Mənə qurban gətirib özləri yeyir. Rəbb onlardan razı deyil. İndi onların qəbahətlərini yada salacaq, günahlarına görə onları cəzalandıracaq. Onlar Misirə qayıdacaq.
Təfsir
Allahın gileyi iki məsələyə yönəlmişdir: İsraildə hökm sürən hakimiyyət özbaşınalığına, çünki Samariyada padşahlar, sanki heç bir ilahi çağırış və qanuni əsas olmadan bir-birinin ardınca hakimiyyətə gəlirdilər; və qəlbdən, məhəbbətdən məhrum, yalnız zahiri ayinlərlə məhdudlaşan ibadətə. Bütpərəstlik mövzusu sonrakı peyğəmbərlərin kitablarında da təkrar səslənəcək və Əhdi-Ətiqin ən səciyyəvi mövzularından birinə çevriləcək. Oxunuşun sonunda isə son dərəcə sarsıdıcı bir xəbərdarlıq eşidirik: «Onlar Misirə qayıdacaq». Allah Öz xalqını möcüzəvi şəkildə Qırmızı dənizdən keçirərək köləlik yurdundan çıxarmışdı. Lakin Əhdə davamlı xəyanət edən xalq üçün yenidən köləliyə qayıtmaqdan başqa yol qalmır. Tarixdə bu xəbərdarlıq sözün həqiqi mənasında gerçəkləşməsə də, onun ruhani mənası dəyişməz olaraq qalır: əgər insan Allah övladlarının azadlığında yaşamırsa, yenidən köləliyə düşür. Səhra ataları deyirdilər: «Ruhani həyatda yerində dayanmaq mümkün deyil; əgər irəliləmirsənsə, deməli geriyə gedirsən». Bizim üçün Misir artıq coğrafi məkan deyil. O, insanın başqa insanlara deyil, şeytana kölə olduğu həyatın rəmzidir. Bu gün də qarşımızda eyni seçim dayanır: Allahı sevib Onun Padşahlığında yaşamaq, yoxsa başqa bütlərə səcdə edərək yenidən Qırmızı dənizin o tayına – köləliyə qayıtmaq.
İNCİL Matta 9,32-38
Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».
Təfsir
Xalq kütlələri taqətdən düşmüş, yolunu itirmişdi. Xəstələr şəfa tapmaq ümidi ilə İsanın yanına axışırdılar. Halbuki təsəlli verməli və insanları Allaha yaxınlaşdırmalı olan fariseylər yeganə Şəfa Verən və Təsəlli Bəxş Edən İsanın fəaliyyətinə mane olmağa çalışırdılar. Cinə tutulmuş adam azad olunanda xalq sevinir, çünki anlayır ki, İsa adlanan bu qeyri-adi İnsan böyük və xeyirxah bir qüvvənin təsiri ilə hərəkət edir. Lakin dini həyatın rəhbərləri dərhal Onu ittiham edirlər. Onların fikrincə, İsa cinləri Səmavi Atanın qüdrəti ilə deyil, cinlərin başçısının gücü ilə qovurdu. Xalq isə artıq «taqətdən düşmüş və pərən-pərən olmuş» vəziyyətdə idi; fariseylərin bu münasibətinə dözməyə belə gücü qalmamışdı. Əlbəttə, bu o demək deyil ki, bizim rəhbərlərə və müəllimlərə ehtiyacımız yoxdur. Əksinə, onlar Allahın xidmətçiləri olmalı, xilası ilk qəbul edənlər və Onun iradəsinə ilk itaət göstərənlər olmalıdırlar. Heç vaxt başqalarının iman yolunda büdrəmə daşı olmamalıdırlar. Məhz buna görə də Məsihin bugünkü duası bu gün də öz aktuallığını qoruyur: məhsulun çox, işçilərin isə az olduğunu görərək biz Rəbbə yalvarmalıyıq ki, Öz məhsuluna daha çox işçi göndərsin. Lakin eyni zamanda dua etməliyik ki, onlar birlik və həmrəylik içində xidmət etsinlər. Çünki onların hamısı eyni Padşahın və eyni Rəbbin, yeganə Allahın elçiləridir. Yalnız bu halda Müqəddəs Ruh Kilsədə sərbəst fəaliyyət göstərə, möcüzələr və əlamətlər göstərə bilər.